BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir

25/08/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafında mühüm mərhələdir. Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin, eləcə də bir sıra digər sənədlərin imzalanması və mübadiləsi ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən elm və təhsil istiqamətində daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Azərbaycan və Özbəkistan arasında tarixi, mədəni və humanitar əlaqələrlə yanaşı, son illərdə ali təhsil və elmi-tədqiqat sahəsində də institusional əməkdaşlığın yeni mərhələsi formalaşıb. Bu prosesdə Bakı Dövlət Universiteti (BDU) fəal iştirak edir.

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyət həyata keçirir. İndiyədək universitet Özbəkistanın 44 ali təhsil və elmi-tədqiqat müəssisəsi ilə anlaşma memorandumu və əməkdaşlıq sənədləri imzalayıb.

Əməkdaşlığın xüsusilə intensivləşdiyi dövr 2024–2026-cı illəri əhatə edir. 2024-cü il yanvarın 25-də Bakı Dövlət Universitetində (BDU) Özbəkistanın Azərbaycanda Elm və Mədəniyyət Günləri çərçivəsində geniş tədbir keçirilib. Tədbirdə Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasının birinci sədr müavini, akademik Akmal Saidov, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Əşrəfxanov, Özbəkistanın elm və təhsil ictimaiyyətinin nümayəndələri, BDU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə Azərbaycan və Özbəkistan arasında tarixi, mədəni və humanitar əlaqələrin, eləcə də elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Çıxışlarda iki ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələri arasında əlaqələrin genişləndirilməsinin, müəllim və tələbə mübadiləsinin artırılmasının, doktorantura imkanlarının genişləndirilməsinin, birgə elmi tədqiqatların və akademik layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, BDU ilə Özbəkistan Elmlər Akademiyasının Astronomiya İnstitutu arasında astronomiya və elmi əməkdaşlığı əhatə edən memorandum imzalanıb.

2025-ci ildə isə əməkdaşlığın institusional miqyası daha da genişlənib. I Azərbaycan–Özbəkistan Rektorlar Forumu çərçivəsində BDU Özbəkistanın 16 ali təhsil müəssisəsi ilə memorandum və əməkdaşlıq müqavilələri imzalayıb. Əbu Əli İbn Sina adına Buxara Dövlət Tibb İnstitutu, Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti, Daşkənd Dövlət Aqrar Universiteti, Əndican Dövlət Universiteti, Əndican Dövlət Texniki Universiteti, Nəvai Dövlət Dağ Mədənçiliyi və Texnologiya Universiteti, Səmərqənd İqtisadiyyat və Servis İnstitutu, Fərqanə Dövlət Universiteti, Kokand Dövlət Universiteti, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti, Özbək-Fin Pedaqoji İnstitutu, Qarşi Dövlət Universiteti və digər ali məktəblərlə imzalanmış sənədlər tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, akademik proqramlar, elmi nəşrlər, konfranslar və digər istiqamətləri əhatə edir.

Əməkdaşlığın coğrafiyası Özbəkistanın aparıcı ali təhsil müəssisələrini əhatə edir. Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Səmərqənd Dövlət Memarlıq və İnşaat Universiteti, Fərqanə Dövlət Universiteti, Əndican Dövlət Universiteti, Qarşi Dövlət Universiteti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti və digər ali məktəblərlə müxtəlif səviyyələrdə əməkdaşlıq həyata keçirilir.

Müəllim və tədqiqatçı mobilliyi bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Özbəkistanın ali təhsil müəssisələrinin 150-dən çox əməkdaşı indiyədək BDU-da olub, müxtəlif akademik və elmi tədbirlərdə, müzakirələrdə və təcrübə mübadiləsində iştirak edib. Təkcə 2025-ci ildə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin 23 əməkdaşının BDU-ya səfəri zamanı birgə tədqiqat, qrant layihələri, elmi məqalələr, konfranslar, ikili diplom və akademik mübadilə imkanları müzakirə olunub, ustad dərsləri keçirilib.

Tələbə mobilliyi də əməkdaşlığın əsas istiqamətlərindən biridir. Özbəkistanın Əbu Əli İbn Sina adına Buxara Dövlət Tibb İnstitutu, Maliyyə Texnologiyaları və Elmləri Beynəlxalq Məktəbi və digər ali təhsil müəssisələrindən 10-dan çox tələbə müxtəlif mübadilə proqramları çərçivəsində BDU-da təhsil alıb. Hazırda Özbəkistandan olan 4 tələbə BDU-da əcnəbi tələbə qismində təhsil alır.

Tələbə və akademik mobilliyin genişləndirilməsi istiqamətində “Orhun” mübadilə proqramı da mühüm imkan yaradır. 2026–2027-ci tədris ilində proqram çərçivəsində Daşkənd Dövlət Şərqşünaslıq Universiteti və Oş Dövlət Universitetindən iki tələbənin BDU-da təhsil alması planlaşdırılır.

Əməkdaşlıq doktorantura səviyyəsini də əhatə edir. 2026-cı ilin fevralında Buxara Dövlət Tibb Universitetinin Özbəkistanlı doktorantları BDU-da molekulyar biologiya, biokimya, genetik analiz və bitki biotexnologiyası istiqamətlərində elmi-praktiki təcrübə keçiblər. Bu, iki ölkənin universitetləri arasında qarşılıqlı akademik mobilliyin doktorantura və tədqiqat səviyyəsinə də keçdiyini göstərir.

Universitetlərarası əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması istiqamətində ikili diplom proqramlarının yaradılması da BDU-nun prioritetlərindəndir. Hazırda BDU ilə Özbəkistanın ali təhsil müəssisələri arasında qüvvədə olan ikili diplom proqramı yoxdur. Bununla belə, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti ilə Tarix fakültəsinin magistratura səviyyəsində ikili diplom proqramının yaradılması istiqamətində işlər aparılır. Pedaqogika, psixologiya və digər prioritet istiqamətlər üzrə də akademik proqramların hazırlanması imkanları tərəfdaş universitetlərlə müzakirə edilir.

BDU-nun Özbəkistanla əməkdaşlığı yalnız təhsil və akademik mübadilə ilə məhdudlaşmır. İki ölkənin alimləri arasında elmi əlaqələr də son illərdə əhəmiyyətli dərəcədə genişlənib.

“Scopus” beynəlxalq elmi məlumat bazasında əks olunan göstəricilərə əsasən, son 5 ildə BDU alimləri ilə Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələrinin tədqiqatçıları tərəfindən fizika, kimya, biologiya, riyaziyyat və filologiya sahələri üzrə 150-dən çox birgə elmi nəşr hazırlanıb. Birgə tədqiqatlarda Özbəkistan Elmlər Akademiyası, Qarşi Dövlət Universiteti, Daşkənd Dövlət Texniki Universiteti, Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti, Əndican Dövlət Universiteti, Termez Dövlət Universiteti və digər elmi-akademik qurumların alimləri iştirak ediblər.

Birgə elmi tədbirlər də tərəfdaşlığın mühüm istiqamətini təşkil edir. 2023-cü ildə BDU Əndican Dövlət Universitetində keçirilən “Avrasiya biomüxtəlifliyinin qorunması” beynəlxalq konfransının tərəfdaş təşkilatçılarından biri olub. Əməkdaşlıq 2024-cü ildə İzmirdə keçirilən ikinci, 2025-ci ildə isə Nukusda keçirilən üçüncü beynəlxalq konfransla davam etdirilib. BDU, Əndican Dövlət Universiteti və Türkiyənin Ege Universitetinin iştirakı ilə formalaşan bu elmi platforma Azərbaycan, Özbəkistan və Türkiyə alimlərinin biomüxtəlifliyin qorunması sahəsində əməkdaşlığı üçün davamlı mexanizmə çevrilib. Konfransın növbəti toplantısının 2026-cı ilin noyabrında BDU-da keçirilməsi nəzərdə tutulur.

2025-ci ildə BDU və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin birgə təşkilatçılığı ilə “Özbəkistan–Azərbaycan: Ədəbi əlaqələr və əməkdaşlıq perspektivləri” beynəlxalq konfransı keçirilib. Tədbirdə iki ölkə arasında ədəbi-mədəni və humanitar əlaqələrin müxtəlif aspektləri müzakirə olunub.

Həmin il BDU və Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin birgə təşkilatçılığı ilə akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Nəzəri və eksperimental kimyanın müasir problemləri” II Beynəlxalq elmi konfransı keçirilib.

BDU, Özbəkistanın Geologiya Elmləri Universiteti ilə də elmi əməkdaşlığı genişləndirir. Tərəflər arasında 2026-cı ilin aprelində imzalanmış memorandum birgə tədqiqatların, elmi konfransların, akademik proqramların, habelə tələbə, doktorant, tədqiqatçı və əməkdaş mübadiləsinin inkişafını nəzərdə tutur. Bundan əvvəl isə BDU və Özbəkistanın Geologiya Elmləri Universitetinin birgə təşkilatçılığı ilə “Dayanıqlı gələcək: Yer elmləri və ekologiyanın inteqrasiyalı inkişafı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Riyaziyyat sahəsində də əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. BDU, Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Daşkənd Beynəlxalq Maliyyə Menecmenti və Texnologiyaları Universiteti, V.İ. Romanovskiy adına Özbəkistan Elmlər Akademiyasının Riyaziyyat İnstitutu və Malayziyanın Utara Universitetinin təşkilatçılığı ilə 2025-ci il mayın 30–31-də Daşkənddə “Cəbr, analiz, topologiya və hesablama riyaziyyatının aktual problemləri” beynəlxalq elmi konfransı keçirilib.

Birgə elmi layihələrin hazırlanması da BDU–Özbəkistan əməkdaşlığının inkişaf edən istiqamətlərindəndir. “Özbəkistan–Azərbaycan” birgə beynəlxalq elmi müsabiqəsi çərçivəsində BDU alimləri Özbəkistanın Əjiniyaz adına Nukus Dövlət Pedaqoji İnstitutu, Navoiy Dövlət Universiteti, Qaraqalpaq Təbiət Elmləri Elmi-Tədqiqat İnstitutu, Səmərqənd Dövlət Universiteti, Buxara Dövlət Tibb İnstitutu, Daşkənd Farmasevtik İnstitutu və Özbəkistan Elmlər Akademiyasının Botanika İnstitutu ilə əməkdaşlıq çərçivəsində biologiya, kimya, ekologiya, nanotexnologiya və biotibb istiqamətləri üzrə 5 birgə elmi layihə təqdim edib.

Humanitar və ictimai elmlər sahəsində əməkdaşlıq da genişlənir. BDU-da 2026-cı ilin mayında Azərbaycan–Özbəkistan münasibətlərinin müstəqillik illərində elmi araşdırılmasına həsr olunmuş seminar keçirilib. Tədbirdə birgə tədqiqat mərkəzlərinin yaradılması, gənc tədqiqatçılar platformasının formalaşdırılması, qrant layihələrinin hazırlanması və arxiv materiallarının rəqəmsallaşdırılması kimi təşəbbüslər müzakirə olunub.

Tarix, türkoloji tədqiqatlar, şərqşünaslıq, dil və ədəbiyyat istiqamətləri də əməkdaşlığın mühüm sahələrindəndir. BDU-nun Tarix fakültəsində “Ölkəşünaslıq (Özbəkistan üzrə)” ixtisaslaşmasının mövcudluğu bu istiqamətdə kadr hazırlığına xüsusi diqqətin göstəricisidir. 2026-cı ilin iyununda BDU ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında imzalanmış memorandum birgə layihələr, konfrans və seminarlar, akademik proqramlar, elmi nəşrlər, eləcə də tələbə, doktorant və müəllim mübadiləsini əhatə edir.

Jurnalistika və media sahəsində də əlaqələr inkişaf etdirilir. Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub, II Azərbaycan–Özbəkistan Media Forumunun özbəkistanlı iştirakçıları BDU-da olublar. Bu əlaqələr media təhsili, jurnalistika və kommunikasiya sahəsində təcrübə mübadiləsi üçün yeni imkanlar yaradır.

BDU–Özbəkistan əməkdaşlığı mədəni-humanitar sahəni də əhatə edir. 2025-ci ildə Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin nümayəndə heyəti BDU-da “The Identity of Uzbek Women” sərgisini təşkil edib. Belə tədbirlər iki ölkənin mədəni irsinin, ictimai həyatının və humanitar əlaqələrinin akademik mühitdə təqdim olunmasına xidmət edir.

BDU-nun Özbəkistanla əməkdaşlığı universitetin beynəlxalq mövqeyinin və akademik əlaqələr şəbəkəsinin genişləndirilməsi baxımından da əhəmiyyət daşıyır. 2025-ci ildə BDU-nun Daşkənddə “Study in Azerbaijan” təhsil sərgisində iştirakı universitetin təhsil proqramlarının, elmi imkanlarının və beynəlxalq əməkdaşlıq perspektivlərinin Özbəkistanda təqdim edilməsinə imkan yaradıb. Həmin ilin noyabrında rektor Elçin Babayevin rəhbərlik etdiyi BDU nümayəndə heyətinin Daşkənddə keçirilən “QS Eurasia Forum 2025”də iştirakı isə universitetlərarası əməkdaşlıq və beynəlxalq tərəfdaşlıqların inkişafı məsələlərinin müzakirəsinə şərait yaradıb.

2026-cı ildə əməkdaşlığın yeni istiqamətləri üzrə də konkret addımlar atılıb. Özbəkistanın Yer Elmləri Universiteti və Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə memorandumların imzalanması, Buxara Beynəlxalq Universitetinin rektorunun BDU-ya səfəri zamanı elm, akademik mübadilə, psixologiya və pedaqogika üzrə əməkdaşlıq imkanlarının müzakirəsi tərəfdaşlığın yeni sahələrə doğru genişləndiyini göstərir. Eyni zamanda, BDU tələbələrinin Özbəkistanda keçiriləcək “Cybersecurity CTF 2026” yarışında iştirakı İKT və kibertəhlükəsizlik sahəsində əlaqələrin də inkişaf etdiyini göstərir.

BDU qarşıdakı dövrdə Özbəkistanın aparıcı universitetləri və elmi-tədqiqat qurumları ilə əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur. Prioritet istiqamətlər sırasında tələbə, doktorant, müəllim və tədqiqatçı mobilliyinin artırılması, mübadilə proqramlarının əhatə dairəsinin genişləndirilməsi, ikili diplom proqramlarının yaradılması, prioritet ixtisaslar üzrə birgə təhsil proqramlarının hazırlanması, birgə elmi-tədqiqat layihələrinin və beynəlxalq nəşrlərin sayının artırılması, birgə konfrans, seminar və dəyirmi masaların keçirilməsi, eləcə də gənc tədqiqatçılar üçün yeni əməkdaşlıq platformalarının yaradılması yer alır.

Azərbaycan və Özbəkistan arasında münasibətlərin bütün sahələrdə dinamik inkişaf etdiyi bir dövrdə ali təhsil və elm sahəsində qurulan institusional tərəfdaşlıqlar iki ölkənin akademik potensialının daha sıx inteqrasiyasına imkan verir. BDU-nun Özbəkistan universitetləri və elmi-tədqiqat qurumları ilə formalaşdırdığı geniş əməkdaşlıq şəbəkəsi bu prosesin mühüm tərkib hissəsidir.

Hazırkı nəticələr göstərir ki, BDU–Özbəkistan əməkdaşlığı ayrı-ayrı səfər və tədbirlərlə məhdudlaşmır. Tələbə, doktorant, müəllim və tədqiqatçı mübadiləsi, birgə təhsil proqramları, ikili diplom təşəbbüsləri, elmi nəşrlər, tədqiqat layihələri, beynəlxalq konfranslar və humanitar-mədəni layihələri əhatə edən davamlı institusional tərəfdaşlıq modeli formalaşır. Bu əməkdaşlığın daha da genişləndirilməsi Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın elm və təhsil müstəvisində möhkəmlənməsinə mühüm töhfə verəcək.

Xəbərlər

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir
25/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi
24/08/2026