“BDU bizim üçün böyük imkanlar açdı”

16/08/2022

2021-2022-ci tədris ili üzrə Bakı Dövlət Universitetini 4120 bakalavr, 844 magistratura pilləsi olmaqla ümumilikdə 4964 tələbə bitirib.

Bugünkü müsahiblərimiz bakalavr pilləsini fərqlənmə ilə bitirən məzunlarımızdır

Şərşünaslıq fakültəsinin məzunu Nuranə Abbasova: “Hələ 12 yaşımda olarkən Koreya və Koreya dilinə yaranan marağım taleyimi Bakı Dövlət Universiteti (BDU) ilə birləşdirdi. Universitetdə oxuduğum dörd il ərzində həyatım çox dəyişdi. Bütün bu dəyişiklikləri öz xəyalıma addım-addım çatmaqda mənə kömək edən əziz universitetimə borcluyam. BDU-nun bizim üçün yaratdığı imkanlar və müəllimələrim sayəsində öz arzularıma doğru addımlayıram. Müəllimələrimiz ancaq ixtisasımıza yaxşı yiyələnməyə deyil, eləcə də vətənpərvər və dürüst insan olaraq böyüməyimizə bizi sövq edib. Universitet illərində Asiya ölkələri ilə bağlı keçirilən müxtəlif və rəngarəng tədbirlər sayəsində nəinki Koreya, həmçinin Yaponiya, Çin və digər Asiya ölkələri haqqında da biliklər əldə etdim. Bu il doğma Şərqşünaslıq fakültəmizin yaranmasından tam 100 il keçir. Şərqşünaslıq fakültəsinin 100 illik yubileyində fakültə birincisi olaraq məzun olmaq mənim üçün şərəfdir. Gələcəyə doğru daha iri addımlarla öz universitetimin adını daim yüksəltmək üçün əlimdən gələni edəcəyəm. Mən fəxr edirəm ki, BDU-nun Şərqşünaslıq fakültəsinin məzunuyam.”

Fizika fakültəsinin məzunu Şəbnəm Purməhəmməd Əbdollahi: “Mən 2018-ci ildə BDU-nun Fizika fakültəsinin ingilis dili bölməsinə bakalavr təhsili üzrə qəbul olunmuşam. Azərbaycanın ilk və ən nüfuzlu universitetlərindən birində təhsil ala bilmək imkanı inanılmaz dərəcədə qürurverici hissdir. Universitetdə yüksək səviyyədə təşkil olunan təhsil, müəllim və professor heyəti, qrup yoldaşlarım, xidmət heyəti, təşkil olunan saysız- hesabsız tədbirlər, elmi seminarlar mənim universitetə bağlılığımı daha da artırırdı. Bu dörd ildə BDU mənim üçün öz evim qədər doğma idi. BDU xarici tələbələrinə də həmişə qayğı ilə yanaşıb. Buna görə də universitetdən məzun olarkən qürur hissi ilə yanaşı böyük bir kədər də qəlbimdə yer alır. Çünki həyatımın ən gözəl dörd ilini mənim üçün BDU yaratmışdı.”


Geologiya fakültəsinin məzunu Şəhla Salahova: “2022-ci il arzuladığım BDU-nun Geologiya fakültəsini birinciliklə bitirməyin qürurunu yaşayıram. Hər bir gəncin arzusudur ki, uğurlu tələbəlik həyatı yaşasın və keçirdiyi tələbəlik illəri qazandığı uğurları ilə yaddaqalan olsun. BDU mənə sadəcə uğurlu gələcək deyil, həmçinin özgüvən, insanları daha yaxşı tanıma və ünsiyyət qurma bacarığı, mükəmməl xatirələr və çox dəyərli insanlar qazandırıb. İxtisasım üzrə Azərbaycanın təcrübəli, işinə ömrünü həsr etmiş professor-müəllim kollektivindən dərs almağım ayrı bir qürurverici hissdir. Təhsil aldığım müddətdə verdikləri dəyərli məsləhətlərə görə müəllimlərimə minnətdarlığımı bildirirəm və mənə olan inamlarını həmişə doğrultmağa çalışacağam. BDU ailəsinin üzvü olan hər bir tələbə kimi bu ailədə mən də olduğum üçün fəxr edirəm. BDU ailəsinə yeni daxil olacaq hər bir tələbəyə uğurlar arzulayıram!”

Tarix fakültəsinin məzunu (SABAH qrupları) Fizzə Məmmədova: “Bəzi qərarlar insanın həyatında köklü dəyişikliklərə səbəb olur. Bu baxımdan həmin qərarı verərkən ətrafımızdakı insanlarla məsləhətləşmək, seçimlərlə bağlı araşdırma etmək gərəklidir. Gələcək peşə seçimi də belə qərarlardan biridir. Ancaq mənə görə bununla bərabər daha önəmli bir nüans var, təhsilini hansı universitetdə alacağın. Mənim ixtisas seçimi fikrim 6-cı sinifdə artıq formalaşmışdı. Universitet fikri isə belə bir məfhumun varlığını bildiyim andan dəqiqləşmişdi. Bu məqsədə doğru çalışdığım vaxtlarda isə BDU arzularım daha da dərinləşirdi.

Qəbul imtahanlarının ilk cəhdində BDU-nun istədiyim ixtisasının balını toplaya bilmədim. Lakin hər gün BDU haqqında video-çarxı izləyərək hədəfə doğru addımladım. Və nəhayət daha artıq bal toplayaraq keçid balını geridə qoymuşdum. Valideynlərim və müəllimlərim tərəfindən başqa uiversitetlərdə başqa ixtisaslar məsləhət görülsə də, mən ancaq BDU fikrində təkid etdim. BDU-da təhsil aldığım müddətdə elə müəllimlərin mühazirələrini dinləmək imkanı əldə etdim ki, təkcə onların dərsində iştirak etmək belə bir universitet bitirməyə bərabərdir. Bu baxımdan yanaşsaq, mən özümü ən azı 10 universitet bitirmiş kimi hiss edirəm. BDU-da təhsil aldığım müddətdə həm pandemiya, həm də Vətən müharibəsinin şahidi olan tələbələr kimi, müəllim kollektivinin mütəmadi dəstəyini gördüyümü bildirməliyəm. SABAH qruplarında təhsil aldığım müddətdə hər zaman dərslərə yaradıcı yanaşmağımız tələb olunurdu. BDU dəhlizlərində dolaşmağın özü belə kifayət qədər maraqlı hadisələrə səbəb olurdu. BDU haqqında saysız xatirələrim və düşüncələrim var. Sonluq nə qədər şablon olsa da, səmimi söylədiyimi əmin edərək bunları demək istəyirəm: “Tələbə kimi yenidən oxumaq imkanım olsa, yenə də BDU-nu seçərdim”.”

 

Hazırladı : Nərminə Əsədova

Gülabə Məmmədzadə

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024