Beynəlxalq Elmi Araşdırma Mərkəzi  (BEAM)

Hörmətli Həmvətənlərimiz və Soydaşlarımız!
Bakı Dövlət Universitetinin virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzi Universitetin  Elmi Şurasının 13 dekabr 2013-cü il tarixli iclasının qərarı ilə yaradılmışdır. Bu Mərkəz Azərbaycandan kənarda yaşayan elm adamlarını bir araya gətirmək, onları Azərbaycana tanıtmaq və eyni zamanda bu elm adamları vasitəsi ilə Azərbaycan həqiqətlərini və Azərbaycan Elmini Dünyaya çatdırmaq məqsədi ilə yaradılıb. Ona görə də BDU öz internet səhifəsində yeni bir səhifə açır və orada xaricdə yaşayan elm adamlarını (vətəndaşlığından asılı olmayaraq) virtual olaraq işə qəbul edir. Eyni zamanda bu web səhifədə Azərbaycanın problemləri, sosial-iqtisadi və siyasi həyatı, Azərbaycanın qanayan yarası olan Qarabağ problemi ilə bağlı ilə məlumatlar yer alacaqdır.
Beynəlxalq Elmi Araşdırma Mərkəzinin üzvü olmaq üçün siz alimlərdən BDU-nun web saytında açılmış E-mail ünvanına özünüz haqqında məlumatlar göndərməyiniz xahiş olunur. İmkanlarınız daxilində bundan sonra dərc etdirdiyiniz sanballı məqalələrinizdə hal-hazırda çalışdığınız təşkilatın adı ilə yanaşı bu Mərkəzin də adını yazmağınız məsləhətdir. O zaman, Sizlərin məqalələrini oxuyan xarici Elm adamları BDU saytına girərək Azərbaycan haqqında daha sanballı məlumatlara sahib olacaqlar. Bu yolla Siz, xaricdə yaşayan azərbaycanlılar, Vətənimizin tanınması üçün dəyərli bir iş görmüş olacaqsınız. Ümid edirik və inanırıq ki, Sizlərin təmənnasız olaraq atacağınız bu addımlar Bakı Dövlət Universitetində elm və təhsilin daha da inkişaf etməsinə xidmət edəcəkdir və bu Sizin  Azərbaycan Elminə verdiyiniz  kiçik bir töhfə olacaqdır.