15 Sentyabr - Bilik Günüdür

15/09/2021

15 sentyabr tarixi ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab lham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin ildən etibarən 15 sentyabr tarixi Azərbaycanda Bilik Günü kimi qeyd olunmağa başlayıb. Təhsilə dövlət qayğısı, aparılan uğurlu təhsil islahatları, Heydər Əliyev Fondunun müvafiq istiqamətdə həyata keçirdiyi sosial layihələr nəticəsində son illər Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Bu gün təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir.

Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. Azərbaycan ali məktəblərinin flaqmanı, şərəfli keçmişə, zəngin təcrübəyə malik, ənənə ilə müasirliyin vəhdətini özündə ehtiva edən Bakı Dövlət Universiteti (BDU) mövcud təcrübə və ənənələri daha da möhkəmləndirmək, ölkənin peşəkar kadr və elmi potensialını zənginləşdirmək məramı ilə yeni dərs ilinə qədəm qoyur. Təəssüflər olsun ki, COVID-19 pandemiyası səbəbindən müəyyən zaman kəsiyində həmişəkindən fərqli olaraq, professor-müəllim heyətini və tələbələrimizi Universitet auditoriyalarında deyil, monitor qarşısından salamlamalı olsaq da, 29 sentyabr tarixindən yenidən ənənəvi tədris prosesinə geri qayıdırıq.

BDU-da tədrisin təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması, dövrün tələblərinə uyğun kadrların hazırlanması istiqamətində aparılan fəaliyyətin tərkib hissəsi olaraq, bu il bakalavr və magistratura səviyyələri üzrə yeni ixtisas və ixtisaslaşmalar açılıb. Yeni ixtisasların yaradılması həm də əmək bazarında bu ixtisaslara olan tələbatın ödənilməsi zərurətindən yaranıb.

Bundan əlavə Universitetin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb, müasir tələblərə cavab verən, bütün zəruri avadanlıqlarla təchiz olunmuş yeni Tələbə Evi, Tələbə Elmi Yaradıcılıq Mərkəzi tam hazır vəziyyətə gətirilib.

Universitetin beynəlxalq layihələrdə iştirakı, beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, ikili diplom proqramlarının miqyasının genişləndirilməsi istiqamətində bir sıra xarici ali təhsil müəssisələri ilə danışıqlar aparılıb, birgə layihələrin həyata keçirilməsi məqsədilə hazırlıq işlərinə başlanılıb.

Bu il BDU-da eləcə də təhsilin keyfiyyətini artırmaq üçün beynəlxalq “BLACKBOARD” elektron təhsil sisteminin tətbiqinə başlanılıb. "Blackboard” - tədrisin idarəedilməsi proqramının istifadəsi BDU-da “Blackboard EdTech” ekosisteminə daxil olan “bulud platforması” vasitəsilə ilə tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə və digər tədris proseslərinin elektronlaşdırılmış həllinə imkan yaradır.

Tarixdə ilk dəfə Bakı Dövlət Universiteti Dünya universitetlərinin reytinqi (World University Rankings) siyahısında yer alıb. Builki siyahıda dünyanın ən nüfuzlu universiteti sırasında Bakı Dövlət Universitetinin qərarlaşmasının qürurunu yaşayırıq.

Bütün bunlar yeni tədris ilində tələbələrimizin peşəkar mütəxəssislər kimi formalaşmasında, elmin sirlərinə yiyələnməsində mühüm rol oynayacaqdır.

Hörmətli müəllimlər, əziz tələbələr, yeni tədris ilində sizə uğurlar arzulayırıq!

Bilik Gününüz mübarək!

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024