Əziz I kurs tələbəsi!

14/09/2012

Səni tələbə adını qazanmağın münasibətilə təbrik edirəm! Sənin üçün ikiqat şərəfdir ki, xalqımızın mənəvi böyüklüyünün simvolu, elm, təhsil və mədəniyyətimizin möhtəşəm məbədi olan Bakı Dövlət Universitetinin tələbəsi olmusan! Vaxtı ilə bu universitetin tələbəsi və məzunu olmuş ümummilli lider Heydər Əliyevin «Azərbaycan xalqının milli sərvəti» adlandırdığı  BDU ölkəmizin ilk univeristeti kimi milli universitet missiyasını Azərbaycanda  şərəflə yerinə yetirir. Bakı Dövlət Universiteti Azərbaycan Milli Elmlər Akademiyasının və bir neçə ali təhsil müəssisəsinin (Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və s.) yaradılmasında mühüm xidmətlər göstərmişdir. Bununla yanaşı, Bakı Dövlət Universitetində Azərbaycanda elmi məktəblərin formalaşmasında, fundamental elm sahələrinin əsaslı inkişafında əvəzsiz rolu olan onlarla dəyərli alim yetişmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün ölkəmiz kimi Bakı Dövlət Universiteti də sürətlə inkişaf edir. Respublika alimlərinin xeyli hissəsinin cəmləşdiyi Bakı Dövlət Universitetinin 17 fakültəsində 300-dək elmlər doktoru, professor, o cümlədən 22 nəfər AMEA-nın həqiqi və müxbir üzvü, 900-ə yaxın elmlər namizədi, dosent 20 minə yaxın tələbənin təlim-tərbiyəsi ilə məşğul olur. Bunlardan, təqribən, 150 nəfəri dövlətin ali mükafatlarına layiq görülmüş, 30 nəfərə qədəri Əməkdar elm xadimi, 4 nəfəri Dövlət mükafatı laureatı, 20 nəfərə yaxını Prezident təqaüdçüsü, 13 nəfəri Milli Məclisin deputatıdır.

Respublikanın ictimai həyatında olduqca mühüm rol oynayan 150 minə yaxın məzunu olmuş Bakı Dövlət Universitetinin tələbələri sırasına qatılmağında rolu olan bütün insanları, ilk növbədə valideynlərini, müəllimlərini bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Əminəm ki, sən onların etimadını doğruldacaq, elmin çətin yollarını inamla irəliləyəcək, regionun ən qədim və ən böyük universitetinin tələbəsi olmaq məsuliyyətini düzgün dərk edərək xalqımızın ləyaqətli övladlarından birinə çevrilməyi bacaracaqsan.

Bu çətin və şərəfli yolda sənə uğurlar arzulayıram!

Rektor                                            akademik Abel Məhərrəmov

14.09.2012

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025