
Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tələbə gənclərin vətənpərvər, yüksək intellektual səviyyəyə malik, innovativ düşüncəli və müasir tələblərə cavab verən mütəxəssislər kimi formalaşmasına dəstək göstərir. Təşkilat tələbələr arasında tərbiyə və maarifləndirmə işinin təşkili, demokratik dəyərlərin və vətəndaşlıq mövqeyinin təşviqi, elmi fəaliyyətə marağın artırılması, ictimai fəallığın stimullaşdırılması və gənclərin gələcək əmək fəaliyyətinə hazırlanması istiqamətində müxtəlif tədbirlər həyata keçirir.
Təşkilatın əsas fəaliyyət istiqamətlərinə tələbələrin ictimai fəallığının artırılması, ölkə və beynəlxalq miqyaslı sosial layihələrdə, mədəni-kütləvi tədbirlərdə və ictimai təşəbbüslərdə iştirakının təmin edilməsi, tələbələr arasında maarifləndirmə işinin aparılması, respublika və beynəlxalq səviyyəli müsabiqə, olimpiada, sərgi və festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakına dəstək göstərilməsi daxildir.
Eyni zamanda, Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tələbələr arasında neqativ meyillərin qarşısının alınmasına yönəlmiş profilaktik və maarifləndirici tədbirlər həyata keçirir. Təşkilatın təşəbbüsü və iştirakı ilə seminarlar, təlimlər, forumlar, konfranslar, dəyirmi masalar, diskussiyalar, sərgilər, festivallar, aksiyalar, görüşlər və digər ictimai-maarifləndirici tədbirlər təşkil olunur.
Tələbələrin asudə vaxtının səmərəli təşkili, onların maraq və bacarıqlarının inkişaf etdirilməsi, intellektual və yaradıcı potensialının dəstəklənməsi məqsədilə Təşkilatın nəzdində müxtəlif klub və dərnəklər fəaliyyət göstərir. Hazırda Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının tərkibində “CreArt klubu” , “Natiqlik klubu”, “İntellektual Oyunlar Klubu”, “Career plus klubu”, “Creative creators club” və “Lingua- conversation club”-ları fəaliyyət göstərir.
BDU-nun Tələbə Gənclər Təşkilatı tələbə gənclərin ictimai fəallığının artırılması, onların şəxsi və peşəkar inkişafının dəstəklənməsi, müxtəlif sahələr üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə layihə və proqramların hazırlanmasında və həyata keçirilməsində fəal iştirak edir.
Hazırda Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəal üzvlərindən biri kimi fəaliyyət göstərir. Təşkilat Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Gənclərin İnkişaf və Karyera Mərkəzi və digər dövlət qurumları, ictimai birliklər və gənclər təşkilatları ilə əməkdaşlıq edir, birgə layihə və tədbirlərin həyata keçirilməsində iştirak edir.
Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı 2021 və 2023-cü illərdə “İlin Tələbə Gənclər Təşkilatı”, 2024-cü ildə isə Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov “İlin Tələbə Gənclər Təşkilatı sədri” nominasiyası üzrə qalib olmuşdur. 2026-cı ildə fevralın 2-si Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı sədri Harun Mehdiyev tələbə-gənclər arasında liderlik fəaliyyəti, təşkilati bacarıqları və sosial layihələrdəki fəallığına görə “İlin TGT sədri” mükafatına layiq görülüb.
Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tələbələrin universitet həyatında fəal iştirakının təmin edilməsi, onların ictimai, elmi, mədəni və sosial fəaliyyətə cəlb olunması, potensialının üzə çıxarılması və gənclər siyasətinin prioritet istiqamətlərinin həyata keçirilməsinə dəstək göstərilməsi istiqamətində fəaliyyətini davam etdirir.
