Zəngilanda “Şəhri Şərifan” abidəsi

29/10/2020

Azərbaycanın Zəngilan bölgəsində XX əsrin ortalarından başlayaraq aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan abidələr, küp qəbirlər, məişət əşyaları, qədim sikkələr və s. bu ərazinin qədimliyini göstərir. XIV əsrdə yaşamış tanınmış tarixçi və coğrafiyaşünas Həmdulla Qəzvininin məlumatlarında Pircavan kimi nəzərdə tutulan şəhər hicri tarixi ilə 15-ci ildə (yəni 636-cı ildə) əsası qoyulmuş Zəngilan şəhəridir. Zəngilan isə Pircavan şəhərinin və ətraf kəndlərin yerləşdiyi tarixi mahalın adı idi. Rayona 1930-cu ildə Zəngilan adı verilib.
XX əsrin 70-ci illərində rayonun ərazisində arxeoloji qazıntı işləri genişləndirilib. Orada “Şəhri Şərifan” və ya “Şəhri Xəlifan” adı ilə tanınan orta əsrlər şəhərinin xarabalığı aşkar olunub. Şəhər qalığının ərazisi 9 hektara yaxındır. Əlverişli coğrafi və strateji mövqedə yerləşmiş şəhər qərb tərəfdən dağ silsiləsi, şərqdən Həkəri çayının sıldırım sahili ilə əhatə olunub və cənubi Qafqazdan keçən baş ticarət yolunun üzərində yerləşir. Arxeoloji qazıntılar burada ilk mədəni təbəqənin olduğunu və IX əsrdən insan yaşadığını söyləməyə əsas verir. Şəhər XIV-XVII əsrlərə kimi mövcud olub. Qazıntılar və tapılmış arxeoloji materiallar şəhərdə dulusçuluq və metalişləmə sənətinin inkişaf etdiyini göstərir. Şəhərin iqtisadiyyatında əkinçilik xüsusi yer tuturdu.
Abidənin böyük bir hissəsini Həkəri çayının selləri yuyub aparıb. Abidənin ancaq sərdaba hissəsi bizə gəlib çatıb. Tədqiqatçıların verdiyi məlumata görə, Azərbaycan orta əsrlər memarlığında ən qiymətli abidə olan bu kompleks XII-XIII əsrə aid edilir. Onun yeraltı hissəsi plana görə çıxıntılara malik kvadrat şəklindədir və ölçüləri 5,4 x 5,4 metrdir. Sərdabanın 3 qolu çatmatağla, dördüncü tərəfi isə müstəvi tavanla örtülüb. Giriş yolu, mehrabı və divarları nisbətən yaxşı vəziyyətdədir. Maraqlıdır ki, giriş və mehrab olan tağ naxışlanıb, digər tağlarda belə naxış yoxdur, abidə içəridən və çöldən dördkünc formalıdır. Üstünün uçuğundan məlum olur ki, künclərdə boşluqları doldurmaq üçün saxsı qablardan istifadə olunub. Bu da içəridə dua oxunan zaman səsin ahəngdar və təsirli olmasına imkan yaradırdı. Abidənin cənub divarında dördbucaqlı formada taxçaya oxşar, çox da dərin olmayan mehrab var. Onun yan tərəfləri nazik sütunlarla bəzədilib. Abidənin tağı arxivoltu prizmatik çıxıntılı formadadır. Onun üstü üçbucaq şəkilli xonçalarla bəzədilib. Divarlar yaxşı cilalanmış daş piltələrdən hörülüb. Onun şərq qolu çatmatağla örtülüb. Həmin qolun qurtaracağında üstü kəsilmiş tağşəkilli qapı yeri var. O, müstəvi tağ-tavanla örtülü dəhlizə açılır. Tikintinin mərkəzi hissəsi günbəzlə örtülüb. Divarlar və tağlar yaxşı cilalanmış daş piltələrdən hörülüb. Abidənin yerüstü qalıqları onun bürcvarı türbələrə oxşarlığını sübut edir.
Burada aparılan tədqiqatlar zamanı şəhər ətrafında iki qəbiristanlığın olduğu müəyyən edilib. Onlardan biri şəhərin varlı əhalisinə məxsus sərdaba tipli qəbirlərdir. Onlar ağ daşla inşa edilib, əksər hallarda qapı üstü və ya mehrabvarı hissədə həndəsi və nəbati formada naxışlanıb. İkinci qəbiristanlıq isə şəhərin cənub-qərbində yerləşən, üstü dirəklərlə örtülən qəbirlərdən ibarətdir. Hər iki qəbiristanlıqda dəfn islam adəti üzrə aparılıb. Üç metr dərinlikdə aşkar edilmiş hamam kompleksi çox maraq doğurur. Əsasən bişmiş kərpicdən Naxçıvan-Təbriz memarlığı üslubunda inşa edilən bu kompleksin su qızdırılan otağı, buxarxanası, yuyunmaq yeri və hovuzları salamat qalıb. Şərifanda arxeoloqlarımızın apardıqları qazıntılar zamanı xeyli miqdarda maddi mədəniyyət qalıqları aşkar edilib. Əldə edilən bu materiallara görə arxeoloqlarımız qeyd edirlər ki, şəhər tipli yaşayış məskəni olan Şərifanda XIV əsrdə və XVIII əsrə kimi intensiv yaşayış olub.

https://azertag.az/xeber/Zengilanda_Sehri_Serifan_abidesi


İbrahim Zeynalov,
BDU-nun Tarix fakültəsinin professoru

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024