Bakı Dövlət Universitetində 40 ilə yaxındır ki, Velosiped idmanı muzeyi fəaliyyət göstərir. Muzey velosiped tarixinə aid olan materiallar və velosipedlə bağlı hadisələrlə zəngindir. Muzeydə Leonardo da Vinçinin ilk modelindən ən son unikal və bahalı modellərə qədər velosipedlər təqdim edilib. Eyni zamanda muzeydə velosiped idmanı ilə məşğul olan məşhur insanların fotolarından ibarət stend də hazırlanıb. Burda Napoleon Bonapart, Lev Tolstoy, Mark Tven, Emil Zola, Ernest Heminquey, Konstantin Tsiolkovski və sair adlara rast gəlmək olar. Muzeydə dünyanın böyük velosipedçiləri olan Tomas Simpson, Bernard Hinault, Victor Suhoruçenkov, Fausto Koppi, Fred Rommelberg, Francesco Moser, Rick Van Loi, Federico Martin Bamontes, Bernard Renaud, Eddie Merkes və sair haqqında geniş məlumat əldə etmək olar.
Muzeyin səyyar sərgisi Respublika Olimpiya Komitəsində MOK Prezidenti cənab İlham Əliyevə nümayiş olunub. Muzeyin qonaqları universitetin tələbələri, şəhərimizin sakinləri, məktəblilər, idmançılar, qonaqlardır.
Velosiped muzeyinin ekspozisiyaları günü-gündən artır, yeni materiallarla zənginləşir. Muzeyin rəy kitablarında dünya və Olimpiya çempionları, beynəlxalq velosiped idmanı üzrə rəhbərlər, universitetə gələn qonaqlar və bir çox şəxsiyyətlərin ürək sözləri yazılıb.