Çağdaş türk ədəbiyyatının aynası
Səmihə Ayverdidən, Əzizə Cəfərzadədən sonra Turk dünyasını daha çox dolanan, həm də Türk dünyasına şərəf-şan gətirən Tamella xanımı Türkiyədə dosent-doktor Tamella Əliyeva kimi tanıyır və sevirlər. Mənsub olduğu xalqa, məmləkətə daha çox xeyirli və gərəkli olduğunu sübut edən bu xanım ədəbiyyata, elmə və müqəddəs müəllim adına qadın sığalı, ana məhəbbəti gətirdi. Bu məhrəm hissləri duyan Əskişəhər Osman Qazi Universitetinin ədəbiyyat fakültəsinin dekanı, professor Halil Buttanrı da dediklərimizi təsdiq edir: «Gülən üzü, bir ədəbiyyatçıya xas şirin dili, xoş söhbətləri və türk dünyasına ilgisi və sevgisi, içdən və səmimi münasibətləri ilə qısa bir vaxtda hamımızın evimizin qonağı, ailələrimizin sevgisini qazanmış, gözlənən bir dostu oldu. Onun simasında uzun illər yetərli bilgiyə sahib olmadığımız Azərbaycan – türk qardaşlarımızı tanıyıb sevdik, bütünləşdik».
Universitetimizin filologiya fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Tamilla Əliyevanın adı oxucularımıza yaxşı tanışdır. T.Əliyeva 1998-ci ildən Türkiyənin Əskişəhərindəki Osman Qazi Universitetində tələbələrə Azərbaycan, türk dünyası və dünya ədəbiyyatı dərslərini tədris edir. O burada sadəcə dərs deməklə kifayətlənmir, həm də qardaş ölkənin sosial-mədəni həyatında fəal iştirak edir. Elmi toplantılarda iştirak edən Tamila Əliyeva Azərbaycan ədəbiyyatı haqqında dəyərli elmi mövzularla çıxış etməklə yanaşı, eyni zamanda Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında türkiyə ictimaiyyətinə, həm də dünyanın müxtəlif ölkələrindən buraya gələn alimlərə məlumatlar verir. Tamila Əliyeva Türkiyədə çalışdığı müddətdə Azərbaycan – Türkiyə dostluğu haqqında bir neçə kitab nəşr etdirib.