BDU-nun məzunları danışır

02/07/2021

Bu il Bakı Dövlət Universitetindən (BDU) 5463 tələbə və magistrant məzun olur. “BDU məzunu” adını qazanan tələbələrdən bir neçəsinin təəssüratlarını öyrəndik. Gənc mütəxəssislər doğma BDU-da əldə etdikləri biliklərdən, Universitetlə bağlı xatirələrindən bəhs ediblər.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Nərmin Babayeva: “Azərbaycanın ən böyük universitetində təhsil almağa başlamaq və ən əsası təhsilini ingilis dilində almaq məni çox həyəcanlandırmışdı. Əvvəllər tələbəsi olmaq arzusu ilə önündən baxa-baxa keçdiyin Universitetə qəbul olunmaq, burada təhsil almaq, həqiqətən, gözəl hissdir...

İllər həqiqətən tez keçdi, artıq doğma universitetinin məzunu kimi bu sözləri demək insanı gələcək məsuliyyətə hazırlayır. İlk dəfə birinci kursda imtahandan kəsiləndə keçirdiyim hissləri indi də xatırlayıram. Növbəti kurslarda həvəslə oxuyaraq zərbəçi, əlaçı olmağın sevincini izah edə bilmərəm. Yuxusuz gecələri, imtahan təlaşının, mehriban müəllimləri, qrup yoldaşlarımı, Universitetin mənə qazandırdığı dəyərli insanları, öyrəndiyim məsləhətləri, elmi, savadı ömür boyu unutmayacam. Nə yaxşı ki, Bakı Dövlət Universitetinin tələbəsi və artıq məzunuyam.”

Ekologiya ve torpaqşünaslıq fakültəsinin məzunu Gültac Nağızadə: “14 ixtisas seçimi olmasına baxmayaraq sadəcə 1 seçim haqqımdan istifadə edib Bakı Dövlət Universitetini yazmışdım və qəbul oldum. İlk olaraq sevincimin həddi-hüdudu yox idi. Amma bu sevinclə yanaşı həyəcanlanmışdım. Necə olacaqdı, necə oxuyacaqdım tam fərqli imtahan sistemi məni həyəcanlandırırdı.

Bəlkə də bu ali məktəb olmasaydı, mən indi tamamilə başqa, heç həvəsli olmadığım bir sahəni seçmişdim… Amma indi hər qarışını, hər otağını əzbər bildiyim, hər dərsində hər müəllimlə bir xatirə qazandığım, mənə həyatdakı çətinlikləri necə dəf edəcəyimi öyrədən Universitetdən məzun oluram. İlk gündən tələbələrin sosial həyatını rəngarəng edən tələbə təşkilatlarına qoşulmuşdum. Debat klubu, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyətində xeyli yeni dostlarlarla tanış oldum. Universitetdə insanlığı ilə seçilən o qədər gözəl müəllimlər, dostlar tanıdım. Universitetimiz mənə çətinliklərin öhdəsindən gəlməyi, problemləri həll etməyi və ən əsası özünə güvənməyi, xəyalların mütləq ardı ilə getməyi öyrətdi. Bütün öyrəndiklərimə və qazandıqlarıma görə Bakı Dövlət Universitetinə təşəkkür edirəm.”

Fizika fakültəsinin məzunu Rəfiqə İsmayıllı: “Tələbə olmağa hazırlaşanda mənə güclü təhsil verəcək bir bir universitetdə oxumaq ən böyük arzum idi. Dörd illik təhsil həyatım necə də gözəl ve tez keçdi. Bu illərin belə tez keçəcəyini heç düşünməzdim. Pandemiyanın başlaması məni çox kədərləndirdi, çox sevdiyimiz universitetdən ayrı qalmaq idi. Müəllimlərin sayəsində tədrisimiz onlayn formada davam etdi və onlayn dərslərdə maraqlı anlar ilə yadda qaldı.

Çox gözəl günlərdir tələbəlik illəri…Ən gözəli isə təhsil aldığın universitetin sənə nələr öyrətdiyidir. Mən bunun üçün Bakı Dövlət Universitetinin professor-müəllim heyətinə öz minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, flaqman universitetdə təhsil almışam, belə tələbələri və müəllimlərimi tanımışam. Mən Bakı Dövlət Universitetini seçməklə arzularımı burada gerçəkləşdirdim. BDU məni özümə kəşf etdirdi və daxilimdəki potensialın şəxsi inkişafıma sərf olunması üçün münbit şərait yaratdı. Savadlı və qayğıkeş Universitet kollektivi hədəflərimizə çatmaqda əvəzsiz rol oynadılar."

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024