Ən müqəddəs səfər - ŞUŞA SƏFƏRİ

13/06/2022

Bir gün deyilsəydi ki, sehrli aləmlər təkcə nağıllarda olmur, inanmazdım. Ta ki iyunun 9-na qədər...

Bakı Dövlət Universitetinin Şuşaya səfər edən kollektivi arasında mənim də olmağım həm qürurverici, həm də sevindirici idi. Şuşaya səfər edəcəyimizi eşidəndə çox kövrəldim, sonra isə gözümün qarşısında 44 günlük müharibə səhnələri canlandı, qulağımda müzəffər ordunun Ali Baş Komandanı cənab İlham Əliyevin “Əziz Şuşa, sən azadsan!” sözləri cingildədi.

Otağımda Şuşa sevgisinə görə xarıbülbül və Şuşa qalasının maketini qoymuşam. Hər dəfə yorğun olanda Şuşa simvollarına baxıb xəyalən oranı səyahət edirdim. Bu dəfə isə real olaraq gedəcəkdim müqəddəs məbədə...  İçim içimə sığmır, sehrli bir xalçanın tərkində müqəddəs şəhərə tez bir zamanda qədəm qoymaq istəyirdim.

Səhər saat 5:00... Şuşanın qoxusu burnuma gəlirdi sanki... Bu qoxunu 5-6 saatdan sonra doya-doya içimə çəkəcəkdim. Hər kəs vaxtından da tez avtobusun gedəcəyi yerə toplaşmışdı. Sanki hər birimiz bu “görüş”ə tələsirdik. Avtobus yola düşdü. Bu səyahət səbəbilə hər birimizin üzünə qəribə bir nur enmişdi, sanki Şuşaya addımımızı qoymaq üçün biz özümüz arınmalı, yalnız xoş niyyətlərlə qəlbimizi doldurmalı idik. Çox şən-əhval ruhiyyədə idik... Füzuliyə çatana qədər... Qəfildən dodaqlarda gülüş dondu; çəpərlənmiş ərazilər, “Minalanmış sahələr” sözləri vahimələndirdi hər kəsi... Artıq hər kəs kövrəlmişdi. Hönkürtü səsləri də eşidilirdi. Gözlərimə qaranlıq çökmüşdü: soyuqdan deyil, mənzərənin xofundan titrəyirdim.

30 illik göz dağı, 30 illik soyqırım, 30 illik faciə...

Torpaqdan heyf çıxmaq, torpağa əzab vermək insan işi deyil... Heç bir canlı bunu etməz... Bəxtimizə belə bir düşmən yazılıb... 30 illik məhbusluq, əsirlik yaşamışdı bu torpaqlar. Burnuma qan qoxusu gəlirdi. Əsir əzablarına şahid, şəhidlərə məzar olan bu torpaqlardan keçib çatdıq Şuşaya...

Ömrümün bu çağına kimi bir çox yerlərə səyahət etmişdim. Amma heç biri bu səyahəti əvəz edə bilməzdi. Sanki sehrli bir aləmə qapılar açıldı, hər birimizi şəhərin sehri tilsimə saldı. Hələ ömrümdə bu cür yaşıllıq görməmişdim. Sanki dünyada yaşılın  bu çaları təkcə Şuşada idi. Sanki belə bir qoxu təkcə Şuşanın havasından gəlirdi. Şəhidlərin qanı, qazilərimizin canı, hərbçilərimizin əziyyəti ilə düşmən tapdağından xilas olan bu torpaqlar sanki azərbaycanlıları qarşılamaqdan məmnun idi. Xarıbülbüllərin məkanı köksünü bizə qürurla açmışdı. Biz də qürur hissi ilə atırdıq hər addımımızı. Hər addım atdıqca gözümdə səhnələr canlanırdı. İnsan övladının malik olduğu bütün duyğuları eyni anda yaşayırdım: Bir vaxtlar düşmən tapdağında inləyən torpaqlarımızın fəryadını eşidib əsəbləşir, Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin Xarıbülbül festivalında çıxışını, çay süfrəsi ətrafında Mehriban xanım Əliyeva ilə Şuşa haqqında söhbətlərini gözümdə canlandırıb gülümsünürdüm. Mədəniyyət abidələrimizi – Şuşa Qala divarlarını, Vaqifin məqbərəsini, Bülbülün ev muzeyini, Cıdır düzünü gəzdikcə tariximizin itmiş 30 ilinə görə heyfslənirdim.

İndi azad, rahat şəkildə buralarda gəzmək, həqiqətən də, möcüzə idi. Bu möcüzələri yalnız sehrli nağıllarda oxumuşdum. İndi isə möcüzələr diyarına – sehrli aləmə səyahət edirdim. Artıq vaxt-vədə yetişmişdi. Hər birimiz həvəssiz şəkildə avtobuslara mindik. Şuşadan ayrılmaq doğma insandan ayrılmaq kimi bir şey idi. Müqəddəs şəhərimizlə vidalaşmadım... Bir çox yeni layihələri Şuşada icra etmək diləyilə “hələlik” dedim.

Yenidən görüşənədək, Əziz Şuşam!!!

Səhər Orucova – BDU-nun Şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024