27 sentyabr - Anım Günüdür

27/09/2021

2020-ci il tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Bu gün qüdrətli, müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, şanlı səhifələrin yazılmağa başladığı  gündən bir il ötür.

2020-ci il 27 sentyabr tarixində səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, mina atanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başladı. Buna cavab olaraq, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusu bütün cəbhə boyu sürətli əks-hücum  əməliyyatı ilə döyüşə atıldı.

İkinci Qarabağ müharibəsi əhali arasında Vətən Müharibəsi və “Dəmir Yumruq əməliyyatı” kimi qəbul edilərək Azərbaycan tarixinə ən parlaq səhifə kimi yazıldı. 44 gün davam edən müharibə zamanı Azərbaycan xalqı dünya tarixində misli görünməmiş, sözün əsl mənasında, qeyri-adi birlik və fədakarlıq göstərərək ölkə başçısının ətrafında sıx birləşdi. Azərbaycan əsgəri yüksək rəşadət nümayiş etdirib dünya hərb tarixində yeni nailiyyətlərə imza atdı. Məhz peşəkarlıq Azərbaycan ordusunun az itki ilə qısa müddətdə parlaq qələbə qazanmasına şərait yaratdı.

30 ildir qisas hissi ilə yaşayan, hər an son döyüş əmrini gözləyən rəşadətli Ordumuz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə əzmlə döyüşə atıldı. Ölkə rəhbərinin müdrik və qətiyyətli qərarları sayəsində əks-hücum əməliyyatlarına başlayan şanlı ordumuz qısa müddət ərzində ildırım sürətli əks-hücum planı ilə uzun illərdir işğal altında olan tarixi torpaqlarımızı bir-birinin ardınca azad etdi, əzəli yurd yerlərimizdə Azərbaycan bayraqları yenidən və əbədi dalğalanmağa başladı.

Taleyüklü Vətən Müharibəsi günlərində qədirbilən xalqımızın hər zaman olduğu kimi Prezident İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşməsi zəfərə gedən yolumuzun uzaqda olmadığının müjdəsini verməkdə idi. Noyabr ayının 8-də Qarabağın ürəyi Şuşanın azad edilməsi ilə düşmən sarsıdıcı zərbə aldı. Cəmi bircə gün sonra 72 yaşayış məntəqəsi və 8 strateji yüksəkliyin azad olunması isə düşmənin yerlə-yeksan edilməsi ilə nəticələndi. 10 noyabrda xain düşmənin kapitulyasiya aktını imzalamaqdan başqa çarəsi qalmadı. İşğalçı qüvvələr 20 noyabrda Ağdamı, 25 noyabrda Kəlbəcəri, 1 dekabrda isə Laçını tərk etdilər. Beləliklə, qüdrətli Azərbaycan dövləti Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə əsaslanaraq Müzəffər Ali Baş Komandanımız, yenilməz sərkərdəmiz cənab İlham Əliyev rəhbərliyi ilə tarixi zəfər qazandı. Xüsusi vurğulamaq lazımdır ki, 44 günlük müharibə günlərində cənab Prezidentimiz İlham Əliyev diplomatiya və informasiya cəbhəsində də əzmlə mübarizə apardı, Azərbaycanın haqlı mövqeyini məharətlə müdafiə etdi.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı adlandırdığı, hər zaman məzunu olması ilə fəxr etdiyini ifadə edərək yüksək dəyər verdiyi Bakı Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələri və məzunları da, hər bir azərbaycanlı kimi, 44 günlük Vətən Müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərdi. Universitetin çoxsaylı tələbə və məzunu könüllü olaraq cəbhəyə yollandı, onlardan 18 nəfər müqəddəs şəhidlik zirvəsinə ucaldı. Torpaqlarımız uğrunda canlarından keçmiş bütün şəhidlərimizin, eləcə də Bakı Dövlət Universitetinin tələbəsi və məzunu olan şəhidlərimizin əziz və unudulmaz xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.

Azərbaycan dövlətinin qüdrəti, qəhrəman xalqımızın sarsılmaz birliyi, qazilərimizin qanı, şəhidlərimizin canı bahasına əldə edilən tarixi Qələbəmiz bizi daha böyük nailiyyətlərə, xoşbəxt sabahlara səsləyir.

27 sentyabr - müqəddəs Şəhidlərimizin Anım Günündə torpaqlarımız uğrunda canlarından keçən soydaşlarımızı bir daha ehtiramla anırıq. Bizə Qələbə bəxş edən şəhidlərimizin ruhları qarşısında baş əyirik!

Allah Sizə rəhmət eləsin, yeriniz behişt olsun, əziz şəhidlərimiz. Bu günlərimiz üçün Sizlərə borcluyuq.

Azərbaycanın şanlı bayrağı işğaldan azad edilmiş torpaqlarda əbədi dalğalanacaq!

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024