Ankara Universitetinin nümayəndə heyəti BDU-da

28/09/2010

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Ankara Universitetinin prorektoru Arqun Karacabəy, Hüquq fakültəsinin dekanı Mustafa Ağqaya və həmin fakültənin müəllimi Cavid Abdullazadəni qəbul edib.

Akademik Abel Məhərrəmov universitetin yaranma tarixindən, inkişaf mərhələlərindən, digər ali məktəblərin və Elmlər Akademiyasının formalaşmasındakı rolundan, beynəlxalq əlaqələrindən, o cümlədən qardaş ölkənin təhsil ocaqları ilə münasibətlərdən danışıb.

Akademik görüşün əsas məqsədinin hüquq fakültəsində təhsil alan tələbələrin, əsasən də türk tələbələrin diplomlarının tanınması məsələsi olduğunu qeyd edib. Ümummilli lider Heydər Əliyevin «Bir millət iki dövlət» fikrini xatırladan rektor qardaş dövlətlər arasında problemlərin yolverilməz olduğunu bildirib. Azəbaycanda təhsil alan 5000 tələbədən 1000 nəfərinin universitetin payına düşdüyünü söyləyən rektor, hüquq fakültəsi istisna olmaqla, digər fakültələrin diplomlarının tanındığını vurğulayıb: «Türkiyənin Azərbaycana göndərdiyi tələbənin diplomunu tanımaması normal hal deyil. Qardaş ölkə bizim ən yaxşı tələbələrimizi istəyir və onlardan yaxşı mütəxəssis hazırlayırlar. Amma bizə ən zəiflərini göndərir ki, bu da müəyyən problemlər yaradır». Problemin həlli üçün təkliflər irəli sürən rektor müəyyən dərs fərqlərini aradan qaldırmaq, tədris proqramlarını uyğunlaşdırmaq və ikili diplom məsələsini gündəmə gətirməklə problemi həll etməyin mümkünlüyündən danışıb.

Təhsil nazirinin müavini Elmar Qasımov isə Türkiyə təhsil sistemindən, bu ölkədə tələbə qəbulu prosesindən, xarici tələbələrə yaradılan şəraitdən bəhs edib. Diplomların tanınması məsələsinə gəldikdə isə nazir müavini dünyada belə problemin olmadığını, sadəcə diplomların həqiqiliyinin tanıma məsələsinin olduğunu önə çəkib. E.Qasımov müzakirələrin nəticəsi olaraq yaxın vaxtlarda problemin həllinə ümid etdiyini bildirib.

Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu Türkiyə keçirilən qəbul imtahanlarına edilən dəyişiklikdən danışıb. Məlum olub ki, imtahanlar iki mərhələlidir və xaricdə təhsil almaq istəyən tələbələr üçün şərtlər bir qədər sərtləşdirilib. Belə ki, hər iki mərhələdə nəzərdə tutulmuş bal həddini keçə bilməyən tələbə xaricə göndərilməyəcək. Müşavir də öz növbəsində bu məsələyə önəm verdiklərini, müəyyən işlər gördüklərini və problemin yaxın vaxtlarda həll edilicəyinə inandığını bildirib.

Ankara Universitetinin prorektoru Arqun Karacabəy Cümhuriyyət dönəmində Atatürkün tövsiyəsi ilə qurulan universitet haqqında məlumat verib, müzakirə edilən məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirib. Onun sözlərindən məlum olub ki, dərslər arasında çox az fərq var və qısa müddətdə onu aradan qaldırmaq mümkündür. Bunun üçün Ankara Universitetinin müəllimlərini BDU-ya ezam etmək, bu ali məktəbin tələbələrinə fərq dərsi verməklə problemi yoluna qoymaq olar. Ankara Universitetinin hüquq fakültəsinin dekanı Mustafa Ağqaya isə bildirib ki, Azərbaycanda təhsil alan tələbələrin Türkiyədə akademik səviyyədə fəaliyyətlərini davam etdirməkdə problem yoxdur. Sadəcə onlar hakimlik, notariat və prokurorluq sistemində işləyə bilməzlər. Həmin fakültənin müəllimi Cavid Abdullazadə fərqin 8-12 saat dərs arasında olduğunu, bunun isə həllinin mümkünlüyünü bildirib.

İrəli sürülən təkliflərlə razılaşan tərəflər qərara alıblar ki, problem tədris proqramlarının yaxınlaşdırılması və ortaq proqramların hazırlanması, birgə dərslik və proqramların yazılması ilə həll oluna bilər. Sonda problemin həlli üçün belə görüşlərin davamlı olması qərara alınıb.

Sonradan görüş geniş tərkibdə davam etdirilib. Ankara Universitetinin nümayəndə heyəti BDU-nun hüquq fakültəsinin dekanı, kafedra müdirləri və müəllimləri ilə bir araya gəlib fikir mübadiləsi aparıblar.

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024