Bakı Dövlət Universiteti 100 illik yubileyə doğru

08/09/2018

Məlum olduğu kimi, Prezident İlham Əliyev bu ali təhsil ocağının cəmiyyət həyatındakı yerini və müstəsna rolunu yüksək dəyərləndirərək Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Bakı Dövlət Universitetinin müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyi qeyd olunur. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirərək ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların son texnologiyaların tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsindəki böyük xidmətləri xüsusi vurğulanır.

BDU tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr verib.  Sərəncamda ali təhsilimizin flaqmanı kimi müasir dövrdə BDU-nun qarşısında duran missiya, inkişaf hədəfləri də öz əksini tapıb.

Ölkədə yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında formalaşdırılması, hazırlıqlı kadr potensialının davamlı təkmilləşdirilməsi və elmi-intellektual mühitin inkişaf səviyyəsinin daha da yüksəldilməsi, o cümlədən Azərbaycan xalqının tarixi-mədəni dəyərlərinin və mənəvi-əxlaqi sərvətlərinin qorunub yaşadılması universitetin dünya təhsil məkanına inteqrasiya yolu seçməklə göstərdiyi bugünkü çoxşaxəli, geniş fəaliyyətin başlıca istiqamətlərini təşkil edir.

Təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun 16 fakültəsində bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində isə 44 ixtisas və 235 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir və təhsil alan tələbələrin sayı 23 minə yaxındır. Universitetdə təhsil alan tələbələrin təlim-tərbiyəsi ilə 3000-dən çox əməkdaş, o cümlədən, 1500 nəfər professor-müəllim heyəti məşğul olur. Onlardan 300 nəfərə qədəri elmlər doktoru, professor, 1000 nəfərə qədəri fəlsəfə doktoru, dosentdir.

İldən-ilə BDU-da təhsil almaq istəyən tələbələrin sayı artır.

Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşüb.

Universitetin Mətbuat və informasiya şöbəsinin məlumatına görə, bakalavriatura və magistratura səviyyəsində qəbul olunanların sayı (BDU-nun Qazax filialı da daxil olmaqla) 6220 nəfər təşkil edib. BDU-nun bakalavriat səviyyəsinə universitetin Qazax filialı da daxil olmaqla 5444 nəfər qəbul olub ki, bu da ötən tədris ili ilə müqayisədə 400 nəfər çoxdur.  Bu il qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan tələbələr ötən illə müqayisədə 71 nəfər artaraq 461, 500-700 arası bal toplayanlar isə 482 nəfər artaraq 1982 nəfər olub. Eyni zamanda, 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 3 nəfərin seçimi də BDU olub.

Bu il BDU-nun Qazax filialına qəbul olan tələbələrin sayında da artım olub. Belə ki, bu il filiala 561 nəfər tələbə qəbul olub. Bu rəqəm ötən illə müqayisədə 172 nəfər çoxdur. Beləlik də, BDU-nun Qazax filialında cari tədris ilində 17 ixtisas üzrə təhsil alanların sayı 1006 nəfərə çatıb.

Bu tədris ilində BDU-nun SABAH qruplarına qəbul olunan tələbələrin sayı 250 nəfərdən 280 nəfərə qədər yüksəlib. Onlardan 264 nəfəri BDU tələbələridir. Ümumilikdə, BDU-nun 10 ixtisas üzrə SABAH qrupları tələbələrinin sayı ötən ilə müqayisədə 106 nəfər artaraq 701 təşkil edib.

Magistratura səviyyəsinə qəbul olan magistrantların sayı da açıqlanıb. Onların sayı 776 nəfər təşkil edib. Bu da ötən illə müqayisədə 132 nəfər çoxdur: “Bu il Bakı Dövlət Universitetinin magistratura səviyyəsində “Humanitar və sosial ixtisaslar qrupu” bölməsində “İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ”, “Tibbi hüquq”, “Əqli mülkiyyət hüququ”, “Əmək hüququ: sosial təminat hüququ”, “İdman hüququ” və “Turizm hüququ” ixtisasları, “Təbiət ixtisasları qrupu” bölməsində “Kosmologiya”, “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsində “Gənclərlə iş” adlı yeni ixtisaslaşmalar açılıb”.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyir ki, klassik universitetlər hər zaman dövlətin və dövlətçiliyin barometrləri hesab olunublar. Hər bir ölkənin milli ideologiyası hazırlanarkən bu universitetlərin fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir: “Ölkələrin elm, təhsil, kadr potensialının, ziyalı təbəqəsinin formalaşmasında, habelə cəmiyyətdə maarifçiliyin genişlənməsində klassik universitetlərin xüsusi xidmətləri olub. Bu baxımdan Azərbaycanın ilk ali təhsil ocağının, klassik universitetinin - Bakı Dövlət Universitetinin yubileyi, əslində, ümumxalq yubileyidir. BDU yarandıqdan sonra Azərbaycanda maarifçilik sürətlə inkişaf edib, elmi potensial formalaşıb. Azərbaycan Milli Elmlər Akademiyası yaranarkən BDU-nun və onun məzunlarının elmi potensialından geniş istifadə olunub. Bu da təsadüfi deyil ki, bir çox tarixi şəxsiyyətlər məhz Bakı Dövlət Universitetini bitiriblər. Əlbəttə, mən ilk növbədə, təhsil ocağının dünya şöhrətli məzunu, Ümummilli lider Heydər Əliyevi yada salmaq istəyirəm. Eləcə də çoxsaylı yazıçılarımız, ziyalılarımız, şairlərimiz, böyük elm xadimlərimiz universitetin məzunu olublar. Onlar Azərbaycan elmini BDU-da aldıqları təhsil hesabına yüksəklərə ucaldıblar”.

A.Məhərrəmovun sözlərinə görə, klassik universitetlərin digər universitetlərdən bir böyük üstünlüyü də var. Burada həm təbiət, dəqiq və texniki elmlər, həm də humanitar elm sahələri fəaliyyət göstərir. BDU-nun fakültələri və mövcud olan ixtisaslar bütövlükdə Azərbaycan cəmiyyətinin bütün strukturlarını təmsil edir. Universitetin alimləri hüquq-mühafizə orqanları, elm, təhsil, səhiyyə, mədəniyyət və digər mühüm sahələrdə fəaliyyət göstərirlər. Təqribi hesablamalara görə, ölkədə dövlətin ali struktur rəhbərliyinin 70-75 faizi BDU-nun məzunlarıdır: “Bütün bunların fonunda BDU-nun yubileyi cəmiyyət həyatı üçün çox böyük tarixi hadisədir. Çünki yubiley özü böyük bir hesabatdır - ali təhsil ocağı 100 ildə nə əldə edib, xalqa nə verib? Düşünürəm ki, BDU keçdiyi 100 illik tarixi yolda formalaşmış ali təhsil ocağıdır və yüksək səviyyədə hesabat verə biləcəkdir. Bu hesabat yalnız Azərbaycan xalqı qarşısında deyil, ilk növbədə, möhtərəm prezidentimizin qarşısındadır. Eyni zamanda, dünyanın aparıcı universitetlərinin rektorları qarşısında hesabat olacaqdır”.

Millət vəkili Bəxtiyar Sadıqov vurğulayıb ki, Bakı Dövlət Universiteti Azərbaycan mədəniyyəti, ictimai-siyasi fikri, elm və təhsilin inkişafı sahəsində sanballı töhfələri olan məbədgahdır: “Çox şadıq ki, universitetin yubileyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev xüsusi sərəncam imzalayıb. Bu sərəncam bizim hamımızın, xalqın ürəyincə olan tarixi bir sənəddir. Bakı Dövlət Universiteti Azərbaycan xalqına, dövlətinə, dövlətçiliyinə böyük töhfələr verib. Xalq arasında “məktəblər məktəbi”, “müəllimlər müəllimi” kimi deyimlər var. Bunu, sözün tam mənasında, BDU-ya da şamil edə bilərik. Universitet birinci yaranmaqla kifayətlənmədi, onun bazası əsasında neçə-neçə ali məktəb meydana gəldi. BDU-da bir çox elmi-tədqiqat institutları fəaliyyətə başladı. Sonradan müstəqilləşərək bu gün də Azərbaycan elminə töhfələrini verirlər.  BDU-da nəinki Azərbaycan, bütövlükdə dünya elminə sanballı töhfələr verən nüfuzlu alimlər, elm adamları çalışırlar. Onlar öz əsərləri, yenilikləri və ixtiraları ilə elmə şan-şöhrət gətirirlər. Obrazlı desək, bu gün  “müəllimlər müəllimləri” də məhz BDU-da çalışır. Bütün bunlar bizi çox sevindirir”.

B.Sadıqovun dediyinə görə, BDU hər birimiz üçün həm də ona görə əzizdir ki, ulu öndər Heydər Əliyev bu universitetin məzunu olub: “Ümummilli lider ölkə rəhbərliyinə seçiləndən sonra Azərbaycan dilində ilk çıxışını məhz BDU-nun 50 illik yubileyində edib. BDU ona görə sürətlə inkişaf edib ki, daim Heydər Əliyevin qayğısını, diqqətini görüb. Ali təhsil ocağı bu gün inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev ulu öndərin siyasətini davam etdirərək universitetə yüksək diqqət və qayğı ilə yanaşır. Məhz buna görə BDU hazırda sürətlə inkişaf edir, milli kadr hazırlığı prosesində öz sözünü deyir. Universitetdə çalışan professor-müəllim heyəti də bu yüksək qayğı və diqqətin müqabilində Ümummilli lider Heydər Əliyevin ölməz ideyalarına, onun əsasını qoyduğu siyasi kursa yüksək sədaqət nümayiş etdirir. Universitet kollektivi möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələri böyük səylə, şərəf və ləyaqətlə yerinə yetirir”.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, Bakı Dövlət Universiteti ali təhsilimizin flaqmanıdır: “Bu ali təhsil ocağı mənim üçün bir məbəddir. Demək olar ki, 18 yaşımdan həyatım BDU ilə bağlıdır. Bu gün doğma universitetimizin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi, bununla bağlı Prezident İlham Əliyevin sərəncam imzalaması bir təhsil adamı kimi məni həm sevindirir, həm də qürurlandırır. BDU-nun bir əsrlik tarixinə nəzər salsaq görərik ki, bu ali təhsil müəssisəsi 100 il öncə öz üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirib. Qarşıda duran illər üçün isə onun missiyası fənlərarası, sahələrarası inkişaf etdirməsidir. Keçən 100 ildə BDU əsasən təhsil və elmi inkişaf etdirib. Azərbaycan cəmiyyətinin həyatında universitet müəllimləri çox aktiv iştirak ediblər”.

“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev qeyd edib ki, Bakı Dövlət Universiteti Azərbaycanın ilk universitetidir. Bu elm ocağından Azərbaycan elminə, təhsilinə töhfələr verən minlərlə insan məzun olub. Ümumiyyətlə, dünyada universitetlərin reytinqi aparılarkən onun tarixi, yaşı da önəm kəsb edir. Bu baxımdan universitetin 100 illik tarixə malik olması sevindiricidir.

E.Əliyevin sözlərinə görə, Bakı Dövlət Universitetinin bir məzunu kimi bu ali təhsil ocağının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini çox yüksək qiymətləndirir: “Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam onu göstərir ki, bu məsələ dövlət başçısının xüsusi diqqətindədir”.

S.QARAYEVA

Bakı Dövlət Universiteti 100 illik yubileyə doğru

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024