AYNA BDU-da infosessiya keçirib: “Kampusdan şəhərə mikromobillik"
Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində “Kampusdan şəhərə mikromobillik" mövzusunda infosessiya keçirilib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Universitetin sosial layihələrindən bəhs edib.
AYNA-nın Kommunikasiya departamentinin əməkdaşı Ruhlan Əbülfəzzadə mikromobillik infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı görülmüş işlər barədə tələbələrə məlumat verib. Qeyd edib ki, mikromobilliyin tətbiqi əhalinin mobilliyini artırmaq, şəhər mərkəzlərində nəqliyyat yükünü azaltmaq və ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır. Dünyanın bir çox şəhərlərində olduğu kimi, paytaxt Bakıda da nəqliyyat sıxlığını aradan qaldırmaq, velosiped, elektrik mühərrikli kiçik nəqliyyat vasitələri istifadəçiləri və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə işlər görülür. Hazırda Bakı şəhərində mikromobillik zolağının ümumi uzunluğu 60,5 kilometr təşkil edir. Şəbəkənin uzunluğunun 100 kilometrə çatdırılması planlaşdırılır. Görülən işlər çərçivəsində skuterlər üçün 872, velosipedlər üçün isə 623 parklanma məntəqəsi təşkil edilib. Əhali arasında mikromobillik vasitələrinə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün mikromobillik zolaqları şəbəkəsinin genişləndirilməsi davam etdiriləcək.
AYNA-nın Mikromobillik şöbəsinin əməkdaşı Nicat Kazımov Agentliyin layihələri barədə məlumat verərək əsas məqsədin tələbələr arasında mikromobillik mədəniyyətinin formalaşdırılması, təhlükəsiz hərəkət vərdişlərinin gücləndirilməsi və mövcud infrastruktur barədə fikir mübadiləsinin aparılması olduğunu bildirib.
"Apar” şirkətinin İnnovasiyalar və marketinq departamentinin rəhbəri Fatimə Göyçəli qeyd edib ki, klassik və elektrikli velosipedlərin icarəsi ilə məşğul olan şirkət müxtəlif sosial layihələrlə mikromobilliyin tətbiqi istiqamətində tədbirlər həyata keçirir.
İnfosessiyada Bakı şəhərində mikromobilliyin təkmilləşdirilməsinə dair tədbirlər barədə tələbələrlə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.
Tədbirdən sonra "Apar" şirkətinin təşkilatçılığı ilə skuter və velosiped təlimləri təşkil olunub.







