Bakı Dövlət Universitetində fəaliyyət göstərən Konfutsi İnstitutu Azərbaycan-Çin təhsil və tədqiqat mərkəzidir. İnstitut 22 aprel 2011-ci il tarixində, xaricdə Çin dilinin tədrisi üzrə ixtisaslaşmış Hanban təşkilatının dəstəyi ilə yaradılıb. Konfutsi İnstitutu Bakı Dövlət Universiteti və Anhui Universitetinin İdarə Heyətinin rəhbərliyi altında fəaliyyət göstərir. İnstitutun əsas məqsədləri Çin dilinin keyfiyyətli tədrisini təmin etmək, universitetlər arasında dostluq və əməkdaşlığı gücləndirmək, Azərbaycan və Çin arasında təhsil, elm və mədəniyyət sahələrində mübadiləni genişləndirməkdir. Konfutsi İnstitutu mütəmadi olaraq Çin tarixini, mədəniyyətini və ənənələrini gənclərə tanıtmaq məqsədilə mədəni tədbirlər təşkil edir və iştirakçıların ənənəvi Çin festivalları və mədəniyyəti haqqında geniş anlayış əldə etməsinə kömək edir.
2014-cü ilin oktyabr ayında Konfutsi İnstitutunda Çin dilinin tədris səviyyəsini artırmaq məqsədilə rəqəmsal linqafon laboratoriyası istifadəyə verilmişdir. 25 yanvar 2021-ci il tarixində BDU ilə Anhui Universiteti arasında yeni bir razılaşma imzalanmış və bu razılaşma İnstitutun fəaliyyətini daha da təkmilləşdirmişdir. Hazırda İnstitut aşağıdakı sahələri əhatə edir:
- Çin dili tədris proqramları və əlaqədar tədqiqatlar;
- Dil və mədəniyyət mübadiləsi fəaliyyətləri;
- Çin dili müəllimləri üçün təlim və ixtisasartırma kursları;
- Çin dili təhsil resurslarının təkmilləşdirilməsi;
- Çin dili və mədəniyyəti üzrə akkreditasiya imtahanlarının təşkili;
- Çin dili kursları (3 aylıq, 6 aylıq, 9 aylıq və 12 aylıq səviyyələr üzrə təklif olunur);
- Danışıq klubu;
- Çin Xalq Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilən Çin dili dövlət imtahanına (HSK) hazırlıq.
