Abel Məhərrəmov Oklahoma Milli Qvardiyasının komandanını qəbul edib

12/08/2010

BDU-nun rektoru, akademik Abel Məhərrəmov ABŞ-ın Oklahoma Milli Qvardiyasının komandanı, general Maylz Diringin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Bakı Dövlət Universiteti və Oklahoma universitetləri arasında cari təhsil proqramları barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Akademik Abel Məhərrəmov Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universiteti haqqında ətraflı məlumat verib, sonradan yaranan universitetlərin formalaşmasında bu ali təhsil ocağının xüsusi rolundan bəhs edib. Elm və təhsildə qazanılan uğurlardan danışan rektor, Prezident İlham Əliyevin «Azərbaycanın iqtisadi potensialını intellekt kapitalına çevirməliyik», - sözlərini xatırladaraq dövlət başçısının hər 3 sərəncamından ikisinin bu sahənin inkişafı ilə bağlı olduğunu qeyd edib. Deyib ki, müharibə şəraitində yaşamağımıza baxmayaraq, hər il büdcə formalaşanda daha çox elm və təhsilə diqqət yetirilir.

BDU-nun beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi universitetlərdən danışan rektor, bu sırada Amerika təhsil ocaqlarının da xüsusi yer tutduğunu söyləyib. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsindən, BDU  yataqxanalarında məskunlaşan məcburi köçkünlərdən söz açıb. Məlum olub ki, 20 ölkədən 1500-dən artıq tələbənin təhsil aldığı universitetdə əcnəbi tələbələrin sayını məhz, yataqxana problemi olduğuna görə artırmaq mümkün deyil. General Maylz Dirinq qəbula görə rektora təşəkkür edib. Artıq 4-cü dəfədir ki, Azərbaycana gəldiyini, hər dəfə insanların münasibətindən heyran qaldığını bildirən general, problemlərin eyni masa arxasında müzakirəsinin əvəzsiz olduğunu söyləyib. Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq, ABŞ-ın Azərbaycanın arxasında olduğunu, münaqişənin sülh yolu ilə həllinə tərəfdar çıxdıqlarını vurğulayıb. Onun sözlərindən məlum olub ki, Oklahoma Milli Qvardiyası 2003-cü ildən Dövlət Əməkdaşlığı Proqramı çərçivəsində Azərbaycanla tərəfdaşlıq edir. Bu baxımdan Oklahoma təhsil müəssisələrinin qapılarının Azərbaycan universitetlərinin, o cümlədən BDU-nun üzünə açıq olduğunu bildirib. Qeyd edib ki, onlar ikitərəfli əməkdaşlıqda – tələbə-müəllim mübadiləsində, təcrübələrin bölüşməsində maraqlıdırlar. Oklahoma universitetlərinin ixtisasları və istiqamətləri haqda məlumat verən qonaq akademik Abel Məhərrəmovun bununla bağlı fikirlərini öyrənib. Rektor öz növbəsində tələbə mübadiləsinə, Azərbaycanın fauna və florasının öyrənilməsinə və elmi əməkdaşlığa önəm verdiyini bildirib.

Nümayəndə heyəti BDU ilə tanış olub, elmi-tədqiqat laboratoriyalarına baxış keçirib və yüksək təəssüratla ayrılıblar.

 

Mətbuat və İnformasiya şöbəsi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024