BDU ilə UNİCEF arasında Anlaşma Memorandumu imzalandı
Aprelin 28-də Bakı Dövlət Universitetində BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyi və Universitet arasında Anlaşma Memorandumu imzalandı. Memoranduma Uşaq Fondu tərəfindən UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin Başçısının Əvəzedicisi Mohammed Bendriss Allami, BDU tərəfindən isə rektor, akademik Abel Məhərrəmov imza atdılar.
Tədbiri giriş sözü ilə açan rektor, Azərbaycan hökümətinin UNİCEF-in Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyini bildirərək BDU-nun tərəf müqabili kimi bütün vəzifələrini layiqincə yerinə yetirəcəyini vurğuladı. Öz növbəsində çıxış edən UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin Başçısının Əvəzedicisi Mohammed Bendriss Allami, Heydər Əliyev kimi böyük siyasətçinin məzun olduğu universitet ilə əməkdaşlıq etməkdən qürur duyduqlarını ifadə edərək bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümidlə baxdığını dedi.
Azərbaycan Respublikası höküməti ilə UNİCEF-in 2002-ci ildə imzaladığı Əsas Əməkdaşlıq haqqında Sazişi rəhbər tutan bu anlaşmanın əsas məqsədi UNİCEF və BDU arasında Azərbaycanda sosial iş, yuvenal ədliyyə və uşaqların dostu jurnalistikası sistemlərinin inkişaf etdirilməsini dəstəkləməkdir.
Təklif edilən əməkdaşlıq sosial iş strukturlarının və sosial peşəsinin inkişafının artırılmasını, ölkədə yuvenal ədliyyə islahatlarının dəstəklənməsini, Uşaq Hüquqları Konvensiyasına, 2006-2015-ci illər üçün nəzərdə tutulmuş Deinstitutlaşdırma və Alternativ Qayğı üzrə Dövlət Proqramına və Azərbaycan Respublikası Prezidentinin 2009-cu ili «Uşaq ili» elan etməsi ilə bağlı Milli Fəaliyyət Planına uyğun olaraq uşaq hüquqlarına dair tədris planının tətbiq edilməsini nəzərdə tutur.
Anlaşma Memorandumu aşağıdakı 6 paraqrafda öz əksini tapmışdır.
1. Sosial iş və hüquq fakültəsinin tələbələrinin UNİCEF-in dəstəyi ilə Azərbaycanda həyata keçirilən sosial rifah və yuvenal ədliyyə layihələrində könüllü iştirak vasitəsilə praktika imkanlarının artırılması;
2. UNİCEF və BDU-nun sosial rifah və yuvenal ədliyyə ilə bağlı tədqiqatlarına dair birgə məsləhətləşmələr və təcrübə mübadiləsi vasitəsilə Azərbaycanda sosial müdafiə ilə bağlı tədqiqatların keyfiyyətinin artırılması;
3. Sosial iş, hüquq və jurnalistika fakültələrinin seçilmiş müəllim və tələbələrinin UNİCEF-in keçirdiyi pəşəkar təlim və seminarlarda iştirak etməklə nəzəri biliklərinin artırılması;
4. BDU-nun sosial iş tədris proqramının bu sahədə müasir tələbatlara uyğun təkmilləşdirilməsi;
5. BDU-nun hüquq fakültəsi üçün uşaq hüquqlarına dair kursun hazırlanmasında əməkdaşlığın artırılması;
UNİCEF-in Dublin Texnologiya İnstitutu ilə birlikdə hazırladığı uşaq hüquqları tədris proqramının jurnalistika fakültəsində tətbiq edilməsi, müvafiq kadrların bu sahədə bilik və bacarıqlarının artırılması.
BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyinin bu Anlaşma Memorandumunu, məhz, Bakı Dövlət Universiteti ilə imzalaması BDU-nun təhsil müəssisələri arasında öncül, zəngin tarixə malik olub düşüncə və milli təfəkkürün mərkəzinə çevrilməsi, Azərbaycanın dünya şöhrətli məzunu Heydər Əliyevin, eləcə də minlərlə tanınmış alim, ziyalı və diplomatların da bu təhsil ocağının məzunu olması ilə bağlıdır.