Akademik Məhəmməd Mehdiyevin 80 yaşı tamam olur

02/10/2021

Oktyabrın 2-də tanınmış alim, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın (AMEA) həqiqi üzvü, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı  Məhəmməd Mehdiyevin 80 yaşı tamam olur.

Məhəmməd Fərman oğlu Mehdiyev 1941-ci ildə Laçın rayonunun Təzə­kənd kəndində anadan olub. 1961-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra aspiranturada təhsilini davam etdirib. 1970-ci ildə təyinatla AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. Sonralar həmin elmi müəssisənin baş elmi işçisi, şöbə müdiri, Xü­susi Konstruktor Bürosunun elmi işlər üzrə direktor müavini olub. 1991-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 2002-2018-ci illərdə Tətbiqi analizin riyazi üsulları kafedrasının müdiri olub. 2008-ci ildən Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin de­ka­nıdır.

1975-ci ildə Rostov Dövlət Universitetində “Konik örtük və dəyişən qalınlıqlı dairəvi lövhə üçün üçölçülü gərginlik-deformasiya vəziyyətin asimptotik təhlili” mövzusunda nami­zəd­lik,  1989-cu ildə Leninqrad Dövlət Universitetində “Örtüklər üçün elastikiyyət nəzəriyyəsinin bə­zi fəza məsələlərinin asimptotik təhlili” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1994-cü ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

Akademik M.Meh­di­yev bərk cisim mexanikası sahəsində görkəmli mütəxəssisdir. Elas­ti­kiy­yət nəzəriyyəsində yeni “bircins həllər” metod onun tərəfindən işlənib hazırlanıb. Bu metodun köməyi ilə örtük və lövhələr üçün elastikiyyət nəzəriyyəsinin üçölçülü məsələsindən ikiölçülü məsə­lə­yə keçid problemi öyrənilib, örtük və lövhələrin klassik nəzəriyyəsinin tətbiq olunma oblastı müəyyən edilib. Örtük və lövhələrin yeni tətbiqi nəzəriyyəsi verilib.  İmpuls təsirli determinik oyunlar­da yəhərvari nöqtənin varlığı üçün zəruri şərt­­lər tapılaraq həmin şərtlərin zəruri və kafi olduğu sinif­lə­r mü­əyyən edilib, qeyri-lokal şərt­li op­ti­mal idarəetmə məsələsində opti­mal­­lıq üçün birinci və ikinci tərtib zəruri şərtlər alınıb. Son illərdə akademik və onun tələbələri tərəfindən anizotropik örtüklərin ümumi nəzə­riy­yə­si yaradılıb və onun əsasında mövcud texniki nəzəriyyələrin tətbiq olunma oblastları müəyyən edilib.

Akademik M.Mehdiyev “AMEA-nın xəbərləri” (Mexanika buraxılışı) jurnalının redaksiya heyətinin üzvü və “Bakı Dövlət Universitetinin Xəbərləri” (Fizika-riyaziyyat seriyası) jurnalının baş redaktorunun müavinidir.

Onun rəhbərliyi ilə 20 elmlər namizədi, 2 elmlər doktoru hazırlanıb.  140 elmi əsərin, o cümlədən 4 monoqrafiya, 5 dərslik və dərs vəsaitinin müəllifidir.

Akademik M.Mehdiyev riyaziyyat və mexanika elminə verdiyi töhfələrə görə 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq gö­rül­üb. 2019-cu ildə  “Şöhrət” ordeni ilə təltif olunub.

Akademik Məhəmməd Mehdiyevi 80 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin və təhsilinin inkişafı naminə gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024