Professor Firudin Səməndərov vəfat edib
Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının professoru Firudin Səməndərov vəfat edib.1939-cu ildə anadan olan F.Səməndərov 1948-1958-ci illərdə S.Vurğun adına Saatlı qəsəbə orta məktəbində oxuyub, oranı medalla bitirib. 1958-1961-ci illərdə ordu sıralarında əsgəri xidmətdə olub. 1961-1966-cı illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə bitirən F.Səməndərov Cinayət hüququ və kriminologiya kafedrasının aspiranturasında təhsilini davam etdirib. 1970-ci ildə namizədlik, 1995-ci ildə doktorluq dissertasiyası işini müdafiə edib, 1995-ci ildə professor elmi adını alıb. 1969-cu ilin dekabrından Hüquq fakültəsində elmi və pedaqoji fəaliyyətə başlayıb. Həmin kafedrada assistent, baş müəllim, dosent vəzifələrində işləyib. 1985-1989-cu illərdə Hüquq fakültəsinin dekanı, 1992-1993-cü illərdə isə universitetin rektoru olub. 1995-ci ildən 2019-cu ilədək Cinayət hüququ və kriminologiya kafedrasının müdiri vəzifəsində çalışıb.
Elmi fəaliyyəti Cinayət hüququ və kriminologiya ilə əlaqədar olan alim 150-dən artıq elmi məqalənin, 20-dən artıq kitabın, dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir. Rəhbərliyi altında 40-dan çox elmlər namizədi, 3 elmlər doktoru hazırlanıb. Professor F.Səməndərovun iştirakı və redaktorluğu ilə ilk dəfə Azərbaycan dilində hazırlanan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası” cinayət hüququ sahəsində məşğul olaq tədqiqatçıların və hüquq-mühafizə orqanları işçilərinin stolüstü kitabına çevrilib.
Allah rəhmət eləsin!