Zəngilan rayonu tarixi abidələr yurdudur - Məmmədbəyli türbəsi
Azərbaycanda erkən sivilizasiya ilə həmyaşıd olan maddi mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz sərvətidir. Bu abidələr, eyni zamanda, xalqımızın mənəviyyat tarixinin “arxivi”, qızıl səhifələridir. Tarixi abidələrimizin qorunması, gələcək nəsillərə çatdırılması, tədqiqi, mühafizəsi, bərpası və beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkə daxilində və xaricində bu sahədə böyük işlər həyata keçirirlər. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə inteqrasiyasını təmin edir.
Lakin 30 ildir Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə abidələr və tarixi yerlər qəddarcasına dağıdılıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri qalıb. Həmçinin bu ərazilərdə 40 mindən çox əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri düşmən tapdağı altındadır.
Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindədəndir. Rayon ərazisindən axan Şərəkə çayının hövzəsində özünün tarixi ornamenti ilə seçilən onlarca türbə var. Bunlardan biri də oktyabrın 20-də ordumuz tərəfindən düşmən işğalından azad edilən Məmmədbəyli kəndindəki səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsidir. 1304-1305-ci illərdə inşa edilmiş türbə memarlıq-konstruktiv formasına görə digərlərindən seçilir. Türbə səkkizbucaqlı şəkildə inşa edilib və yuxarısı piramidalı günbəzlə tamamlanır. Divarları isə yonulmuş daşla çox səliqəli formada üzlənib. Bu müqəddəs ocaq kəndin ən hündür yerində, yaşıllıqlar arasında yerləşir. Məmmədbəyli türbəsi haqqında ilkin məlumatı XX əsrin 40-cı illərində rus tarixçisi İvan Şeblıkin (1884-1947) verib. Abidə memarlıq quruluşu cəhətdən Füzuli rayonunda inşa edilən digər türbələrdən fərqlənir. Türbə dövrümüzədək salamat gəlib çatıb. Lakin 1993-cü ildə Zəngilan rayonu, o cümlədən Məmmədbəyli kəndi ermənilər tərəfindən işğal edildiyindən, türbənin hazırkı vəziyyəti haqqında məlumatımız yoxdur. Türbə yonulmuş ağ daşdan tikilib, lakin pərvazı tünd rəngli daşlardan hörülüb. Məmmədbəyli türbəsi Azərbaycanın bürcvarı türbələrinə bənzəyir. Abidənin karnizi qara rəngli daşdan işlənib, tikintisində isə çay daşlarından istifadə edilib. Türbənin divarı yükdaşıyıcı kütləyə və üzlüyə bölünür. Üzlük, eyni zamanda, divarın əsas hissəsini təşkil edir. Türbənin günbəzi iki qatdan ibarətdir. Daxili günbəz sferik, xarici günbəz isə piramidal formadadır. Deyilənə görə, bu abidədən Həkəri çayının digər sahilində Şərifan kəndinə yeraltı tunel var imiş. 1975-ci ildə ilk dəfə yeraltı sahə təmizlənərkən türbənin sərdabası üzə çıxıb. Sərdabanın döşəməsi yaxşı cilalanmış daşlarla hörülüb. Orta əsrlərdə belə türbələr feodal əyanlarının və varlı şəxslərin qəbri üstündə ucaldılarmış. Türbənin maraqlı və orijinal kitabəsi də diqqəti cəlb edir. Adi sıradan çıxıb sətirdən yuxarıda qaldırılmış kəlmələr, pozulub getmiş, lakin izi qalmış müəmmalı sözlər çətinliklə oxunur. Kitabə qapı yerindən yuxarı qövsvarı çatılmış bütöv daş üzərində həkk olunub. Ölçüsü 1,45 x 0,90 metrdir. Nəsx xətti ilə yazılmış altı sətirlik ərəbdilli kitabə oyma üsulunda işlənilib. İlk dörd sətirdə müqəddəs Qurani-Kərimdən ayələr verilir. İki sətirdə türbənin Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) tikildiyi göstərilib. Müəlliflərin verdiyi məlumata görə, binanın memarı və bənnası Əli Məcdəddindir.
Anadoludan tutmuş Çinədək uzanan İpək Yolu üzərində, Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbü Səid dövründə tikilən karvansaray var. Həmin yolun üzərində Məmmədbəyli kəndindəki Yəhya ibn Məhəmməd türbəsi qapısı üzərində qoyulan kitabə ölçüsü, forması, həkk olunma texnikasına görə, qeyd olunan karvansaray kitabəsi ilə oxşarlıq təşkil edir. Qeyd olunan kitabədə də memar Əli Məcdəddinin adı yazılıb. Türbənin səkkizguşəli korpusu piramidavarı örtüklə tamamlanıb. Dördbucaqlı qapı yeri yer səthindən xeyli hündürə qaldırılıb və üzərində nəbati elementlərlə iki cərgə prizmatik stalaktitlərlə haşiyələnib. Haşiyə yuxarı hissədən düzbucaqlı çiyinlərlə tamamlanır. Türbənin tərəflərinin sahəsi də yuxarı hissədən düzbucaqlı çiyinlərlə tamamlanan taxça formasında işlənib. Stalaktit haşiyədən içəri, qapının üzərində, yuxarı hissədə qövsvarı çatılmış bütöv bir sal daş yerləşdirilib. Daşın yuxarı hissəsi 21 santimetr enində kitabə motivi ilə haşiyələnib. Haşiyənin içərisində daşın sahəsi 2 santimetrədək qazılmış yuxarı hissədən üçrəngli tax formasında salınıb. Bu hissədəki altı sətirlik ərəbcə kitabə süls elementli nəsx xəttilə oyma üsulunda yazılıb. Kitabə bəzi yerlərdə daş sınıb töküldüyü üçün xarab olub və çox çətinliklə oxunub bərpa edilib. Kitabəni ərəbcə yazılmış yuxarı dörd sətrində Quran ayələri verilib.
Qeyd edək ki, Əli Məcdəddinin adı indiyədək memarlıq tarixində məlum deyil. Türbədə dəfn olunan Yəhya ibn Məhəmmədin kitabədə “zəif qul”, “miskin” kimi ləqəblərlə qeyd olunmasına baxmayaraq feodal təbəqəsinə məxsus şəxs olub. Yəhyanın atası Məhəmmədin kitabədə qeyd olunmuş “əl-Hac” ləqəbi tədqiqatçıları çox maraqlandırır. Bu ləqəb orta əsrlərdə dövlət xadimlərinə verilirdi. “Əl-Hac” ləqəbinin Azərbaycan dövlət xadimlərinə verilməsini bir sıra orta əsr ərəbdilli kitabələr də təsdiq edir.
https://azertag.az/xeber/Zengilan_rayonu
İbrahim Zeynalov
BDU-nun Tarix fakültəsinin professoru