101 yaşlı Universitet islahatlarla yeni hədəflərə...

01/09/2020

101 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin qərarı ilə ən ağır şərtlər altında yaradılan, mürəkkəb, ziddiyyətli iyirminci illərdən, otuzuncu illərin repressiyalarından keçən Bakı Dövlət Universiteti Ümummilli Liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən əsrin 70-ci illərində Azərbaycanda milli oyanışın, müstəqillik məfkurəsinin mərkəzinə çevrilməyə başladı. 1969-cu ildə Heydər Əliyevin Universitetin 50 illik yubiley mərasimində dövlət başçısı kimi Azərbaycan dilində çıxış etməsi tarixi hadisə idi. Ulu Öndər BDU-nun 75 illiyinə həsr olunmuş yubiley iclasında həmin hadisəni belə xatırlayırdı: "Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük sensassiya kimi qəbul olundu - nə cür olur ki, respublikanın rəhbəri, Azərbaycan dilində çıxış edir. Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər, minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər". Bu tarixi çıxışın cəmiyyətdə yaratdığı əhval-ruhiyyə milli özünüdərkə, suverenliyimizə, müstəqilliyimizə gedən yolun başlanğıcı idi. Ümumiyyətlə, müdrik rəhbərin həmin illərdə bütün fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyinə hesablanmışdı.

Müstəqillik illərində də BDU öz tarixi missiyasını şərəflə yerinə yetirməkdədir. Bu gün əminliklə söyləyə bilərik ki, Universitet ölkəmizdə milli şüurun, icimai fikrin əsas mərkəzlərindən biri, heç şübhəsiz, birincisidir. 2019-cu ildə 100 illiyini qeyd edən BDU-ya ən böyük yubiley töhfəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 noyabr 2017-ci il tarixində imzaladığı "Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında" sərəncam oldu. Sərəncamda müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaranan Bakı Dövlət Universitetinin şərəfli yol keçdiyi qeyd olunur, Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların aparılmasında, ümumən milli özünüdərk prosesinin sürətləndirilməsindəki tarixi xidmətləri xüsusi vurğulanır. Ölkə rəhbərinin Universitetə verdiyi bu yüksək qiymət ali təhsil ocağının professor-müəllim heyəti və tələbələri tərəfindən rəğbətlə qarşılandı.

Universitetin 100 illik təntənəli yubiley mərasimində cənab Prezidentin proqram xarakterli çıxışı isə bu ali məktəbin qarşısında yeni strateji hədəflər qoydu. Bu gün BDU həmin hədəflərə çatmaq üçün əzmlə fəalyyət göstərir. Bu mənada hazırkı dövrü Universitetin həyatında yeni mərhələ hesab etmək olar. Bu gün BDU-da tədrisin müasir təlim texnologiyaları əsasında təşkilindən elmi-tədqiqat işlərinin məzmununun yenilənməsinə, beynəlxalq əməkdaşlıqdan sosial-humanitar sferaya qədər hər bir detalda yeni, innovativ idarəetmənin ön planda olduğu açıq-aydın hiss olunur. BDU hər kəsin uzun illər arzusunda olduğu, gerçəkləşməsini gözlədiyi reformaların astanasındadır. Universitetdə görülən işlərin, həyata keçirilən islahatların və müəyyənləşdirlmiş inkişaf strategiyasının təhlili deməyə əsas verir ki, Bakı Dövlət Universiteti yaxın gələcəkdə təhsilin səviyyəsinə, elmi tədqiqatların məzmununa görə beynəlxalq reytinq agentliklərinin siyahısında daha ön yerləri tutacaq, nüfuzlu tədqiqat universitetinə çevriləcəkdir.

Universitetdə aparılan kadr islahatları, ölkə rəhbərinin gəncləşmə siyasətinə uyğun olaraq müasir bilik və bacarıqlara, dünyagörüşə malik gənclərin önə çəkilməsi ali təhsil ocağının sabahı üçün yaxşı perspektivlər vəd edir. Kadr islahatları ilə yanaşı, universitetdə müasir çağırışlara və dünya praktikasına əsaslanaraq struktur islahatlarına da başlanılıb. Tədrisin keyfiyyətinin artırılması, elmi tədqiqatların genişləndirilməsi istiqamətində aparılan işlərə təkan olaraq Universitetdə kitabxana sisteminin, xüsusilə də müasir dövrün tələbi kimi elektron kitabxana sisteminin təşkili, eləcə də Universitetin mətbəəsinin son texnologiyalar əsasında yenidən qurulması da əsas hədəflərdəndir.

Tələbələrin asudə vaxtının səmərəli təşkili, onların Universitetin ictimai-mədəni həyatında aktiv iştirakı üçün bir sıra sosial layihələr həyata keçirilir. Həmçinin, bu məqsədlə Universitetdə yaradıcı və elmi birliklərin, Gənc Alimlər Şurasının, Tələbə Elmi Cəmiyyətinin, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar Təşkilatının fəaliyyəti yenidən və müasir tələblər əsasında qurulur.

Qarşıya qoyulan əsas hədəflərdən biri də Azərbaycan dövlətinin sosial siyasətinə uyğun olaraq Universitet əməkdaşlarının maddi rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin daha da gücləndirilməsidir ki, bu istiqamətdə də əməli addımlar atılır, bu prosesin gələcəkdə davamlı şəkildə aparılması nəzərdə tutulur.

2019-cu ilin əvvəlindən bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus (COVID-19) xəstəliyinin yayılması və bu xəstəliyin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilməsi ilə əlaqədar bütün fəaliyyət sahələri kimi təhsi sahəsində də yaranmış çətinliklər fonunda BDU öz fəaliyyətini əzmlə davam etdirir, təlim-tədris prosesini yeni dövrün şərtlərinə və reallıqlarına uyğun şəkildə qurur.

Universitetin gələcək inkişafı üçün müəyyənləşdirilən strategiya, götürülən xətt və qarşıya qoyulan hədəflərin təhlili onu deməyə əsas verir ki, Bakı Dövlət Universiteti qarşıda duran məqsədlərə çatacaq, əldə etdiyi uğurları ilə hər birimizi sevindirəcəkdir. Əminliklə söyləmək olar ki, bu gün Universitetdə görülən işlər, aparılan islahatlar ictimai mənafenin, əqli gücün və şüurun üstünlüyü şəraitində baş verir və Azərbaycanda elmin, təhsilin inkişafına xidmət edir. Ümummili liderimiz Heydər Əliyevin dediyi kimi, Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır! Milli sərvətimizi qoruyaq və inkişaf etdirək!

Ələmdar Cabbarlı,

Bakı Dövlət Universitetinin dosenti,

filologiya üzrə fəlsəfə doktoru

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024