"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
İyunun 12-də Gənclər və İdman Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Qərbi Azərbaycan İcması, “ASAN Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Göygöl rayonunda “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub.
Düşərgə iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Göygöl rayonunda yerləşən abidəsini ziyarət ediblər.
Tədbir Dövlət himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Göygöl Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Əfsanə İsayeva, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin əməkdaşı Əli İsgəndərli, “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı, Auditorlar Palatasının şöbə müdiri, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının üzvü Elxan Qəmbərov, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin əməkdaşı Rza Mirzəzadə Qərbi Azərbaycana qayıdış ideyasının gənclər arasında daha geniş təbliğinin vacibliyini vurğulayaraq, tarixi yaddaşın qorunması, milli kimliyin möhkəmləndirilməsi, gənclərin ictimai fəallığının artırılması və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasında onların rolundan bəhs ediblər.
Tədbirin bədii hissəsində İrəvan Rəqs Ansamblının təqdimatında “İrəvan yallısı” rəqs kompozisiyası nümayiş olunub, həmçinin İrəvan İdman Mərkəzi tərəfindən döyüş sənətləri üzrə təqdimat keçirilib.
Qeyd edək ki, Göygöl Olimpiya İdman Kompleksində iyunun 14-dək davam edəcək gənclər düşərgəsi çərçivəsində kommunikasiya və ictimai çıxış, innovasiya və süni intellekt mövzularında təlimlər, komanda quruculuğu fəaliyyəti, intellektual yarış, film nümayişi, musiqili əyləncə proqramı, həmçinin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının müddəalarına həsr olunmuş sessiya təşkil olunacaq.
Düşərgə iştirakçıları üçün Göygöl rayonu ərazisinə ekskursiya da nəzərdə tutulub. Layihənin məqsədi ölkəmizin müasir tarixinin aktual mövzuları və Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gənclərin daha geniş məlumatlandırılması, onların proqram əsaslı fəaliyyətə cəlb olunması, eyni zamanda Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında sistemli şəkildə təbliğində gənclərin fəallığının təşviq edilməsidir.

























