5 Dekabr – Beynəlxalq Könüllülər Günüdür

05/12/2022

BMT Baş Assambleyasının 1985-ci il dekabrın 17-də qəbul etdiyi qətnaməyə əsasən, hər il dekabrın 5-i dünyada “İqtisadi və sosial inkişaf naminə Beynəlxalq Könüllülər Günü” kimi qeyd olunur.

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. Könüllü kimi çalışan şəxs cəmiyyətə töhfə verməklə yanaşı, öz inkişafına dəstək olur, müxtəlif və fərqli problemlərin həllində yaxından iştirak edir. Könüllü fəaliyyət göstərmək çox böyük üstünlüklər verir. Peşəkar təcrübə baxımından insan könüllü fəaliyyət göstərən zaman öz sahəsinin mütəxəssisinə çevrilir və könüllü fəaliyyəti müddətində qazandığı bilik və bacarıqlardan gələcək karyerasında da istifadə edir.

Müstəqil Azərbaycan Respublikasında könüllülük sahəsində əsl inkişaf Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Dahi öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsində Azərbaycanda güclü könüllü komanda yaradılıb və könüllülük prinsiplərinin geniş auditoriyada təbliğinə start verilib.

XXI əsrin əvvəllərində Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə ölkəmizin dinamik və hərtərəfli inkişafında könüllülük fəaliyyəti mühüm önəm daşımağa başlayıb. 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynayıb. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoyub.

Azərbaycan Prezidentinin bu sahəyə diqqəti, qayğısı və fəal dəstəyi könüllülüyün bugünkü yüksək inkişaf səviyyəsinə çatmasını təmin etməklə yanaşı, gənclər üçün yeni fürsətlər yaradıb. Xüsusilə son illərdə Azərbaycanın ev sahibliyi etdiyi “Avroviziya-2012” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları və digər mötəbər beynəlxalq tədbirlərin təşkilinə ümumilikdə on minlərlə könüllü cəlb olunub. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşıb.
Ölkəmizdə könüllülük hərəkatının inkişafında və bu sahədə qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusilə vurğulamaq lazımdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində qeyd olunan mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyətinə şərait yaradılıb, onların əməyi yüksək qiymətləndirilib.

2020-ci ilin “Könüllülər ili” elan edilməsi dövlətimizin, Prezidentimizin gənclərə diqqət və qayğısının daha bir bariz nümunəsi oldu. Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev onların iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında önə çəkilməsini, bütün dövlət qurumlarına könüllülərin cəlb olunmasını tövsiyə edib. Dövlətimizin başçısının bu tövsiyəsi Azərbaycanda könüllülük hərəkatının inkişafına əlavə təkan verib. Bu tövsiyədən irəli gələrək müxtəlif dövlət qurumlarına könüllülərin cəlb olunmasına başlanılıb və bu iş uğurla davam etdirilir. Sevindirici haldır ki, könüllülərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərdə rol oynayırlar.

Azərbaycan könüllüləri üçün ən həlledici sınaqlardan biri də 44 günlük Vətən müharibəsi oldu. Məhz yüzlərlə könüllü Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusunun sıralarına yazılaraq torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşlərə atıldılar. Könüllülərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda həyata keçirilən quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində könüllülərin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan könüllülərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı könüllü gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır. Artıq "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin tərkibində “Qarabağ Könüllüləri” Klubu fəaliyyətə başlayıb. Klubun məqsədi Qarabağ könüllülərini birləşdirmək, Qarabağa qayıdış prosesində, quruculuq və bərpa işlərində keçirilən aksiyalarda könüllü dəstəyini göstərməklə yanaşı, onların şəxsi inkişafına, gələcək fəaliyyətlərinə təkan verməkdir.
Bakı Dövlət Universitetinin (BDU) tələbələri də könüllülük hərəkatına mühüm töhfələr veriblər. 2019-ci ildən fəaliyyət göstərən "BDU könüllüləri” qrupu hazırda öz ətrafında 1000-dən çox könüllü tələbəni birləşdirir.

Qrup 2020-ci ildən başlayaraq bir sıra uğurlu layihələr həyata keçirib, BDU-da könüllülük hərəkatının genişlənməsində, tələbə təşkilatları ilə birgə sosial və mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirak edib. Pandemiya dövründə əməkdaş və tələbələr arasında “COVID-19” xəstəliyi ilə mübarizə istiqamətində maarifləndirmə işində, xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsində, eləcə də tələbələrin onlayn dərslərə fəal qoşulmasının təşviqində xüsusi fəallıq göstərib.

Hazırda könüllü tələbələr BDU-nun müxtəlif struktur bölmələrində könüllü kimi fəaliyyət göstərməklə Universitetin ictimai həyatında fəal iştirak edirlər. Bu ilin ilk yarısında “BDU könüllüləri” qrupunun təşkilatçılığı ilə müxtəlif səpkili 47 tədbir keçirilib.

Universitetin könüllüləri həmçinin ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdə, sosial layihələrdə, humanitar aksiyalarda fəal iştirak etməklə respublikamızda uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz töhfələrini verirlər.

"BDU könüllüləri" könüllülük sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə, ölkəmizdə fəaliyyət göstərən digər könüllülər təşkilatları ilə əlaqələrin qurulmasına xüsusi diqqət yetirir. Eyni zamanda gənclər arasında könüllülüyün təşviqi və təbliği, könüllülük sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması ilə bağlı mövcud beynəlxalq təcrübənin öyrənilməsinə səy göstərir.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024