2011-ci ilin may ayında Bakı Dövlət Universitetində qazax şairi, yazıçısı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına Qazax Mərkəzi fəaliyyətə başlayıb.
Azərbaycan və qazax xalqları arasındakı mədəni əlaqələri daha da inkişaf etdirmək məqsədilə yaradılan Mərkəzin məqsədi Azərbaycan və Qazaxıstan arasında mədəni və sosial əməkdaşlığın inkişafına yardım göstərmək, Qazaxıstanın mədəniyyəti, tarixi ilə tanış olmaq istəyənləri lazımı materialla təmin etməkdir.
Mərkəzin əsas fəaliyyət sahəsinə mədəni və sosial tədbirlərin keçirilməsi daxildir. Mərkəzin vacib vəzifələrindən biri də iki ölkənin mədəniyyəti və ənənələri haqqında ətraflı məlumatların daha geniş miqyasda yayılması üçün müxtəlif mövzulu tədbirlər keçirməkdir. Bu sıraya incəsənət xadimləri, yazıçı, şair və tanımış xadimlərlə görüşlər daxildir.