Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
Almaniyanın ENAMEC İnstitutunun professoru Martin Rainer Bakı Dövlət Universitetinin (BDU) Fizika və Mexanika-riyaziyyat fakültələrinin professor-müəllim heyəti və tələbələri üçün mühazirə deyib.
Professor Martin Rainer “Spin və ya neyron şəbəkələri: nəzəri əsaslardan tətbiqlərə qədər” (“Networks of spins and/or neurons: from foundations to applications”) mövzusunda mühazirəsində fundamental fizika və riyaziyyatın aktual problemlərinə toxunub. O, fəza-zamanın yaranması, kvant vakuumunun xassələri, elementar zərrəciklərin modelləşdirilməsi, kvant sahə nəzəriyyəsi, kosmologiya və qravitasiya sahələrində aparılan tədqiqatlar barədə məlumat verib.
Mühazirədə süni intellekt və maşın öyrənməsi metodlarının fizika və riyaziyyat tədqiqatlarında tətbiqi, neyron şəbəkələrinin əsasları, hesablama səmərəliliyinin artırılması, generativ süni intellektin imkanları və məhdudiyyətləri müzakirə olunub. Bununla yanaşı, maşın öyrənməsi metodlarının antropogen iqlim dəyişiklikləri, təbii resurslardan səmərəli istifadə, enerji və su təminatı, eləcə də maliyyə iqtisadiyyatında dayanıqlılıq və özünütəminetmə kimi qlobal problemlərin həllində potensial imkanları diqqətə çatdırılıb.
Professor fundamental elmi tədqiqatlar, tətbiqi riyaziyyat və müasir süni intellekt texnologiyaları arasında fənlərarası əməkdaşlığın perspektivlərini də vurğulayıb.
Mühazirənin sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.


