Şanlı Zəfərimizin 5-ci ildönümünə
Bu gün xalqımızın öz milli dövlətçiliyi və suverenliyi ilə qürur hissi keçirdiyi, fəxr etdiyi tarixi bir gündür, müasir tariximizdə böyük bir mərhələnin başlanğıcıdır. Bir vaxtlar Ulu Öndər Heydər Əliyevin gələcəyə inamla söylədiyi: “Bizim əsas problemimiz işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir” ifadəsinin qəhrəman oğullarımızın əzmi, iradəsi və qanı ilə gerçəkləşdiyi bir məqamdır. Buna görə də, Vətənin azadlığı uğrunda canından və qanından keçmiş – şəhid olmuş, yaralanmış, misilsiz hünər göstərmiş hər bir əsgər və zabitin xatirəsini dərin ehtiramla anırıq! Onların adları xalqımızın yaddaşında cəsarət və fədakarlıq rəmzi kimi əbədi yaşayacaqdır.
Təxminən otuz il ərzində torpaqlarımızın 20%-i işğal altında qaldı. Bədxah qonşumuz Ermənistanın silahlı təcavüzü nəticəsində respublikamızın 900 yaşayış məntəqəsi zəbt edildi, 690 məktəb, 280 uşaq bağçası, 862 klub, 932 kitabxana və s. kimi yüzlərlə ictimai obyekt yerlə-yeksan olundu, soydaşlarımıza qarşı amansız qətl, qırğın və talanlar törədildi, çoxlu sayda şəhər və kəndlərimiz məhv edildi, xalqın ibadət yeri olan onlarla məscid və ziyarətgahlarımız təhqirə məruz qaldı, milyonlarla soyaşımız öz yurdundan didərgin düşdü – bütün bunlar millətimizin canına və ruhuna vurulan ağır bir yara idi. Amma Azərbaycan xalqı ruhdan düşmədi. Biz ədalətə olan inamımızı heç vaxt itirmədik. Haqq-ədalətin bərpasını səbr və təmkinlə gözlədik. Beynəlxalq aləmdə vəziyyətin sürətlə dəyişdiyi bir dönəmdə Azərbaycan Respublikası müdrik dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında öz dövlətçiliyini möhkəmləndirməyi, ordusunu gücləndirməyi, özünün dirçəliş və inkişaf dövrünün təməlini qoya bildi. “Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır” söyləyən Heydər Əliyevin bu sözləri bütöv bir nəsil üçün bələdçi və prioritet məsələ oldu. Ulu Öndərin başlatdığı bu konstruktiv siyasət onun layiqli varisi, ölkəmizi tarixi qələbəyə inamla aparan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi.
2020-ci ilin 27 sentyabrında atəşkəs rejimini növbəti dəfə kobudcasına pozaraq, yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriyadan istifadə edərək intensiv atəşə tutan Ermənistan silahlı qüvvələrinə qarşı Azərbaycan ordusu bütün cəbhə boyunca əks-hücum əməliyyatına başladı və 44 gün ərzində tarixin axarını dəyişdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz parlaq hərbi strategiya, texniki üstünlük, nizam-intizam və vətənpərvərlik nümunəsi göstərdi. Bu müharibədə zəfər təkcə hərbi qələbə deyil, həm də milli ruhun və intellektin qələbəsi idi. Biz dünyaya nümayiş etdirdik ki, XXI əsrdə qələbə təkcə silah gücü ilə deyil, həm də ağıl, zəka, texnologiya və ümumxalq birliyi ilə mümkündür. 44 günlük müharibənin hər günü qəhrəmanlıq və birlik salnaməsidir. Döyüşə gedən hər bir əsgər bilirdi ki, kiçikdən böyüyə bütün xalq onun arxasındadır, ona qələbə arzu edir.
8 noyabr 2020-ci ildə ordumuz Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi və xalqımızın mənəvi məbədi olan Şuşa şəhərini azad etdi. Şuşanın azad edilməsi cənab Prezident İlham Əliyevin həmin gün dediyi kimi: “Bizim əyilməz ruhumuzun qayıtması idi”. Həmin andan etibarən üçrəngli bayrağımız yenidən Qarabağ səmasında qürurla dalğalanır və bu bayraq heç bir zaman enməyəcəkdir.
Azərbaycanın qələbəsi təsadüfi olmayıb, atəşkəsdən sonrakı 26 il ərzində dövlətiçiliyin davamlı olaraq möhkəmlənməsinə yönəlmiş uzaqgörən siyasətin məntiqi yekunu idi. Bu, dəmir iradəni, diplomatik çevikliyi və möhkəm qətiyyəti özündə birləşdirən Prezident İlham Əliyevin müdrik siyasətinin qanunauyğun nəticəsi idi. Azərbaycanın sarsılmaz qələbəsi onun güclü iqtisadiyyatı, müasir ordusu, ən əsası isə dövlət-xalq-ordu birliyi sayəsində mümkün oldu.
Bu gün, Qələbədən sonra Azərbaycan yeni bir tarixi dövrə — dirçəliş dövrünə qədəm qoyub. Azad edilmiş torpaqlarda şəhərlər və kəndlər bərpa edilir, təhsil müəssisələri yenidən qurulur, məktəblər, yollar, hava limanları tikilir. Bu, sadəcə dağıdılmış infrastrukturun bərpası deyil. Bu, həm də dayanıqlı inkişaf, innovasiya və yüksək mədəniyyət prinsiplərinə əsaslanan yeni bir həyatın başlanğıcıdır. “Böyük qayıdış”, “Ağıllı şəhər” və “Yaşıl enerji zonası” proqramları dünyaya nümayiş etdirir ki, Azərbaycan təkcə müharibədə, həm də sülh quruculuğu prosesində qalibdir. Biz doğma torpaqlarımıza elmi, təhsili və mədəniyyəti bərpa edən yaradıcı missiya ilə qayıdırıq. Və bu proses artıq milli dirçəlişin simvoluna çevrilib. Elm və təhsil müəssisələri, mədəni-mənəvi təsisatlar bu böyük işdə xüsusi rol oynayır. Artıq döyüş meydanındakı qələbə zehinlərdə, qəlblərdə və mədəniyyətdə Qələbə kimi əbədiləşir.
Xalqımızın ən qədim təhsil ocağı olan Bakı Dövlət Universiteti də öz məzunlarının Qələbəyə misilsiz töhfələr verməsi ilə qürur duyur. Bu gün bizim qarşımızda mühüm bir vəzifə durur: təkcə Qələbə əzmini qoruyub saxlamaq deyil, həm də Qarabağı elm, incəsənət və innovasiyalar mərkəzinə çevirəcək nəsil formalaşdırmaq, savadlı, bacarıqlı və vətənpərvər vətəndaşlar yetişdirmək. Bu mənada, professor-müəllim heyətinin və gənclərimizin çiyinləri üzərində də böyük məsuliyyət dayanır.
5 il bundan əvvəl 44 günlük Vətən müharibəsində qələbə Azərbaycan xalqının tarixinə qızıl hərflərlə əbədi həkk olundu. Ədalətin səbr və əzmkarlıqla bərpa edildiyini, xeyirin şər üzərində hər zaman qalib gəldiyini sübut edən şanlı Zəfərimiz həm də bütün dünya üçün tarixin ibrət dərsi oldu.
Qoy millətimizin qürur mənbəyi, gələcəyə olan inamının əbədi rəmzi olan üçrəngli bayrağımız azad, qüdrətli, müstəqil və suveren Azərbaycanımız üzərində əbədi olaraq dalğalansın!
Yaşasın müzəffər Ali Baş Komandanımız İlham Əliyev!
Yaşasın şanlı Ordumuz!
Yaşasın Azərbaycan xalqı!
Elçin Babayev,
Bakı Dövlət Universitetinin rektoru
