1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

01/06/2020

 

 

Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə,

ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.

Ulu Öndər Heydər Əliyev

 

Müasir dünyada uşaqların hüquqlarının müdafiəsi ən aktual məsələlərdəndir. 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib və elə həmin tədbirdə 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra dünyanın əksər ölkələrində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.

Ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir. Uşaqların sosial həyatında tolerantlıq, onların sülh və qarşılıqlı anlaşma ruhunda tərbiyəsi, sağlam həyat tərzinin yaradılması, hüquqlarının müdafiəsi, humanizm və demokratik təhsil kimi məsələlər ön plana çəkilmişdir.

Azərbaycanda uşaqların müdafiəsi və onların qayğı ilə əhatə olunması istiqamətində çoxşaxəli tədbirlər görülüb. Uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazası formalaşıb. 1998-ci il mayın 19-da “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Uşaq hüquqları haqqında qanunvericilik - uşaqlar haqqında dövlət siyasəti, uşaq hüquqlarının müdafiəsi, onun mənafeyinin üstünlüyü, yaşamaq və inkişaf etmək hüququ, həyatın və sağlamlığın müdafiəsi, ad və vətəndaşlıq, tərbiyə almaq, azadlıq, zəruri maddi təminatı, vicdan, fikir və söz hüquqları və s. müəyyən edən 16 maddədən ibarətdir. Qanunda həmçinin uşaqların təhsil, istirahət, ictimai təşkilatlarda birləşmək, şərəf və ləyaqətlərinin müdafiəsi, uşaqların istismarı və zərərli təsirlərdən mühafizəsi də öz əksini tapıb.

Ölkəmiz uşaq hüquqlarının müdafiəsi sahəsində bir sıra beynəlxalq təşkilatlarla, xüsusilə də BMT-nin Uşaq Fondu - UNİCEF-lə 1993-cü ildən sıx əməkdaşlıq edir. Azərbaycan UNİCEF-in təşəbbüsünə qoşularaq uşaqların hüquqlarının qorunmasının təminatçısı kimi çıxış edib. 1994-cü Ümummilli Lider Heydər Əliyev BMT-nin iqamətgahında Azərbaycan Respublikası adından Uşaq Hüquqları Konvensiyasını imzalayıb.

Müasir dövrdə Azərbaycanda uşaq və gənclərin vətəndaşlıq, vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyə sisteminin hüquqi əsası formalaşdırılmış və normativ mənbə kimi bir sıra proqramlar qəbul edilmişdir. "Təhsil haqqında" Qanun, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu ilin fevralında təsdiq olunmuş "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi" Proqramı və s. yeniyetmə və gənclərin milli-mənəvi tərbiyəsində istinad olunacaq hüquqi-normativ baza rolunu oynayır. Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə 2009-cu il ölkəmizdə "Uşaq ili" elan olunub.

Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hər il internat və uşaq evlərində tərbiyə alan, eləcə də qaçqın və məcburi köçkün uşaqlar üçün bayram şənliklərində iştirak edərək onları bir araya gətirir, uşaqlarla bir süfrə arxasında əyləşir, səmimiliyi ilə onların hər birinin qəlbinə yol tapır. Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqlara diqqət və qayğı ilə yanaşır. Fond mütəmadi olaraq ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə dəstək göstərir. Fondun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi" və s. kimi layihələrinin reallaşdırılması əsl mərhəmət və xeyirxahlıq nümunəsidir.

Bu gün uşaq və gənclərin mənəvi və əxlaqi, vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycanda uşaqların layiqli vətəndaş kimi yetişmələri, uşaqlarla bağlı sosial problemlərin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından dövlət səviyyəsində vacib addımlar atılır.

Uşaq - heç bir sözlə ifadə edilməyən və dəyəri heç nə ilə ölçülməyən əvəzsiz varlıqdır. Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024