8 Noyabr - Zəfər Günüdür

08/11/2021

​8 Noyabr - xalqımızın çoxəsrlik tarixində ən şərəfli gündür. Məhz ötən ilin 8 noyabrında 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandanımızın mahir sərkərdəliyi, şəhidlərimizin canı, qazilərimizin qanı, sarsılmaz Xalq-İqtidar-Ordu birliyi sayəsində tarixi zəfərlə başa çatdı. Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü təmin olundu. Artıq əminliklə və böyük qürur və fəxr hissi ilə söyləyirik ki,  möhkəm təməlləri xalqımızın Ümummilli Lideri, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil və qüdrətli Azərbaycan dövləti möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu rəhbərliyi sayəsində bölgədə yeni reallıqlar yaradıb. Ümumxalq birliyinin, həmrəyliyinin nəticəsi olan bu Zəfər tariximizin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazıldı.

Bu gün hər anını qürurla yaşadığımız çağdaş tariximizin, zəfər salnaməmizin ilk səhifələri ötən ilin 27 sentyabrından Müzəffər Ali Baş Komandanımız, Müzəffər Ordumuz və Müzəffər xalqımız tərəfindən inamla yazılmağa başlandı. 2020-ci il sentyabrın 27-də mənfur erməni qəsbkarlarının növbəti hərbi təcavüzünə  cavab olaraq Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başlayan əks-hücum əməliyyatları 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda ölüm-dirim savaşına çevrildi. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan, haqqında əsrlərlə danışılacaq 44 günlük Vətən müharibəsinin ilk anlarından müzəffər Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətli qərarlar sayəsində düşmənin müdafiə xətti yarıldı. Düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. İldırım sürətli müharibə planı ilə hərəkət edən peşəkar, cəsur Azərbaycan ordusu döyüşlərin başladığı ilk gündə strateji Murov zirvəsində, Füzulidə, Cəbrayılda, sonrakı günlərdə isə Suqovuşanda, Hadrutda, Xocavənddə, Zəngilanda, Qubadlıda üçrəngli bayrağımızı ucaltdı.

Noyabr ayının 8-də Qarabağın ürəyi Şuşanın azad olunması ilə Ali Baş Komandanımızın rəhbərlik etdiyi müzəffər ordumuz düşməni növbəti dəfə böyük məğlubiyyətə uğratdı və onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bununla da Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olundu, 30 illlik müharibə ölkəmizin parlaq qələbəsi ilə başa çatdı.

Cənab Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin vurğuladığı kimi, indi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur! Bu qələbə xalqımızın tarixində qazanılmış ən böyük qələbə, ən uca zəfərdir. Adı dünya hərb tarixinə qızıl hərflərlə yazılan Müzəffər Ali Baş Komandanımız 44 günlük Vətən Müharibəsi ilə bütün dünyaya cəsarətli və eyni zamanda ədalətli müharibə aparmağın örnəyini göstərdi, müzəffər ordumuzun yalnız işğalçı qüvvələrlə döyüşdüyünü, hər cür təxribatlara baxmayaq, heç bir halda mülki əhalini hədəf seçmədiyini nümayiş etdirdi.

Onu da xüsusi vurğulamaq lazımdır ki, cənab Prezidentimizin rəhbərliyi ilə 44 günlük müharibə yalnız səngərdə, döyüş meydanında getmədi, bu müddət ərzində cənab Prezidentimiz diplomatiya cəbhəsində də mübarizə apardı, ölkəmizə olan təzyiqlərə, təsirlərə qarşı özünün siyasi iradəsini, əzmkarlığını nümayiş etdirdi, Qarabağ münaqişəsinin yalnız Azərbaycan xalqının maraqları çərçivəsində həll oluna biləcəyini bütün dünyaya bəyan etdi. Ön cəbhədə olduğu kimi diplomatik cəbhədə də bütün şərtləri qüdrətli Azərbaycan dövləti diktə etdi. Cənab Prezidentimizin ardıcıl, məqsədöyünlü siyasəti sayəsində qardaş Türkiyə Cümhuriyyəti başda olmaqla dost və tərəfdaş ölkələrin siyasi və mənəvi dəstəyi bu prosesdə Azərbayacanın diplomatik uğurlarını, siyasi mövqeyini daha da möhkəmləndiridi. Məhz bu hərbi-siyasi mübarizənin nəticəsində regionda yeni düzən, fərqli geostrateji şəarait yarandı və artıq qətiyyətlə söyləmək olar ki, bölgədə bütün şərtləri Azərbaycan dövləti diqtə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Parlaq qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin misilsiz fəaliyyəti nəticəsində işğaldan azad edilmiş ərazilərdə yeni yollar salınır, körpülər tikilir, su elektrik stansiyaları istifadəyə verilir, Beynəlxalq Hava Limanlarının açılışı keçirilir, yeni yaşayış binalarının təməlləri qoyulur və saymaqla bitməyən nəhayətsiz, miqyası heç bir ölçüyə gəlməyən nəhəng layihələr gerçəkləşdirilir. Cənnət Qaarabağımız ən yaxın zamanda yenidən əvvəlki xoş günlərinə qayıdacaq və ondan da gözəl olacaqdır. Qədirbilən xalqımız torpaqlarımız uğrunda şəhid olan soydaşlarımızı heç zaman unutmayacaq, onların işıqlı xatirəsini həmişə yaşadacaqdır. Şəhid ailələri və qazilərimiz onlara olan ən ali hörməti və izzəti hər an hiss edəcəklər.

QARABAĞ AZƏRBAYCANDIR!

ZƏFƏR BAYRAMINIZ MÜBARƏK!

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024