Ankara Universitetinin professoru BDU-da elmi seminar keçirib
Bakı Dövlət Universitetində (BDU) “Fizikada müasir trendlər” (Modern Trends in Physics) IX Beynəlxalq konfransı çərçivəsində Türkiyənin Ankara Universitetinin professoru İman Əsgərzadənin elmi seminarı keçirilib.
Professor “İfratkeçiricilərdə Cozefson effekti” mövzusunda məruzə edərək Mg₂B, borokarbidlər, FeAs əsaslı birləşmələr kimi yeni sinif çoxzonalı və anizotrop ifratkeçiricilər barədə ətraflı məlumat verib. O, həmçinin yeni tip ifratkeçiricilər əsasında Cozefson kontaktlarının dinamikasına dair apardığı tədqiqatların nəticələrini bölüşüb.
Məruzə zamanı alim “sövqetmə” effekti nəzərə alınmaqla Qinzburq–Landau sərbəst enerjisinin funksionalında quruluş parametrləri arasında interqradiyent qarşılıqlı təsir terminini daxil edən ilk tədqiqatın müəllifi olduğunu bildirib. Onun sözlərinə görə, bu yanaşma daha sonra çoxzolaqlı ifratkeçiricilərin və müxtəlif topoloji birləşmələrin araşdırılmasına da tətbiq olunub və frustasiya effektləri kimi yeni fiziki xassələrin aşkar edilməsinə imkan verib.
Professor İman Əsgərzadə Cozefson dövrələri və onların əsasında qurulan kvant bitlərinin xüsusiyyətlərinin öyrənilməsi sahəsindəki işləri barədə də danışıb. O qeyd edib ki, tədqiqatlarında vahid kvant seli ilə qidalanan balanslaşdırılmış Cozefson komparatorlarının dinamikası ilk dəfə olaraq təhlil edilib, zaman ayırdetməsinin xətti nəzəriyyəsi təklif olunub və 1 ps səviyyəsində olduğu müəyyənləşdirilib. Cərəyan-faza münasibətində anharmonikliyin enerji spektrinə təsiri isə faza, axın və yük kubitləri üçün Hamilton formalizmi ilə hesablanıb. Nəticələr kubitlərin xarakteristikalarına nəzarət dövrələrinin parametrlərinin ciddi təsir göstərdiyini üzə çıxarıb.
Alim həmçinin son illərdə qeyri-səlis məntiq tətbiqləri və dərin öyrənmə metodları üzrə apardığı araşdırmalar barədə məlumat verib.




