20 Yanvar - Milli iradəmizin zəfər çaldığı gün

20/01/2021

1990-cı ilin 20 Yanvar hadisələrindən 31 il keçir. Bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.  Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ müdafiə naziri D.Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdıb əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil oldular. Bakıda yanvarın 20-si saat 00:00-da fövqəladə vəziyyət tətbiq edilməsi üzrə imzalanmış fərman səhər saat 5.30-da radio ilə elan olunmuşdur. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. 1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.

O zaman yalnız Ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti  qətiyyətlə ittiham edərək kəskin  bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra məhz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verdi.

20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin açılışı oldu.

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı tədris binasının qarşısında 20 Yanvar Şəhidlərinin xatirəsinə ucaldılmış abidə bu faciə qurbanlarının xatirəsinə ehtiramın növbəti nümunəsidir.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq və milli mübarizə tariximizin növbəti səhifəsidir. Xalq milli birliyini qoruyaraq müstəqil dövlət qurmaq mübarizəsini davam etdirdi. Şəhidlərimizin ruhu, milli şüurumuz, genetikamız bizdən - hər bir azərbaycanlıdan müstəqil dövlətimizi qorumağı və inkişaf etdirməyi tələb edir.

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib.

1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Qanlı Yanvar faciəsinin XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü olub, ölkəmizin suverenliyi və azadlığı uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin əbədi yaşayacağına əminik. Faciə zamanı keçmiş Sovet ordusunun xalqımızın silahsız övladlarını, mülki əhalini vəhşicəsinə qətlə yetirdiyi bu hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olaraq tarixin yaddaşında qalacaq.

Bu gün xatirəsini daim əziz və uca tutduğumuz şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi və siyasi bacarığı nəticəsində, qüdrətli ordumuzun rəşadəti sayəsində, xalqın həmrəyliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qarabağ zəfəri ilə şəhidlərimizin intiqamı alındı və onların qanı yerdə qalmadı.

20 Yanvar qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizə uca Allahdan rəhmət diləyirik!

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024