BDU-nun müəllimləri 2020/2021-ci tədris ilinin yekunları haqqında danışır

02/07/2021

BDU-nun müəllimləri 2020/2021-ci tədris ilinin yekunları haqqında: “İmtahanların uğurlu təşkil edilməsi məqsədilə bütün şərait yaradılıb”

Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla davam edir. Universitet rəhbərliyinin, professor-müəllim heyətinin diqqət və qayğısı, eyni zamanda tələbələrin məsuliyyətli yanaşması nəticəsində imtahanlar yüksək səviyyədə təşkil olunur. Şifahi şəkildə davam edən imtahanlarda şəffaflıq tam təmin olunub. İmtahanlarda şəffaflığın təmin olunmasına rektorluq, dekanlar və kafedra müdirləri, eyni zamanda Tələbə Nəzarət Qrupunun üzvləri nəzarət edir.

Tədris ili və yay imtahan sessiyasının gedişi barədə Universitetimizin müəllimlərinin fikirlərini öyrəndik.

Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası və turizm kafedrasının müəllimi Gülşən Sultanova: “Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində də 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında tələbələrin öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün bütün şərait yaradılıb. Cari semestrdə tədris olunan fənlər üzrə imtahan sualları məzmun və əhatəlilik əsas götürülərək sadələşdirildi. İmtahanın gedişindən və  qiymətləndirmə ilə  tələbələrimiz tam razı qaldılar. Coğrafiya fakültəsində də yay imtahan sessiyası tələbələrin fəal iştirakı ilə onlayn şəkildə davam edir. Professor-müəllim heyəti tələbələrə humanist, qayğıkeş münasibət göstərir. İmtahanların uğurlu təşkil edilməsi məqsədilə bütün şərait yaradılıb və Microsoft Teams platformasının tədris prosesinin məsafədən idarə edilməsi üçün verdiyi bütün imkanlardan istifadə olunub. Sessiya müddətində imtahanların öncədən təyin olunmuş qaydalara uyğun təşkil olunması məqsədilə lazımı texniki tədbirlər yüksək səviyyədə təşkil edilib.

İmtahan nəticələrinə əsasən onu deyə bilərəm ki, tələbələrin sualları elmi şəkildə cavablandırmaları və yaxşı qiymətləndirilmələri distant təhsilin lazımi səviyyədə təşkil olunduğuna əsas verir. Mən imtahanda tələbələrin hazırlıq səviyyəsindən çox razı qaldım.

İmtahan sessiyasının gedişində tələbələrin onlayn tədris prosesində əldə etdikləri bilik və bacarıqların nümayişi üçün həm universitet rəhbərliyi, həm də fənn müəllimləri tərəfindən şəffaf imtahan mühitinin yaradılmasının müsbət amil olduğunu deyə bilərəm. İmtahan prosesində imtahan götürən müəllimlə birlikdə imtahana nəzarət edən kafedra müdirinin də mövzular ətrafında müəyyən suallar verdi, bununla tələbənin bilik səviyyəsini bir daha nümayiş etdirməsinə şərait yaratdıq. Bakı Dövlət Universitetində gələcəkdə, zərurət yaranarsa, onlayn tədrisdə daha mütərəqqi metodlardan istifadə etməklə tədris prosesinin maksimum yerinə yetirilməsi, bilik və peşə vərdişlərinin tələbələrə daha müasir metodlarla çatdırılmasında böyük nailiyyətlərə imza atılacağını əminliklə deyə bilərəm.”

Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının professoru Nazim İmamverdiyev: “İyunun 7-dən Geologiya fakültəsində 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlamış və uğurla davam edir. İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib. Tələbələrin imtahana qədərki semestrdaxili fəaliyyətlərdəki əldə etdikləri qiymətlərin imtahan zamanı nəzərə alınması onlarda böyük ruh yüksəkliyinə səbəb olub və buna görə minnətdarlıqlarını ifadə ediblər. Bundan başqa imtahan nəticələri ilə razılaşmayan tələbələrin nəticələrinə Apelyasiya Komissiyası tərəfindən də baxılır və müvafiq qərarlar verilir. Fakültdə keçirilən imtahanlara Universitet rəhbərliyi, dekanlıq və kafedra müdirləri tərəfindən nəzarət edilir. Ənənəvi təhsildə olduğu kimi, fakültənin müəllimləri çalışırlar ki, tədris olunan fənlərin əsas mahiyyəti tələbələr tərəfindən qavranılsın. Tələbələrə mühazirə mətnləri, ədəbiyyat, elektron materiallar semestr başlayan kimi Teams proqramı vasitəsilə çatdırılır. Əlavə suallar yarandığı halda seminar dərslərində müzakirə olunur və diskussiya şəklində sualların cavabları açıqlanır.”

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının dosenti Fərid Babayev: “Bildiyiniz kimi, Universitetdə Təhsil Nazirliyinin distant təhsillə əlaqədar qəbul etdiyi qaydalara əsalanaraq bütün texniki-təşkilati işlər yüksək səviyyədə başa çatdırılmışdır. BDU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülmüşdür. İmtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə prorektorlar, fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulmuşdur. Məlumdur ki, bu semestrdə də distant formada şifahi imtahanların keçirilməsinə qərar verilmişdir. İmtahanlarla əlaqədar yarana biləcək istənilən məsələ ilə bağlı müvafiq olaraq Qərargaha, "Qaynar xəttə" və elektron poçt vasitəsilə göndərilən bütün müraciətlərə operativ qaydada baxılır.”

Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müəllimi Səbinə Vəliyeva: “Məlum pandemiya şəraitindən asılı olaraq əksər ali təhsil müəssisələrində imtahan prosesi ənənəvi formadan fərqli olaraq, onlayın şəkildə həyata keçirilir. Pandemiyanın gətirdiyi narahatlıq təhsil verənlərlə yanaşı, təhsil alanlardan da yan keçməmişdir. Univeristet tərəfindən qəbul edilən qərarlar tələbəyönümlü olduğu üçün, Universitet rəhbərliyinin hər zaman tələbələrin yanında olmalarını, onların bütün qayğılarına diqqətlə yanaşması nəinki tələbələrdə, eyni zamanda da  müəllimlərdə böyük ruh yüksəkliyi yaratmışdır. Bunun nəticəsində də imtahan sessiyası boyunca  başda rektor olmaqla bütün professor-müəllim heyəti tələbələrə xüsusi qayğı ilə yanaşır, onların doğru istiqamətdə inkişaflarına səy göstərirlər. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, müəllim və tələbələrin birgə səyləri  bu sessiya da müvəfəqiyyətlə yekunlaşacaq. İmtahan prosesinə Universitet rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri daim nəzarət edir, imtahanların gedişi ilə maraqlanırlar. Onlayn imtahan prosesi çətin olsa da, öyrədən və öyrənənlər üçün maraqlı təcrübədir. Onlayn təhsil və imtahan prosesi müasir dövrdə təhsilin davamlılığı üçün optimal həll kimi qiymətləndirilməlidir.”

Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Afaq Sadıqova: “Artıq üçüncü semestrdir ki, imtahanlar onlayn qaydada  davam edir. Cari tədris ilinin yay imtahan sessiyası əvvəlki sessiyalardan tələbə aktivliyinə görə fərqlənir. Tələbələr onlayn dərs və imtahan qaydalarını mükəmməl mənimsəyiblər. İmtahanların təşkili və gedişi haqda heç bir qüsurla rastlaşmamışam. İmtahanlar əvvəlcədən tərtib olunmuş cədvələ uyğun olaraq təşkil olunur.  Artıq deyə bilərik ki, onlayn dərslər və imtahanlar tələbə-gənclərin sosiallaşması, sərbəst fikir mübadiləsi aparması, daha çox virtual aləmə qoşulmasına müəyyən dərəcədə öz  müsbət təsirini göstərir.”

Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müəllimi  Səbuhi Abdullayev: “Qlobal problem olan pandemiyanın ilk dövründə tədris və imtahanların aparılmasında bir çox çətinliklər yarandı. Buna baxmayaraq, ali təhsil müəssisəsinin rəhbərliyi tələbələrin xeyrinə qərarlar verdi. Tədrisi aparan müəllim özü dərs dediyi qruplarda imtahan götürür və bu proses operativ formada yerinə yetirilir. Düşünürəm ki, əldə olunan təcrübə sayəsində bəzi fənlərdən əyani tədris zamanı da şifahi imtahanlar götürmək daha səmərəli ola bilər. Hazırda davam edən imtahan sessiyası əvvəldən təyin edilən qrafikə əsasən həyata keçirilir. İmtahan götürdüyüm qruplarda imtahana qoşulub cavab verən bütün tələbələrim müvəffəq qiymətlər alıb. Ümid edirik ki, növbəti tədris ilindən etibarən dərslərə Bakı Dövlət Universitetinin  auditoriyalarına qayıdarıq.”

 

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024