BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

19/01/2022

Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdən əvvəl BDU kollektivi 2 saylı tədris binasının qarşısında Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub, gül dəstələri düzülüb.

Sonra tədbir böyük akt zalında davam edib.

Mərasim iştirakçıları ilk olaraq 20 Yanvar qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Giriş sözü ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 32 il əvvəl həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.

O zaman yalnız Ümummilli Liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək kəskin bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.

Milli Məclisinin üzvü, BDU-nun professoru Jalə Əliyeva qeyd edib ki, həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, müstəqillik uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar faciəsi ermənipərəst sovet rəhbərliyinin Azərbaycana qarşı məkrli niyyətini bir daha açıb göstərdi. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb.

Sonra Tarix fakültəsinin dosenti Sənubər İsmayılova, Jurnalistika fakültəsinin doktorantı Nurşərəf Tağıyeva çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən qanlı hadisələr haqqında çıxış edib, sovet ordusunun paytaxtda, eyni zamanda bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən bəhs edib, şəhidlərimizin müasir tariximizin qəhrəmanlarına çevrilməsindən söz açıb, şəhid ailələrinə, əlillərə dövlətin diqqət və qayğısından bəhs edilib. Sonda 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 20 Yanvar şəhidlərinin qisasının alındığı, vətən uğrunda canlarından keçmiş oğullarımızın Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı qeyd olunub.

Tədbridə AzTV-nin istehsalı olan “Tarixin izi ilə” sənədli filmi (sənədli filmin ssenari müəllifi BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovdur) nümayiş etdirilib.

Tədbir Mədəniyyət-yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə ədəbi-bədii hissə ilə davam edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024