12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

12/11/2020

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 25 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib və noyabrın 27-də qüvvəyə minib. Dövlətin bu Əsas Qanununun yaradılmasında Bakı Dövlət Universitetinin elm xadimlərinin də müstəsna xidmətləri olubdur.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyalarda isə 1925-ci il martın 14-də və 1978-ci ilin aprelin 21-də qəbul edilmişdir.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir. Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan edir. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirir. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoyur. Təsadüfi deyildir ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın - konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu müddəaya əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmışdır. Hazırda bu qurum qanunların Konstitusiyaya uyğunluğunu yoxlamaqla, qanunlara şərh verməklə, prezident və parlament seçkilərinin nəticələrini təsdiqləməklə, hətta vətəndaşların birbaşa müraciəti əsasında müvafiq qərarlar qəbul etməklə bütövlükdə, Konstitusiyanın aliliyini qoruyur.

Ötən 25 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da referendum yolu ilə Azərbaycan Konstitusiyasına bir sıra əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. Konstitusiyaya edilən bu əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 25-ci ildönümü əlamətdar günlərə, Azərbaycan Respublikasının 30 ilə yaxın müddətdə işğalçı Ermənistan dövləti  tərəfindən pozulmuş ərazi bütövlüyünün, tarixi ədalətin bərpası günlərinə - Böyük Qələbənin sevincini yaşadığımız günlərə təsadüf edir. Azərbaycan dövləti 44 günlük müharibə nəticəsində uzun illər dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən aparılan mənasız sülh danışıqları prosesinə son qoydu, tarixi ədaləti özü bərpa etdi, BMT qətnamələrini döyüş meydanında reallaşdırdı. Əzəli Azərbaycan torpaqlarında, qədim Şuşa şəhərinə müqəddəs bayrağımız ucaldıldı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qələbə münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik məktubunda qeyd etdiyi kimi, buna görə “Hər birimiz bizim Prezidentimizə, Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkür edirik! Onun rəhbərliyi ilə müasir, güclü Azərbaycan Ordusu yaradılıb! Məhz onun sarsılmaz iradəsi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində Azərbaycan Ordusu düşməni sarsıtdı, müharibənin nəticəsini müəyyən etdi və qələbə nöqtəsini qoydu. Prezidentimizin güc mənbəyi olan Azərbaycan xalqının hörməti, sevgisi, etimadı, inamı və dəstəyi ona Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini başa çatdırmaqda kömək etdi. Onun başçılığı ilə biz xalqımızın özünəinamını qaytaran Qələbəni qazandıq! Bu Qələbənin möhtəşəmliyi Azərbaycan dövlətinin tarixində əbədi qalacaq!”

Əminik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bundan sonra da Azərbaycan Konstitusiyası ilə üzərinə düşən bütün vəzifələri və öhdəlikləri şərəflə yerinə yetirəcək, ölkəmizin daha da çiçəklənməsi və qüdrətlənməsi naminə əlindən gələni əsirgəməyəcəkdir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024