“20 yanvar - Xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi” mövzusunda dəyirmi masa keçirilib

19/01/2021

Bu gün Bakı Dövlət Universitetində (BDU) “20 yanvar - Xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi” mövzusunda onlayn dəyirmi masa keçirilib.

İlk olaraq 20 Yanvar qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun rektoru Elçin Babayev qonaqları salamlayaraq Qanlı Yanvar faciəsinin XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü olduğunu qeyd edərək ölkəmizin suverenliyi və azadlığı uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin əbədi yaşayacağını bildirib. Faciə zamanı keçmiş Sovet ordusunun xalqımızın silahsız övladlarını, mülki əhalini vəhşicəsinə qətlə yetirdiyini bildirən rektor bu hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə həm faciə, həm də qanla yazılmış şanlı mübarizə salnaməsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib. Qanlı hadisədən 31 il keçməsinə baxmayaraq, xalqımızın o dəhşətli günlərin ağrı-acısını hələ də unutmadığını deyib.

Bu hadisələrə ilk reaksiyanın Ümummilli lider Heydər Əliyevdən gəldiyini nəzərə çatdıran E.Babayev H.Əliyevin faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyini söyləyib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə faciəyə siyasi-hüquqi qiymət verildiyini onlayn tədbir iştirakçılarının diqqətinə çatdırıb. 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanması da Ümummilli liderin adı ilə bağlı olduğunu qeyd edib. Xüsusi vurğulayıb ki, bu gün şəhidlərimizin ruhu şaddır, çünki işğal altında olan torpaqlarımız artıq düşmən tapdağından azad edilib.

Bakı Dövlət Universitetinin 2 saylı tədris binasının qarşısında 20 Yanvar Şəhidlərinin xatirəsinə ucaldılmış abidə bu faciə qurbanlarının xatirəsinə ehtiramın növbəti nümunəsidir.

Dəyirmi masanın moderatoru, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsinin xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixi olduğunu qeyd edib. Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 31 il ötdüyünü nəzərə çatdıraraq sözü məruzəçilərə verib.

Daha sonra şəhid, Milli Qəhrəman Məzahir Rüstəmovun atası, BDU-nun Sosiologiya kafedrasının professoru İzzət Rüstəmov məruzə ilə çıxış edib. Məruzədə 31 il öncə baş verən hadisələr bir daha nəzərdən keçirilib, 20 Yanvar faciəsinin baş vermə səbəbləri, həmin dövrdə dünyada və ölkə daxilindəki ictimai-siyasi vəziyyət təhlil olunub, xalqımızın azadlıq mübarizəsində 20 Yanvar faciəsinin oynadığı roldan, BDU tələbələrinin bu dövrdəki xidmətlərindən ətraflı bəhs edilib.

Dəyirmi masa Milli Məclisin üzvü, BDU-nun professoru Jalə Əliyeva, Milli Məclisin üzvü, BDU-nun kafedra müdiri Anar İsgəndərov, “20 Yanvar Şəhid  Ailələrinin Hüquqlarının Təmin olunması” İctimai Birliyinin sədr müavini, BDU-nun elmi işçisi Almara Nəbiyeva, Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi Əlövsət Allahverdiyev, Tarix fakültəsinin magistrantı Nigar Abdullazadənin Ümumxalq Hüzn Günü ilə bağlı çıxışları ilə davam edib.

Çıxışlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən qanlı hadisələr yada salınıb, sovet ordusunun paytaxtda, eyni zamanda bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən danışılıb, bu faciənin beynəlxalq hüquqi aspektləri təhlil olunub, şəhidlərimizin müasir tariximizin qəhrəmanlarına çevrilməsindən söz açılıb, şəhid ailələrinə, əlillərə dövlətin diqqət və qayğısından bəhs edilib.

Sonda 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 20 Yanvar şəhidlərinin qisasının alındığı, vətən uğrunda canlarından keçmiş oğullarımızın Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı qeyd olunub.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024