150 yaşlı Azərbaycan milli mətbuatı
Bu gün 150 yaşını qeyd edən milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçib. “Əkinçi" qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü gün – 22 iyul ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur.
Azərbaycan milli mətbuatının yaranışı maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas-alim Həsən bəy Zərdabinin adı ilə bağlıdır. 1875-ci ildə bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetini ərsəyə gətirən Həsən bəy onun həm naşiri, həm redaktoru, həm də korrektoru idi. Qəzetin işıq üzü görməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalılarımızın böyük xidmətləri olub.
Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlanan bu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu orqanlarımız tərəfindən davam etdirilərək xalqımızın milli oyanışında, XX əsrin əvvəllərində istiqlal arzularının gerçəkləşməsində misilsiz rol oynayıb.
Milli mətbuatımız bütün tarixi inkişafı boyu “Əkinçi” ənənələrinə sadiq qalıb, “Əkinçi məktəbi”nin davamçıları daim cəmiyyətin güzgüsü rolunu oynayıblar.
Azərbaycanda qəzetçilik ənənəsinin əsasını qoyan “Əkinçi”nin cəmi 56 sayı işıq üzü görsə də (1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək), o, milli mətbuatımızın təşəkkül tapmasında və inkişafında əvəzsiz rol oynadı.
Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında populyarlıq qazanmışdı. Qəzet insanların maariflənməsinə, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasına vəsilə oldu. Həmçinin o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ etməklə ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərirdilər. Bu, çar Rusiyasına xoş gəlmədiyi üçün çox keçmədən “Əkinçi”nin nəşri dayandırıldı.
Ümummilli Lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, Azərbaycan milli mətbuatının inkişafında da misilsiz xidmətlər göstərib. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın tarixində də yeni mərhələ açdı. 1998-ci ildə senzuranın ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi.
Ulu Öndərin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam bərqərar olub. Təsadüfi deyil ki, hazırda respublikada çoxsaylı qəzet və jurnal nəşr olunur, informasiya agentliklərinin, televiziya və radioların geniş şəbəkəsi fəaliyyət göstərir, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı və davamlı islahatlar nəticəsində Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib.
“Cəmiyyətin güzgüsü” adlandırılan mətbuat dinamik inkişaf edən sahələrdən biri kimi daim yenilənməyə açıqdır. Sosial şəbəkələrin meydana çıxması, media məkanında sürətli qloballaşma prosesi və milli mətbuatımızın inkişafı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirmişdi. 2021-ci ildə Azərbaycanda “Media haqqında” Qanun qəbul edildi. 9 fəsil, 78 maddədən ibarət olan sənəd ölkədə media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Milli mətbuatımızın yubileylərinin geniş qeyd olunması, KİV-ə müntəzəm yardımlar göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlər bu mühüm sahəyə qayğının tərkib hissəsidir.
Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək möhtəşəm Zəfərimizin müjdəçisi oldu. 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti danılmazdır. Onlar cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlarda iştirak ediblər. Məhz mətbuat nümayəndələrinin peşəkarlığı, fədakarlığı sayəsində Azərbaycanın apardığı ədalətli müharibə, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin xalqımıza qarşı törətdiyi müharibə cinayətləri haqqında dünya ictimaiyyətinə dolğun məlumatlar çatdırıldı. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında torpaqlarımızın azadlığı naminə qələmini silaha dəyişən jurnalistlərimiz də az deyil.
Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ən böyük missiyanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özü reallaşdırdı. Dövlətimizin başçısının Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna dolğun və faktlara əsaslanan müsahibələri informasiya müharibəsində də Qələbə qazanmağımızda müstəsna rol oynadı.
Azərbaycan həqiqətlərinin təbliği missiyasını hər zaman yorulmadan yerinə yetirən mətbuatımız 44 günlük Vətən müharibəsinin gedişində düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfə verdiyi kimi, postmüharibə dövründə də bu işi uğurla davam etdirməkdədir. Azərbaycan mediası Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin səsləndirdiyi bəyanatların, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə informasiyaların ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq, “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır”. Bu fikirlər Azərbaycan jurnalistlərinin qarşısında duran yol xəritəsidir.
İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə səsləndirdiyi fikirlər onun ölkə mediasına verdiyi yüksək dəyəri bir daha sübut edir: “Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Mən bu tezisə şərh vermək istəmirəm. Amma fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan böyük inkişaf yolu keçib”.
Bakı Dövlət Universiteti (BDU) ölkəmizin jurnalist kadrlar hazırlayan ən böyük ali təhsil müəssisəsi kimi Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə öz məzunlarını, kütləvi informasiya vasitələri nümayəndələrini təbrik edir. Böyük peşəkarlıq, fədakarlıq tələb edən məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar diləyir.