2021/2022-ci tədris ilində BDU-da yeni magistr ixtisaslaşmaları

27/07/2021

Bakı Dövlət Universitetində (BDU) tədrisin yenilənməsi və müasir standartlara uyğun qurulması, dövrün tələblərinə uyğun kadrların hazırlanması istiqamətində aparılan fəaliyyətin tərkib hissəsi olaraq, 2021/2022-ci tədris ili üçün  magistratura səviyyəsi üzrə yeni ixtisas və ixtisaslaşmalar açılıb.

Magistratura pilləsindəEkologiya hüququ”, “Aktuar riyaziyyat”, “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı”, “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşmaları əmək bazarında bu sahələrə olan tələbatın ödənilməsi zərurətindən yaradılıb. Magistratura pilləsində təhsil almaq istəyən tələbələrə məlumat üçün bildirmək istərdik ki:

Hüquqsünaslıq ixtisasında təhsil alan tələbələr “Ekologiya hüququ” ixtisaslaşması üzrə magistraturada təhsillərini davam etdirə bilər. İxtisasın əsas məqsədi ekoloji münasibətlərin hüquqi baxımdan tənzimlənməsi,  əhalinin ekoloji təhlükəsizliyinin təmin edilməsidir. Ekologiya hüququ ixtisaslaşması üzrə təhsilalanlara ekologiyanın qorunmasının və ətraf mühitin mühafizəsinin ekoloji-hüquqi normaları, ekoloji-hüquqi məsuliyyət, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərin ekoloji-hüquqi mühafizəsi kimi sahələr üzrə biliklər veriləcək.

Aktuar riyaziyyat - maliyyə, xüsusilə də  sığorta əməliyyatlarında ehtimal nəzəriyyəsi, statistika və riyazi üsulların tətbiqi sahəsidir. Hazırda qiymətli kağızlar bazarında investisiya risklərinin qiymətləndirilməsi başda olmaqla, bir sıra maliyyə əməliyyatlarında da aktuariatdan istifadə olunur. Bundan əlavə, ehtimalın hesablanması əsasında seçim edilən maliyyə əməliyyatlarında da aktuariat tətbiq edilməyə başlanmışdır: birja siyasətinin formalaşması, likvid vəsaitlərdən istifadə edilməsi yollarının müəyyənləşdirilməsi, gəlirlərin aktuallaşdırılmasına əsaslanan investisiyaların seçilməsi bu qəbildəndir. İxtisaslaşma üzrə magistraturaya qəbul olanlar aktuariat maliyyə riyaziyyatının əsasını öyrənəcək.

Müasir tələblərə cavab verən “Mobil tətbiqlər və oyun dizaynı” ixtisaslaşması əmək bazarında informasiya texnologiyaları (İT) sahəsi üzrə xüsusi biliklərə malik mütəxəssislərə olan tələbatın ödənilməsi zərurətindən yaradılıb. İxtisaslaşma üzrə proqram Bakı Dövlət Universitetinin tərəfdaş kimi iştirak etdiyi Avropa İttifaqının Erasmus + KA2 proqramı çərçivəsində “Tərəfdaş universitetlərdə mobil tətbiqlər və oyun dizaynı magistr proqramlarının hazırlanması” layihəsi çərçivəsində hazırlanmışdır. Ali təhsil sahəsində potensialın artırılmasına xidmət edən layihə çərçivəsində BDU-da “Mobil tətbiqlər və oyun dizaynı” ixtisaslaşması üzrə müasir standartlara cavab verən yeni laboratoriya qurulub.

“Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə magistratura proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə ali təhsilin magistratura səviyyəsi üzrə həyata keçirilən SABAH Magistraturası layihəsi çərçivəsində yeni məzmunun yaradılması və tədrisinin təşkili məqsədi ilə hazırlanmış, innovativ təlim, tədris və tədqiqat metodlarına əsaslanan yeni məzmunun hazırlanması və tətbiqi ilə bu ixtisaslaşma üzrə konvergens və innovativ biliklərə malik mütəxəssislərin hazırlanması nəzərdə tutulur. İxtisaslaşma üzrə təhsilalanlar informasiyanın emalı, saxlanılması və tətbiqi üzrə biliklərə yiyələnəcək, alqoritmlərin hazırlanmasını öyrənəcək.

MBA proqramı iqtisadi və idarəetmə elmlərinin fundamental və tətbiqi metodlarından istifadə edərək öz peşə fəaliyyətlərində praktik problemləri təsnif etmək və onları effektiv həll etmək bacarıqlarına malik olan, təhsil, elm və işgüzar fəaliyyət sahəsi üçün ölkəmizdə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması prosesinə təkan verəcəkdir. BDU və ABŞ-ın Linkoln Universiteti arasında biznes inzibatçılığı sahəsində MBA proqramı bazasında “Biznesin təşkili və idarə edilməsi, maliyyə” ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramı tətbiq edilir.

 

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024