Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd olunur

26/08/2021

2021-ci ildə respublikamızın ilk ali pedaqoji təhsil ocağı olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizin tarixində xüsusi yer tutan, zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Yarandığı gündən etibarən Universitet öz üzərinə düşən vəzifələri daim layiqincə yerinə yetirmiş, respublikamızda və eləcə də bir sıra digər ölkələr üçün pedaqoji kadr hazırlanması işini uğurla həyata keçirmişdir. Fərəhləndirici haldır ki, Azərbaycanın tanınmış ictimai, elm və mədəniyyət xadimləri arasında ADPU-nun çoxsaylı məzunları vardır. Ölkəmizin aparıcı təhsil ocaqlarından biri kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı istiqamətində bu gün də uğurlu fəaliyyəti ilə Azərbaycanda təhsilin inkişafına öz layiqli töhfəsini verməkdədir. Bu gün Universitetdə qabaqcıl təlim-tədris texnologiyalarından faydalanmaqla ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində zəruri addımlar atılır.

Xüsusilə qeyd edilməlidir ki, ADPU-nun 100 illik tarixinin böyük bir mərhələsində (1969–1987-ci illər və 1993–2003-cü illər) qazanılan uğurlar bilavasitə xalqımızın Ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyəti ilə bağlı olmuşdur. Ulu öndər Heydər Əliyev istər birinci dəfə ölkəmizə rəhbərlik etdiyi dövrlərdə, istərsə də müstəqillik illərində ADPU-ya daim yüksək diqqət və qayğı ilə yanaşmış, ADPU-nun 50 illik yubileyi ilə bağlı təntənəli yığıncaqda ölkənin ali mükafatı olan "Qırmızı Əmək Bayrağı” ordenini şəxsən Universitet kollektivinə təqdim etmişdir. Ulu Öndər hələ sovet Azərbaycanına rəhbərlik etdiyi vaxtlarda, 5 dəfə ADPU-nu ziyarət etmiş, Universitetin, onun kollektivinin qayğıları ilə yaxından maraqlanmış, bu təhsil məbədinin inkişafı üçün müvafiq tarixi qərarlar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 17 aprel tarixli Sərəncamı əsasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunur. Sərəncama uyğun olaraq ADPU-nun 100 illik yubileyinin keçirilməsi ölkəmizdə elm və təhsilə, ömrünü gənc nəslin tərbiyəsinə, müstəqil Azərbaycanımız üçün mütəxəssislər ordusunun yetişdirilməsinə həsr etmiş insanların əməyinə göstərilən layiqli münasibətin təzahürüdür.

Təhsildə qloballaşma və beynəlmiləlləşmə faktorlarının mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə, ADPU-nun xarici ölkə universitetləri ilə beynəlxalq əlaqələrinin qurulması, əməkdaşlığın yüksələn xətlə inkişafı 100 yaşlı Universitetin əsas prioritet istiqamətlərindən biridir. Bir çox xarici universitetlə əlaqələri olan ali məktəbin beynəlxalq əməkdaşlıq sahəsində son illərdəki böyük uğurları onu deməyə əsas verir ki, ADPU təkcə ölkəmizdə deyil, beynəlxalq müstəvidə qazandığı mühüm nailiyyətləri ilə Azərbaycan elminə və təhsilinə töhfəsini əsirgəmir.

Əminik ki, insan kapitalının formalaşdırılmasında müasir təhsil-tərbiyə texnologiyasına, əxlaqi və mənəvi saflığa, yüksək peşə və ixtisas bacarıqlarına malik müəllim kadrlarının hazırlığı, onların vətənpərvər və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi istiqamətində 100 yaşlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin kollektivi bundan sonra da əzmlə çalışacaq, ölkəmizdə maarifçiliyin, elm və təhsilin davamlı inkişafında müstəsna xidmətlər göstərəcəkdir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024