Məlumdur ki, ümumtəhsil məktəbləri qarşısında qoyulan tələblərdən biri müasir şəraitdə ölkəyə lazım olan mütəxəssisləri yetişdirmək məqsədilə məzunların ali məktəblərə qəbul olmalarına nail olmaqdır.
İndiyə qədər liseyin 8 buraxılışı olmuşdur, məzunların hamısı dövlət ali məktəblərinə qəbul olmuşlar. Liseyi bitirən 284 məzundan 71 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplamışdır. Məzunların 60 nəfəri BDU-da, 30 nəfəri xaricdə: Kanadanın Toronto və Vaterloo, Rusiyanın və Türkiyənin nüfuzlu universitetlərində, məsələn, Bauman adına Moskva Dövlət Texniki Universiteti, Türkiyənin Bilkənd Universitetində müvəffəqiyyətlə oxuyurlar. Məzunlardan 5 nəfəri Prezident təqaüdünə, 18 nəfəri qızıl, 4 nəfəri isə gümüş medala layiq görülmüşdür. TQDK-nın statistik məlumatlarına görə, qəbul imtahanlarında liseyin məzunları həmişə yüksək göstəricilərə nail olmuşlar. Liseyin şagirdləri Respublika və Beynəlxalq olimpiadalarda, müxtəlif intellekt, bilik və idman yarışlarında bir sıra uğurlar qazanmışlar. Fəaliyyəti dövründə şagirdlərimiz Respublika Olimpiadasında 12 dəfə I, 16 dəfə II və III olmuşlar.
2011, 2012 və 2013-cü illərdə kimya fənni üzrə Respublika Olimpiadasının qalibi olmuş Quluzadə Sona 2012-ci ildə Astana, 2013-cü ildə isə Daşkənd şəhərlərində keçirilmiş Beynəlxalq Mendeleyev Olimpiadasında bürünc medal qazanmışdır. O, bu uğurlarını 2013-cü ilin iyul ayında Moskvada 78 ölkənin iştirakı ilə keçirilmiş Məktəblilərin Ümumdünya Kimya Olimpiadasında davam etdirmiş və bürünc medala layiq görülmüşdür. Sona hazırda Türkiyənin Orta-Doğu-Texnik Universitetində təhsil alır.
2011-ci ilin aprel ayında Bakıda keçirilmiş ətraf Mühitin Mühafizəsi Beynəlxalq layihə Olimpiadasında şagirdlərimizdən Qurbanova Fidan və İsazadə Nicat III yerin mükafatına layiq görülmüşlər. Qeyd olunan Olimpiadada IX sinif şagirdləri Abbasov İbrahim və Əliyeva Gülər 2013-cü ildə, X sinif şagirdləri Rəsulova Minəxanım və Orucov Barat isə 2014-cü ildə qızıl medal qazanmışlar.
2011 və 2012-ci ilin may ayında İstanbul şəhərində keçirilmiş Beynəlxalq Tədqiqatlar layihələri sərgisində Həsənli Aygül mükafatçılar sırasında olmuş, kubok vəsertifikata layiq görülmüşdür.
2012, 2013, 2014 və 2015-ci illərdə Bakıda keçirilən “Sabahın alimləri” Respublika müsabiqəsində liseyin şagirdləri uğurla çıxış etmişlər. 2012-ci ildə şagirdlərdən 5 nəfəri I, 3 nəfəri II, 4 nəfəri III, 2013-cü ildə 5 nəfəri I, 7 nəfəri II, 2014-cü ildə 4 nəfəri I, 3 nəfəri II, 2 nəfəri III, 2015-ci ildə isə 5 nəfəri I, 1 nəfəri II, 5 nəfəri III olmuşlar.
2016-cı ilin fevral ayında keçirilmiş “Sabahın alimləri” V Respublika müsabiqəsində liseyin şagirdlərindən 4 nəfəri (Qasımzadə Murad, Sadıqlı Ziya, Məşədiyeva Nərmin, Muradlı Lalə) II, 7 nəfəri (Seyidov Mirheydər, Məmmədov Anar, Behbudov Rəşid, Namazov Fərhan, Qarayev Aqşin, Omarov Almaz, Hüseynova Aygün) III mükafata layiq görülmüşdür.
2012-ci ildə Bayramov Arif və Səfərəlizadə Mahirə, 2013-cü ildə Hacıyev Mustafa, Nurdil Nuru və Tağıyeva Vəfa, 2014-cü ildə Abuzərov Ayaz, 2015-ci ilin may ayında isə Həsənzadə Rəna və Əliyeva Ləman ABŞ-da keçirilən Beynəlxalq müsabiqədə Respublikamızı təmsil etmişlər.
2012-ci ildə X sinif şagirdi Abbasova Nərmin ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibi olmuşdur. 2011-ci ildə Yusubov Kamil, 2013-cü ildə isə Həbibova Aidə qeyd olunan müsabiqədə mükafatçılar sırasında olmuşlar.
Məlumdur ki, 2007-ci ildən etibarən hər il bəşəriyyəti düşündürən qlobal problemlərə şagird və tələbələrin münasibətini öyrənmək məqsədilə “Gələcək nəsillərlə üz-üzə” ümumrespublika inşa yazı müsabiqəsi keçirilir. Sevindirici haldır ki, şagirdlərimizdən Əliyeva Bilqeys 2011-ci ildə, Abbasova Nərmin isə 2013-cü ildə qeyd olunan müsabiqədə qaliblər arasında olmuşlar.
2014-cü ildə Bakı məktəblilərinin fənn Olimpiadasının şəhər turunda I yerə layiq görülmüş 19 nəfərdən dördü liseyimizin şagirdləri (Əkbərov İsmayıl, Qarayev Aqşin, Əli-Azərli Fidan və Səfərli Arzu) olmuşlar.
AMEA-nın Fizika İnstitutunun Fizika-riyaziyyat və informatika təmayüllü liseylə birlikdə Yasamal rayon məktəblərinin X sinif şagirdləri arasında fizika fənnindən 2014-cü ildə keçirdiyi Olimpiada da Nurdil Nuru I, Abbasov İbrahim və Bayramlı Orxan həvəsləndirici, 2016-cı ildə keçirdiyi Olimpiada da isə Səfərli Şahmar III, Cəbrayılova Şəhla həvəsləndirici mükafata layiq görülmüşlər.
2015-ci ildə keçirilmiş Respublika Olimpiadasında Qarayev Aqşin Fəxri oğlu kimya fənni üzrə, Taba-Tabai Nəzrin Seyidağa qızı isə rus dili fənni üzrə I olmuşdur.
2016-cı ildə keçirilən Respublika Olimpiadasında kimya fənni üzrə liseyin şagirdlərindən Qarayev Aqşin II, Səfərli Şahmar isə III, Azərbaycan dili və ədəbiyyat fənni üzrə Nuriyeva Sevinc II, Kərimova Sona isə III mükafata layiq görülmüşlər. XI sinif şagirdləri Qarayev Aqşin və Qurbanlı Aydın Gənclər və idman nazirliyinin 2016-cı ildə keçirdiyi Olimpiadada III olmuşlar. IX sinif şagirdi Rəhimli Zəhra ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən müsabiqədə III olmuşdur.
Şagirdlərimizdən 9 nəfəri Beynəlxalq fənn Olimpiadalarına seçim mərhələsində çıxışları uğurlu olmuşdur (2016-cı il). VIII sinif şagirdlərindən Məmmədov Elşad, Babanlı Vəfa və Cəbrayılov İmran müvafiq olaraq kimya, biologiya və fizika fənləri üzrə müsabiqənin qalibləri olmuşlar. Şagirdlərin idman yarışlarında da uğurları az olmamışdır. Məsələn, 2015-ci ildə liseyi bitirmiş Quliyeva Pərizad İdman Akrobatikası üzrə Azərbaycan Çempionu, 2012-ci ildə keçirilən “Dünya kuboku” yarışının gümüş mükafatçısı olmuşdur. IX sinif şagirdi Məmmədov Ayxan və XI sinif şagirdi Əsgərzadə Rəşad 2016-cı ildə idmanın karate növü üzrə keçirilən beynəlxalq yarışın qalibləri olmuşlar.
Müasir dövrün xüsusiyyətləri nəzərə alınmaqla tədrisin keyfiyyətinin yüksəlməsinə təsir edən amillərin müəyyənləşdirilməsi aktual məsələdir. Bununla əlaqədar olaraq qabaqcıl təcrübənin öyrənilməsi və təbliğ edilməsi məqsədilə liseyimizin bazasında iki Respublika elmi-metodiki konfrans keçirilmişdir. Hər iki konfrans “Müasir şəraitdə orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları”na həsr olunmuşdur. BDU-nun yaradılmasının 90 illik yubileyinə həsr olunmuş I konfransda (23-24 oktyabr 2009) Bakı şəhərindən və respublikamızın müxtəlif bölgələrindən olan iştirakçıların 91 məruzəsi, müstəqilliyimizin bərpa olunmasının 20 illik yubileyinə həsr olunmuş II konfransda (14-15 noyabr 2011-ci il) isə 133 məruzə dinlənilib müzakirə edilmişdir.
Şagirdlərin meyil və maraqları nəzərə alınmaqla onların elmə olan həvəslərini artırmaq, yaradıcı potensiallarını daha da inkişaf etdirmək və gələcək inkişaflarını düzgün istiqamətləndirmək məqsədilə 2013-cü ilin aprel ayında liseyin bazasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsi elmimizin qarantıdır” mövzusunda istedadlı şagirdlərin Respublika elmi konfransı keçirilmişdir.
Qazandığı uğurlara görə Liseyimiz Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 avqust 2013-cü il tarixli sərəncamı ilə 2012-2013-cü tədris ilində keçirilmiş “ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərindən biri olmuşdur. Şagirdlərimizin qazandığı uğurlar Universitet rəhbərliyinin liseyə göstərdiyi diqqət və qayğının, istedadlı uşaqlarla işin düzgün təşkilinin, həmçinin kollektivin öz işinə məsuliyyətlə yanaşmasının nəticəsidir.