103 yaşlı Bakı Dövlət Universiteti

01/09/2022

Bu gün xalqımızın taleyində mühüm əhəmiyyət daşıyan bir tarixi gündür. 103 il əvvəl – 1 sentyabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti uzun və gərgin müzakirələrdən sonra Bakı Dövlət Universitetinin (BDU) yaradılması haqqında qanun qəbul etdi. 1919/1920-ci tədris ilindən Tarix-filologiya və Tibb fakültələri ilə fəaliyyətə başlayan universitetdə noyabrın 15-də ilk mühazirə oxundu. Beləliklə, sonralar inkişafına və tərəqqisinə əvəzsiz töhfələr vermiş ulu öndərimiz Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı, hər zaman məzunu olması ilə fəxr etdiyini ifadə edərək yüksək dəyər verdiyi Bakı Dövlət Universiteti fəaliyyətə başladı.

Bu fikirlər Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

BDU Xalq Cümhuriyyəti dövründə çox qısa zaman ərzində fəaliyyət göstərsə də, xalqımızın maariflənməsinə mühüm töhfələr verdi, elm və təhsilimizin çırağını əbədi yandırdı. Sovet hakimiyyəti illərində hər cür təzyiq və basqılara rəğmən universitet ölkəmizdə elm və təhsilin mərkəzi, xüsusilə milli ruhun daşıyıcısı olmağı şərəflə bacardı. Məhz bu missiyasına görə repressiyaların tüğyan etdiyi 30-cu illərdə universitetin fəaliyyəti dayandırıldı. Lakin fədakar ziyalılarımızın səyləri ilə universitet yenidən şərəfli yoluna davam etməyə müvəffəq oldu.

Bu gün fəxr, qürur və sonsuz ehtiram hissi ilə deyirik ki, 1969-cu ildən – ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etməsindən sonra BDU-nun həyatında yeni mərhələ başladı. Bu tarixdən sonra BDU Azərbaycan elminin və təhsilinin flaqmanı kimi ölkədə və ittifaq respublikalarının təhsil və elm ocaqları arasında böyük nüfuz qazandı. Universitetin 50 illik yubiley tədbirlərinə ulu öndər Heydər Əliyevin şəxsən rəhbərlik etməsi, dövlət başçısı kimi bu ali təhsil müəssisəsinə hərtərəfli qayğısı BDU-nun şöhrətini daha da artırdı. 50 illik yubiley tədbirində ulu öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirirək ana dilimizdə çıxış etməsi bu gün də qədirbilən xalqımız tərəfindən ehtiram, hörmət və izzətlə yad edilir. Ulu Öndərimiz özü də həmin tarixi hadisəni dəfələrlə yada salmışdı: “Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu – nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir. Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlıqlarını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar, doğrudan da, bunu böyük bir hadisə kimi qəbul etdilər”. Bu tarixi hadisənin, həmin dövrdə müdrik rəhbərin ali təhsil ocağına xüsusi diqqət və qayğısının sayəsində universitet yenidən milli oyanışın mərkəzinə, müstəqilliyimizə gedən yolun carçısına çevrildi.

BDU Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə də ulu öndər Heydər Əliyevin sayəsində inkişafının yeni və daha inamlı mərhələsinə qədəm qoydu. Müstəqilliyin ilk illərindən ölkədə olan problemlərə, çətinliklərə rəğmən Ümummilli Liderimiz universitetin elmi potensialı və maddi-texniki bazasının inkişafı üçün mühüm tədbirlər həyata keçirdi. Bu gün qürurla söyləyirik ki, ulu öndər Heydər Əliyev BDU-nun dünyaşöhrətli məzunu olmaqla yanaşı, hər zaman bu ali təhsil müəssisəsinin hamisi olmuşdur.

Ulu Öndərin müntəzəm qayğısı ilə əhatə olunan doğma universitetimiz son 19 ildə Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Prezidentin müvafiq Sərəncamı ilə 2019-cu ildə BDU-nun 100 illik yubileyi təntənəli şəkildə ölkədə və xaricdə qeyd olunub, əməkdaşlarımız ali dövlət mükafatları ilə təltif edilib. Dövlətimizin başçısının universitetin 100 illik yubiley mərasimindəki proqram xarakterli çıxışı bu gün hər birimiz üçün yol xəritəsidir. Böyük ehtiram və eyni zamanda məsuliyyət hissi ilə deyirik ki, BDU kollektivi həmişə olduğu kimi bu gün də Ulu Öndərin siyasətini, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritetləri rəhbər tutaraq öz fəaliyyətini davam etdirir və ölkəmizin inkişafı naminə əzmlə çalışır. Xüsusilə, tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən ötən 2 il ərzində kollektivimiz və tələbələrimiz əldə etdiyimiz şanlı qələbədən güc alaraq Azərbaycanda elmə, təhsilə, vətəndaş cəmiyyəti quruculuğuna daha böyük töhfələr verir. Kollektivimiz, tələbələrimiz respublikamızda dövlətçiliyin daha da möhkəmləndirilməsi, ulu öndər Heydər Əliyevin inkişaf doktrinasının parlaq şəkildə həyata keçirilməsi yolunda öz missiyasını yerinə yetirir, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunaraq elmimizə və təhsilimizə xidmət göstərməkdən şərəf duyurlar.

103 il əvvəl 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitetdə hazırda 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, elmi-tədqiqat laboratoriyaları, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 filial, 1 kollec və 1 lisey fəaliyyət göstərir. Universitetdə ali təhsilin bütün səviyyələrində 24 mindən çox tələbə təhsil alır, 3 mindən çox əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Onlardan 250-dən çoxu elmlər doktoru, professor, 1000 nəfərə yaxın əməkdaş isə fəlsəfə doktoru, dosentdir.

Hazırda universitetdə tədris tarixi ənənələrin və innovativ dünya təcrübəsinin vəhdəti şəklində həyata keçirilir, elmi-tədqiqat işlərinin məzmunu yenilənir, beynəlxalq akademik əlaqələr, eyni zamanda ölkədaxili əməkdaşlıq inkişaf etdirilir.

BDU-da tələbələrin yüksək səviyyədə təhsil almaları, elmi-tədqiqata təşviq olunmaları və dəstəklənmələri üçün ən müxtəlif innovativ üsul və metodlar tətbiq olunur. Tələbələr müxtəlif platformalarda universitetin idarəçilliyinə cəlb olunur, tələbə təşkilatlarının rolu günbəgün artırılır. Son dövrlər müasir tipli yataqxananın – 5 mərtəbəli, 220 yerlik “Tələbə evi”nin, həmçinin tələbələrin keyfiyyətli, “Kitab evi”nin və Xarici Dil Mərkəzinin, müasir dərslik və dərs vəsaitləri ilə təmin edilməsi üçün BP Azərbaycan şirkətinin dəstəyi ilə müasir mətbəənin fəaliyyətə başlaması, habelə əmək bazarının tələbləri nəzərə alınaraq təhsilin bakalavriat və magistratura səviyyələrində bir sıra yeni ixtisas və ixtisaslaşmaların açılması tələbələrimizdə elmə və təhsilə böyük maraq yaratmışdır. Təhsilin bütün səviyyələri (bakalavriat, magistratura, doktorantura) üzrə təhsil proqramları sənaye və biznes müəssisələrinin mütəxəssisləri ilə birgə hazırlanır və yenilənir. İstehsalat müəssisələrindən olan mütəxəssislər tədrisə və elmi fəaliyyətə cəlb olunur, ustad dərsləri və elmi seminarlar təşkil olunur. Bu cür əməkdaşlıq çərçivəsində əmək bazarının ehtiyac və tələbləri öyrənilir. Yeni ixtisaslar (ixtisaslaşmalar) müəyyən edilir, elmi-pedaqoji potensial nəzərə alınmaqla həmin ixtisaslar üzrə kadrlar hazırlanır. Son illər BDU-nun təşəbbüsü ilə “Aktuar riyaziyyat”, "Ekologiya hüququ”, “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı”, “Mədəniyyət hüququ”, “Vergi hüququ” kimi ixtisaslar açılıb. “Aqrar hüquq”, “Qida məhsullarının kimyəvi ekspertizası”, “Təbii ehtiyatlar hüququ”, “İctimaiyyətlə əlaqələr” və digər yeni ixtisasların açılması üzrə işlər aparılır.

Bir ildən çoxdur ki, tətbiq edilən “Code for Future” layihəsi üzrə “Code Academy” və 2022/2023-cü tədris ilindən etibarən isə “DevEducation” ilə tərəfdaşlıq çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə BDU tələbələrinə müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem administratorluğu və şəbəkə administratorluğu üzrə biliklərinin artırılması üçün şərait yaradılıb.

Son illər BDU məzunları müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında ən yüksək nəticələr göstərir, eyni zamanda, tələbələrimiz və lisey şagirdlərimiz beynəlxalq, regional və yerli olimpiadalarda, bilik yarışmalarında ön yerləri tuturlar. BDU-nun onlarca məzunu son illər yüksək nəticələr əldə edərək nüfuzlu xarici universitetlərə qəbul olub.

Universitetdə 2020/2021-ci tədris ilinin yay semestrindən etibarən tətbiq edilən “Blackboard” – tədrisin idarə edilməsi elektron sistemi qısa zaman ərzində özünü doğruldub. Hazırda sistem üzərindən tələbələrin biliyinin qiymətləndirilməsi, dərslərin videoyazılışının aparılması, eyni zamanda, mobil tətbiq vasitəsilə məlumatların daha rahat əldə edilməsi, davamlı olaraq tələbələrin və müəllimlərin fəallığının təhlil olunması prosesi uğurla həyata keçirilir.

Universitetdə elmi fəaliyyətin səmərəli təşkili məqsədilə müəyyənləşdirilən strateji xətt sayəsində son dövrlər aparılan elmi-tədqiqat işlərinin məzmunu yenilənib, səviyyəsi artıb, alınan nəticələrin bilavasitə tətbiq sahələrinə yönəldilməsi istiqamətində əvvəlki illərlə müqayisədə daha müsbət nəticələr əldə edilib. BDU alimlərinin elmi-tədqiqat institutlarında, laboratoriyalarda və kafedralarda aldığı nəticələr mühüm hesabatlara daxil edilib, praktik əhəmiyyət kəsb edən işlər kimi yüksək dəyərləndirilib. Ölkəmizdə konvergens-innovativ biliklərə və praktiki vərdişlərə malik ali təhsilli mütəxəssislərə artan tələbatı nəzərə alaraq BDU istehsalat müəssisələri ilə olan mövcud əlaqələrini genişləndirib, fakültə, elmi-tədqiqat institut, mərkəz və laboratoriyalarının elmi-tədqiqat istiqamətləri BDU-nun 2021-2030-cu illər üçün Strateji İnkişaf Planına uyğunlaşdırılıb, fundamental və tətbiqi istiqamətlərə üstünlük verilib.

BDU-da 2021-ci ildə ilk dəfə olaraq yaradılmış Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi (Center of Excellence) təhsil-elm-istehsalat əlaqəsinin tətbiqi və elmi nəticələrin kommersiyalaşdırılması prinsiplərini əsas götürərək sənaye və istehsalat ilə əlaqələri genişləndirib. Mükəmməllik Mərkəzinin nəzdində Sənaye kimyası, Biomühəndislik, Mikrobiologiya və virusologiya, Astrokosmik və atmosfer tədqiqatları və Rəqəmsal araşdırmalar kimi yeni sənayeyönümlü elmi-tədqiqat laboratoriyalarının yaradılması qurumun fəaliyyətini daha da gücləndirib. Neft və qaz sənayesi üzrə bir sıra kommersiya əsaslı layihə müqavilələri imzalanıb.

Cari ildə tələbələrin elmi-tədqiqatlara daha geniş şəkildə cəlb edilməsi və onların elmi fəaliyyətinin təşviqi məqsədilə yaradılan Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində də elmi araşdırmaların əsası qoyulur. Mərkəzdə çalışan tələbə, magistrant və gənc tədqiqatçılar “TEXNOFEST-Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalında öz layihələri ilə çıxış ediblər. “Aqrar texnologiyalar” müsabiqəsi üzrə “SAP əsaslı hidrogellərin suvarmada tətbiqi və ağıllı suvarma sistemi” adlı layihə 2-ci yerə, “Sosial yönümlü texnologiyalar” müsabiqəsi üzrə “Triboelektrik nanogeneratorlar əsasında görmə və eşitmə əngəlli insanlar üçün sensorların hazırlanması“ adlı layihə isə 3-cü yerə layiq görülüb. Mərkəzin üzvləri SOCAR və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə 2022-ci il sentyabrın 9-11-də keçiriləcək “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakaton yarışmasında 2 layihə ilə iştirak edəcəklər. Qeyd edək ki, bu layihələr Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında bərpa olunan enerji resurslarından istifadə mövzusuna həsr olunub.

Elmi fəaliyyətin təşkili və innovasiyalar, Tədrisin təşkili və idarə olunması, Tələbələrin elmi-texniki yaradıcılıq mərkəzlərinin birgə fəaliyyəti çərçivəsində tələbələrdə yaradıcılığın formalaşması (kreativlik) üçün qeyri-standart tapşırıqların birgə əməkdaşlıq və komanda şəklində həll olunması və öz fərdi biliklərini paylaşmaq bacarıqlarının aşılanması istiqamətində işlər aparılır, onlara elmi ideyaların reallaşdırılması, patentləşdirilməsi, tanıdılması və tətbiqi istiqamətlərində elmi və pedaqoji yönümlü təlimlər keçirilir, elmi tədbirlər təşkil olunur. Yeni texnologiyaların transferi və gənc tədqiqatçılara öyrədilməsi, sənayedə çalışan mütəxəssislərin tədrisə cəlb olunması, dünyanın müxtəlif ölkələrinin (Türkiyə, ABŞ, Böyük Britaniya, İtaliya, Qazaxıstan, Ukrayna, Yaponiya, Rumıniya, Almaniya, Macarıstan, Çex Respublikası və s.) elmi-tədqiqat institutlarında və universitetlərində çalışan mütəxəssislərin ustad dərsləri, mühazirələri və elmi seminarları təşkil olunur.

Universitet alimlərinin nüfuzlu elmi nəşrlərdə çap edilən məqalələrin sayı da artan dinamika ilə inkişaf edir. BDU-nun inkişaf strategiyasının əsas hədəflərindən biri də konkret prioritet istiqamətlər üzrə elmi-tədqiqatları elmin müasir inkişaf istiqamətlərinə uyğun müəyyənləşdirməkdir. Bu prioritet istiqamətlərin əsas hədəfi fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, əldə edilmiş ən mühüm nəticələri müzakirə etmək, yeni prioritet istiqamətləri müəyyənləşdirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, habelə, əldə edilən nəticələrin təcrübədə tətbiqinin forma, metod və yollarını müəyyənləşdirməkdir.

Bu məqsədlə gənclərin elmə olan marağını artırmaq üçün təkcə 2022-ci ildə BDU-da 20-yə yaxın respublika və beynəlxalq səviyyəli konfranslar keçirilib. Bu il sentyabrın 22-dən oktyabrın 2-dək BDU və “Volkswagen” Fondunun birgə təşkilatçılığı ilə “Kvant elminin və texnologiyasının müasir meylləri: kvant materiallarından kvant informasiyasına qədər” adlı Beynəlxalq Yay Məktəbinin və sentyabrın 28-30-da “Mərkəzi Asiyada və Qafqazda dinamika günləri” adlı beynəlxalq konfransın, sentyabrın 29-30-da BDU və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş “Nəzəri və eksperimental kimyanın müasir problemləri” konfransının, oktyabrın 13-14-də BDU, ICESCO, İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə) və Lahore Universitetinin (Pakistan) birgə təşkilatçılığı ilə professor Mirəli Axundovun anadan olmasının 120 illiyinə həsr olunmuş “Biologiyada nailiyyətlər və çağırışlar” konfransının, oktyabrın 31-dən noyabrın 4-dək BMT-nin Kosmos Məsələləri üzrə Ofisinin (UNOOSA) və BDU-nun birgə təşkilatçılığı, Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitənin (ICG) dəstəyi ilə “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” üzrə BMT/Azərbaycan beynəlxalq tədbirinin (“United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere”) keçirilməsi elmi tədqiqatların səviyyəsinin yüksəldilməsində və gənclərin elmi tədqiqatlara təşviq edilməsində əhəmiyyətli rol oynayacaq.

Bu mənada BDU Avropa və dünya tendensiyalarına uyğun qabaqcıl texnologiya və nailiyyətlər səviyyəsində peşəkar sahələrin yaradılması və inkişafını təmin edə bilən mütəxəssislər, elmi və elmi-pedaqoji, mühəndis-texniki kadrlar hazırlayan, sənaye müəssisələri ilə olan mövcud əlaqələri inkişaf etdirməklə elmi nəticələri kommersiyalaşdıran struktura və bazaya malikdir. “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun Hirş indeksi (h-indeksi) artaraq hazırda 52-yə yüksəlib. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2018-ci ildə 35-ə, ötən il 47-ə bərabər idi. Hər bir əsərə edilən istinadların orta sayı isə ötən ilki 5.11 göstəricisindən 6.13-ə qədər yüksəlib. Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3615 elmi əsər nəşr edilib. Bu əsərlərə 22000-dən çox istinad edilib. 2022-ci ilin ilk 8 ayı ərzində “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 148 əsər nəşr edilib və nəşr edilən əsərlərə 3000-dən çox istinad edilib. Onu da qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında liderdir.

BDU-da “Web of Science Core Collection” bazasında ən yüksək – Q1 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan “Applied and Computational Mathematics” və Q2 kvartil kateqoriyalı jurnallar siyahı¬sında yer alan “TWMS Journal Pure and Applied Mathematics” jurnalları dərc olunur. Qeyd edək ki, “Applied and Computational Mathematics” jurnalının impakt faktoru (təsir əmsalı) 4.771-ə qədər yüksəlib. Hazırda jurnalın 5 il üzrə orta impakt faktoru 3.172 təşkil edir. Jurnal dünyada tətbiqi riyaziyyat kateqoriyası üzrə 267 beynəlxalq nəşr arasında 4-cü yerdədir. Jurnalın redaksiya heyətinə dünyanın 20 ölkəsindən 38 görkəmli alim daxildir. BDU-nun “Web of Science” bazasında indekslənən digər elmi nəşrinin - “TWMS Journal Pure and Applied Mathematics” jurnalının impakt faktoru (təsir əmsalı) 2.722-ə qədər yüksəlib. Hazırda jurnalın 5 il üzrə orta impakt faktoru 1.846 təşkil edir. Jurnal dünyada riyaziyyat kateqoriyası üzrə “Web of Science” bazasında indekslənən 332 beynəlxalq nəşr arasında 17-ci, Avropada isə 9-cu yerdə qərarlaşıb.

BDU-da əməkdaşların elmi fəaliyyətə təşviqi üçün davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir, nüfuzlu elmi jurnallarda dərc edilən məqalələrin müəllifləri mükafatlandırılır. 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” və 27 Mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş “İlin alimi” nominasiyası üzrə müsabiqələr təşkil olunur.

Son illər universitetin beynəlxalq əlaqələri də ən müxtəlif platformalarda genişlənməkdə və inkişaf etməkdədir. Son dövrlər BDU ilə Türkiyənin Bilkənt, Ankara, İstanbul, Kafkas və digər universitetləri, İzmir Yüksək Texnologiya İnstitutu, Fransanın Lion-2 Universiteti, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti, Berlin Texniki Universiteti, Çinin Anhui Universiteti, Çex Respublikasının Cənubi Bohemia Universiteti, Özbəkistanın Daşkənd Dövlət Hüquq Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti, Cənubi Koreyanın Kyunqvoon Universiteti, Qazaxıstanın Əl-Farabi adına Qazax Milli Universiteti, Atırau Dövlət Universiteti, Pakistanın Lahor Universiteti, İsrailin Holon Texnologiya İnstitutu, ABŞ-ın Linkoln Universiteti, Portuqaliyanın Tomar Politexnik Universiteti, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti və digər universitetlər arasında əməkdaşlıq sazişləri, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə ikili diplom proqramına dair müqavilələr imzalanıb. 2022-ci ildə həmçinin BDU Almaniyanın Berlin Humboldt, Çexiyanın Karlova, Rumıniyanın Babes-Bolyai Universitetləri ilə Erasmus mübadilə protokolu imzalayıb. Bütün bunlar BDU-nun dünyanın qabaqcıl elm və təhsil məkanına inteqrasiyasını şərtləndirir və bu prosesi daha da sürətləndirir.

BDU nüfuzlu beynəlxalq təşkilatlarla da əməkdaşlığı özünün proritetlərindən hesab edir və bu istiqamətdə səylərini günbəgün gücləndirir. Bu il BDU daha bir beynəlxalq quruma – ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası Universitetləri Federasiyasına (FUIW) üzv qəbul edildi. FUIW-ə üzvlük BDU-nun akademik və inzibati imkanlarının genişlənməsinə, elmi tədqiqatların inkişafına və təcrübə mübadiləsinin reallaşmasına şərait yaradacaq. Bu sahəyə yönəlmiş proqram və layihələrin həyata keçirilməsi isə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və təşviq edilməsi istiqamətində mühüm rol oynayacaq. 1987-ci ildə Mərakeşin Rabat şəhərində əsası qoyulmuş İslam Dünyası Universitetləri Federasiyasının əsas məqsədi bütün sahələrdə elmi tədqiqatların səviyyəsini yüksəltmək, təhsil, elm, mədəniyyət və texnologiya sahələrində təcrübə mübadiləsini artırmaq, islam ölkələrində elmi və texnoloji inkişafdan faydalanmaq üçün ali təhsilin təkmilləşdirilməsi və inkişafına yardım etməkdir.

2022-ci ildən Universitetdə ICESCO-nun Biotibbi materiallar kafedrasının fəaliyyətə başlaması da xüsusi qeyd edilməlidir. Həmçinin vurğulamaq lazımdır ki, kafedra ICESCO-nun Azərbaycanda ilk ixtisaslaşdırılmış kafedrasıdır. Biotibbi materiallar kafedrasının yaradılmasında məqsəd sənaye və akademik ictimaiyyət arasında əlaqələri, təhsil-elm-sənaye üçlüyünün qarşılıqlı inteqrasiyasını inkişaf etdirmək, tələbə və gənc alimləri biotibbi materialların tətbiqi ilə bağlı tədqiqatlara cəlb etmək, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməkdir. Kafedrada akademik heyətlə sənayedən olan mütəxəssislərin birgə əməkdaşlığı tibbin müxtəlif sahələri üçün perspektiv sayılan nanomodifikasiya olunmuş materialların laboratoriyadan istehsalata kliniki transferinin məqsədyönlü şəkildə asan həyata keçirilməsinə şərait yaradılacaq. Beynəlxalq fənlərarası şəbəkənin yaradılması yolu ilə nanosistemlərin ilkin dizaynının hazırlanması, effektivliyinin klinikadan əvvəlki sınaqlarının aparılması, farmakokinetika və toksikliyinin müəyyən edilməsinə nail olunacaq. Kafedra biotibbi materiallar üzərində tədqiqat işlərin aparılmasına, ICESCO-ya üzv dövlətlərdən olan tələbə və gənc alimlərin bu araşdırmalara cəlb edilməsinə və müxtəlif ölkələrlə bu sahədə əməkdaşlığın qurulmasına yardım göstərəcək.

BDU ölkəmizdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq dünya elminin qabaqcıl elmi və təlim-tədris nailiyyətlərindən istifadə etməklə əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması istiqamətində ABŞ, Almaniya, Fransa, İsrail, İsveç, Qazaxıstan və s. kimi ölkələrin qabaqcıl 8 universitet və institutu ilə bakalavriat, magistratura, doktorantura pilləsi üzrə beynəlxalq ikili diplom proqramlarını tətbiq edir. BDU beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirir. Ötən il BDU Azərbaycandan yeganə universitet olaraq Times Higher Education beynəlxalq reytinqinə daxil edilib.

BDU-da beynəlxalq əlaqələrlə yanaşı, ölkədaxili əməkdaşlığa da xüsusi önəm verilir. Bu əlaqələr dövlət qurumları və özəl şirkətlərlə yaradılır, bilavasitə tədris prosesinin, elmi tədqiqat fəaliyyətinin səmərəli təşkilinə, eləcə də məzunların işlə təmin olunmasına yönəldilir. Son dövrlər Qarabağ Dirçəliş Fondu, Baş Prokurorluq, Əqli Mülkiyyət Agentliyi, Vəkillər Kollegiyası, Əmlak Məsələləri Dövlət Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), DOST Agentliyi, AzerGold, PAŞA Bank, “PAŞA sığorta”, “PAŞA Həyat Sığorta”, Mediasiya Şurası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, “Xəzər TV” MMC, “ARB 24” telekanalı və digər qurumlarla müvafiq memorandumlar, müqavilələr imzalanıb. Təsadüfi deyil ki, BDU-nun əlaqələrinin inkişafı nəticəsində son 2 ildə 30-a yaxın milli və beynəlxalq qrant və müqavilə əsasında layihə həyata keçirilib, 80-dən çox tələbə, doktorant, gənc tədqiqatçı layihələrdə təmsil olunub.

2020-ci ilin sentyabr ayının 27-də mənfur düşmənin növbəti təxribatlarına cavab olaraq başlayan və tarixi Zəfərlə başa çatan Vətən müharibəsində BDU kollektivi, tələbələrimiz və məzunlarımız həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərib. Universitetin çoxsaylı tələbə və məzunu könüllü olaraq cəbhəyə yollanmış, onlardan 19 nəfəri müqəddəs şəhidlik zirvəsinə ucalıb. Universitet rəhbərliyi və kollektivi mütəmadi olaraq şəhid məzun və tələbələrin ailə üzvləri ilə əlaqə saxlayır, Vətən müharibəsindən qalib əsgər kimi qayıtmış və təhsilini davam etdirən tələbələrə xüsusi həssaslıqla yanaşır. Eyni zamanda, Vətən müharibəsi günlərində BDU kollektivi və tələbələri ön cəbhədə olduğu kimi, arxa cəbhədə də mübarizə aparıb, xüsusilə informasiya savaşına özlərinin töhfələrini veriblər. Tarixi qələbədən keçən dövr ərzində də BDU kollektivi bu sahədə fəaliyyətini davam etdirir, informasiya müharibəsində, müharibənin nəticələrinin araşdırılmasında mühüm rol oynayır.

Vətən müharibəsində müzəffər sərkərdəmiz, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun parlaq Qələbəsindən sonra BDU-da iki akademik layihəyə başlanılıb. BDU-nun nüfuzlu professor-müəllim heyətinin, ölkəmizin nüfuzlu alimlərinin iştirak etdiyi hər iki layihə uğurla yerinə yetirilib. Bu layihələrdən birincisi – “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat” Azərbaycan və ingilis dillərində nəşr olunub və ictimaiyyətə təqdim edilib. Beynəlxalq hesabatda təqribən 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən Azərbaycan Respublikası ərazilərinin işğalı nəticəsində həmin ərazilərdən olan məcburi köçkünlərin pozulmuş hüquqlarının, dəymiş ziyanın əhatə dairəsinin və istiqamətlərinin müəyyən edilməsi, beynəlxalq təcrübəni öyrənməklə pozulmuş hüquqların bərpası, nəhayət dəymiş ziyanın Ermənistan tərəfindən ödənilməsi üçün beynəlxalq-hüquqi mexanizmlər təhlil edilib. Hesab edirik ki, hesabat olduqca aktual bir məsələnin beynəlxalq-hüquqi müstəvidə həll olunmasına yönəlib və məsələnin gələcəkdə müsbət həll olunmasına da töhfə verəcək.

İkinci akademik layihə isə “Vətən müharibəsi dövründə yerli və xarici medianın fəaliyyətinin təhlili” layihəsidir. Biz ölkəmizin jurnalistika elmi sahəsində ən böyük elmi potensialı olan ali məktəbi kimi, hesab etdik ki, Vətən müharibəsi dövründə Azərbaycan Respublikası Prezidentinin xarici KİV-ə müsahibələrinin Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, informasiya müharibəsində oynadığı əvəzsiz rolunu öyrənmək, müharibə dövründə yerli və xarici mediada dərc olunan məqalələri və müsahibələri araşdırmaq, beynəlxalq medianın baxışını və yerli medianın fəaliyyətini akademik səviyyədə qiymətləndirərərək, bu materiallardan tədris prosesində istifadə etmək zəruridir. Ona görə də universitetin nüfuzlu alimləri və ölkəmizin tanınmış jurnalistləri bu layihəyə cəlb edildi. Layihə uğurla başa çatdı və layihə çərçivəsində üç kitab nəşr olundu.

Birinci kitabda – “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri” kitabında Vətən müharibəsinin getdiyi gərgin günlərdə dövlətimizin başçısının xarici media orqanlarının nümayəndələrinə verdiyi parlaq müsahibələri, bu müsahibələrin informasiya cəbhəsində, Qarabağ həqiqətlərinin, Azərbaycanın haqq mübarizəsinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu təhlil edilib. Kitabda Prezidentin həmin parlaq müsahibələri jurnalistika aspektindən təhlil olunub, ölkə rəhbərinin müsahibələri və bu müsahibələrin təhlili BDU Elmi Şurasının qərarı ilə dərs vəsaiti kimi təsdiq edilib. İnanırıq ki, bu dərs vəsaiti tədris prosesində geniş istifadə olunacaq, jurnalistika, tarix, beynəlxalq münasibətlər və digər əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr üçün qiymətli mənbə olacaq.

“Vətən müharibəsi yerli və xarici mediada” adlı ikinci kitabda Vətən müharibəsi dövründə ölkə KİV-nin fəaliyyəti, xarici media orqanlarında, eləcə də Ermənistan mətbuatında dərc olunan məqalələr, müsahibələr, reportajlar, analitik yazılar və s. araşdırılıb, beynəlxalq medianın müharibəyə baxışına nəzər salınıb, fərqli yanaşmalar sistemləşdirilib, ümumiləşdirmələr aparılaraq təqdim olunub.

“Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları” adlı üçüncü kitabda isə 44 günlük Vətən müharibəsi dövründə BDU-nun professor-müəllim heyəti və tələbələrinin kütləvi informasiya vasitələrində çıxışları toplanıb.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad olunmasından sonra 2022-ci ilin “Şuşa İli” elan edilməsi bütün xalqımız kimi BDU kollektivi tərəfindən də rəğbətlə qarşılanıb. Bu tarixi hadisə ilə əlaqədar BDU Elmi Şurasında “Şuşa İli” ilə əlaqədar BDU-nun Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına Şuşa ilə bağlı elmi-tədqiqat işlərinin aparılması, Şuşanın tarixi, ədəbi mühiti və mədəniyyət abidələrinə həsr olunmuş monoqrafiyaların nəşri, beynəlxalq elmi konfrans, seminar, dəyirmi masa, açıq dərslərin, foto, rəsm müsabiqələri, ədəbiyyat festivalları və intellektual bilik yarışlarının keçirilməsi də daxildir. Onu da qürurla vurğulayırıq ki, 2022-ci ildə BDU əməkdaşlarının və tələbələrinin Şuşaya səfərləri təşkil edilib.

2022-ci ildə BDU-nun daha bir uğuru kimi Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi, Yunus Əmrə İnstitutu, İLESAM və Azərbaycan Yaradıcılıq Fondu ilə birlikdə Universitetdə keçirilən Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalını xüsusi qeyd etmək olar. Festivalın birinci gününün Şuşa Günü, ikinci gününün Türk Dünyası Günü, üçüncü gününün isə Dədə Qorqud Günü adlandırılması da böyük rəmzi məna daşıyır. Festivalın türk dünyasının böyük mütəfəkkirləri Nizaminin, Yunus Əmrənin, Əlişir Nəvainin, Məhdimqulunun, Tüğölbay Sıdıkbekovun və Abayın xatirəsinə həsr edilməsi də olduqca önəmlidir. Festival günlərində Mirzə Ələkbər Sabirin, Həsən bəy Zərdabinin, Əhməd Cavadın, Xurşidbanu Natəvanın, Hüseyn Cavidin, Əhməd Baydursunlunun, Mirzə Fətəli Axundzadənin, Ömər Faiq Nemanzadənin yubiley tədbirlərinin keçirilməsi, müxtəlif kitab təqdimatları tədbirin əhəmiyyətini, estetikasını, mənəvi dəyərini daha da artırıb.

BDU-nun qazandığı nailiyyətlərdən bəhs edərkən universitetin 2021-ci ildə nəşr etdiyi iki cildlik “Azərbaycan Respublikasının tarixi (1991-2021)” kitabının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bu qiymətli əsərin ortaya çıxmasında əlbəttə ki, ulu öndərimiz Heydər Əliyevin alimlərimizin qarşısında qoyduğu tarixi vəzifələr mühüm rol oynayıb. Ali həqiqətdir ki, müstəqil Azərbaycan Respublikasının tarixi dedikdə, xalqımızın ümummilli lideri, bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş ulu öndərimiz Heydər Əliyevi xatırlayırıq. Ulu Öndərimiz hər zaman tariximizin obyektiv, etibarlı mənbələr əsasında, ciddi tarixşünaslar tərəfindən yazılmasını vacib hesab edirdi. Bu istiqamətdə müdrik rəhbər elm və təhsil ictimaiyyətinin qarşısında mühüm vəzifələr qoymuş, prioritet hədəflər müəyyənləşdirib. Bu mənada iki cilddə nəşr olunan “Azərbaycan Respublikasının tarixi” kitabı həmin vəzifələrin yerinə yetirilməsinə böyük töhfələr verəcək. Kitabın Qarabağ Zəfərindən sonra ərsəyə gəlməsi xüsusilə əlamətdar və qürurvericidir.

Kitab 1991-ci ildə müstəqilliyimizin bərpasından 2021-ci ilə qədər olan otuz illik dövrü, onun birinci cildi isə 2003-cü ilə qədər olan dövrü əhatə edir. Bu dövr ərzində dövlətimiz, xüsusilə müstəqilliyin ilk illərində kifayət qədər keşməkeşli mərhələlərdən keçib, nəhayət, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə sabitlik, quruculuq və inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndərimizin rəhbərlik etdiyi dövrdə Azərbaycan daxili və xarici siyasətdə bir çox uğurlara imza atıb. Ölkədə həyata keçirilən siyasi, sosial, iqtisadi islahatlar Azərbaycanda demokratiyanın möhkəm təməllər üzərində inkişafına zəmin yaradıb, xalqımızın rifahı günbəgün yaxşılaşıbdır.

Kitabın ikinci cildi 2003-2021-ci illəri əhatə edir. 2003-cü ilin oktyabr ayında İlham Əliyev yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçildi. Cənab İlham Əliyevin Prezidentliyi dövründə müstəqil Azərbaycan dövləti ordu quruculuğu, sosial-iqtisadi islahatlar, demokratikləşmə, beynəlxalq əlaqələr sahələrində inkişafının növbəti mərhələsinə qədəm qoydu. Ölkəmizdə bütün sahələrdə Ulu Öndərimizin yaratdığı ənənələr davam və inkişaf etdirildi. Bütün bu məsələlər kitabın ikinci cildində oxucuların diqqətinə faktlar və sənədlər işığında çatdırılır. Kitabın ikinci cildində toxunulan ən vacib məsələlərdən biri artıq tarixdə qalmış Qarabağ münaqişəsi ətrafında gedən danışıqlar prosesinin uğursuzluğu fonunda Ermənistanın növbəti təxribatları, bu təxribatlara cavab kimi başlayan Vətən müharibəsi və onun nəticələridir. Tariximizin Prezident İlham Əliyev tərəfindən yazılmış bu parlaq səhifələrinin kitabda yer alması nəşrin tarixi əhəmiyyətini daha da artırır.

Kitabın son bölməsində işğaldan azad olunmuş torpaqlardakı quruculuq işləri, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunmuş ərazilərə tarixi səfərləri, azad edilmiş ərazilərdə həyata keçirilən böyük layihələr əksini tapır ki, bütün bunlar qüdrətli Azərbaycanın parlaq gələcəyindən xəbər verir. Xüsusilə, dövlətimizin başçısı tərəfindən Şuşanın “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan-Türkiyə arasındakı dostluq-qardaşlıq münasibətlərinin zirvəsi hesab edilən tarixi Şuşa Bəyannaməsinin imzalanması regionun hərtərəfli inkişafına mühüm töhfələr verəcək. Bakı Dövlət Universitetinin Elmi Şurasının təşəbbüsü ilə ərsəyə gəlmiş bu kitab tariximizin yüksəliş və zəfər mərhələsi ilə yekunlaşır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksəliş və Zəfər tariximiz isə davam edir, bu şanlı tarixin hər gün yeni-yeni parlaq səhifələri yazılır. Onu da vurğulamaq lazımdır ki, kitab akademik elmi mühit, bütövlükdə Azərbaycan ictimaiyyəti tərəfindən maraqla qarşılanıb, fundamental nəşrin Heydər Əliyev Mərkəzində ölkənin ali struktur rəhbərlərinin, nüfuzlu alimlərinin, tanınmış ziyalıların iştirakı ilə təntənəli təqdimat mərasimi keçirilib. Eyni zamanda, kitab haqqında mətbuatda görkəmli alimlərin resenziyaları dərc edilib.

Artıq ikinci ildir ki, doğma universitetimizin yaradılmasının növbəti ildönümünü torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün təmin olunması şəraitində qeyd edirik. Möhkəm təməlləri ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən keçən dövr ərzində ölkəmiz günbəgün daha da inkişaf edir. Düşmən tapdağından azad edilmiş əzəli torpaqlarımızda müqayisəyəgəlməz sürətlə genişmiqyaslı quruculuq işləri aparılır, qəsəbələr salınır, hava limanları inşa edilir. Bu günlərdə Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu, əyilməz iradəsi sayəsində Laçın şəhərinin, Sus və Zabux kəndlərinin üzərində ordumuzun nəzarətinin bərpa olunması tarixi Zəfərimizi daha da möhkəmləndirib, Azərbaycanın bölgədəki mövqeyini, nüfuzunu daha da artırıb. Hazırda bütün xalqımız kimi BDU kollektivi də bu xoş xəbərlərin, bir-birinin ardınca davam edən zəfərlərimizin ovqatı ilə daha əzmlə, gələcəyə daha böyük inamla çalışır. Bu gün – ərazi bütövlüyünü bərpa etmiş, Qarabağda üçrəngli bayrağını ucaltmış müstəqil Azərbaycan dövlətinin vətəndaşı olmaq hər birimiz üçün şərəf və sonsuz qürur mənbəyidir. Müstəqilliyimizin memarı, ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, müdrik rəhbərin siyasi kursuna sədaqətin simvolu möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Şuşadan Zəngəzura istiqamətlənən Zəfər yolu davam edir. Qalib ölkənin 103 yaşlı ali təhsil müəssisəsinin – BDU-nun çoxminli kollektivi və tələbələri ölkəmizin bugünkü inkişafından, tərəqqisindən güc alaraq gələcəyə daha böyük inamla qədəm qoyur.

https://azertag.az/xeber/103_yasli_Baki_Dovlet_Universiteti-2274455#.YxCxeyRFiP8.whatsapp

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024