Kitabxanaçılıq-informasiya fakültəsinin 50 illik yubileyi keçirilib

27/12/2012

Bu gün Bakı Dövlət Universitetində Kitabxanaçılıq-in­for­ma­siya fakültəsinin 50 illik yubileyi münasibətilə «İnformasiya cəmiyyəti və kitabxana-informasiya fəaliyyəti» mövzusunda Respublika Elmi Konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi potensialı intellekt kapitalına çevirmək istiqamətində görülən böyük işlərin reallaşmasında kitabxanaçılıq-informasiya fakültəsinin xidmətlərini xüsusilə qeyd edib. Bildirib ki, bu fakültə cəmiyyətin informasiya tələbatının ödənilməsində, xalqımızın maarif­ləndiril­məsində, elmi-texniki tərəqqinin təmin olunmasında mühüm rol oyna­yan, xalqımızın milli mədəni sərvəti olan kitabxanalar və nəşriyyat sistemi üçün yüksək ixtisaslı kadrlar hazırlayan ilk və əsas təhsil - elm mərkəzidir.

Rektor respublikamızda ali kitabxanaçılıq təhsilinin inkişafı sahəsində böyük uğurların qazanıldığını, fakültənin kitabxanaçılıq təh­silinin və kitabxanaşünaslıq elminin ən qabaqcıl mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Bildirib ki, bu uğurlar fakültənin ilk dekanı olmuş və 25 ildən artıq ona rəhbərlik etmiş, Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, «Şöhrət» ordenli, Bakı Dövlət Universiteti Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor Abuzər Xələfovun və fakültə kollektivinin gərgin əməyi, məhsuldar elmi-pedaqoji fəaliyyəti nəticəsində əldə olunub. Professor Abuzər Xələfov nəinki öz spesifikasına görə universitetin digər fakültələrindən fərqlənən yeni fakültə yaradıb, həmçinin onun uzunmüddətli dinamik inkişafını təmin edən milli kitabxanaçılıq təhsili konsepsiyası işləyərək həyata keçirib.

Sonra «Kitabxanaçılıq-informasiya fakültəsinin inkişaf dina­mikası» mövzusu ilə fakültənin dekanı, dosent Azad Qurbanov çıxış edib. Daha sonra Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, Prezident Administrasiyası kitabxanasının direktoru Mahir Əhmədov, Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, professor Abuzər Xələfov çıxış ediblər. Sonda fakültənin bir neçə müəllimi Təhsil Nazirliyi və BDU tərəfindən müxtəlif mükafatlarla təltif ediliblər.

Respublika Elmi Konfransı çıxış və təbriklərlə işini başa vurub.

Mətbuat və informasiya şöbəsi, 27 dekabr 2012-ci il.

 


Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024