Azərbaycan aliminin həmmüəllifi olduğu monoqrafiya kimya elmimizin yeni uğurudur

29/10/2018

Azərbaycan elmi müxtəlif inkişaf mərhələlərindən keçərək zaman-zaman dünya elminə öz töhfələrini verib. Ayrı-ayrı elm sahələrini təmsil edən Azərbaycan alimləri öz kəşfləri, yenilikləri ilə çox uğura imza atıb, dünya alimləri sırasında layiqli yerlərini tutublar.

Kimya elminin inkişafı üçün yorulmaq bilmədən çalışan elm adamları da dünyanın müxtəlif elmi mərkəzləri ilə əlaqələr qurub, tanınmış alimlərlə birgə fəaliyyət göstərib, nailiyyətlər əldə ediblər. Bu ənənə bu gün də davam edir...

Bu yaxınlarda İ.Ə.Əliyev, L.A.Oparina və B.A.Trofimovun həmmüəllifliyi ilə işıq üzü görən “Aromatik tiollar və onun törəmələri” ("Aromatiçeskie tiolı i ix proizvodnıe" Novosibirsk, Novosibirskoe İzdatelğstvo "QEO" 2018, 295 c.) adlı monoqrafiya da birgə əməyin nəticəsidir.

Bakı Dövlət Universitetinin professoru İ.Ə.Əliyev, Rusiya Elmlər Akademiyası (REA) Sibir bölməsinin A.E.Favorski adına İrkutsk Kimya İnstitutunun əməkdaşları kimya elmləri namizədi L.A.Oparina və akademik B.A.Trofimovun birgə əməklərinin məhsulu olan “Aromatik tiollar və onların törəmələri” monoqrafiya N.D.Zelinski adına Üzvi Kimya İnstitutunun direktoru, REA-nın Kimya və Materialşünaslıq bölməsinin akademik katibi, “Uspexi ximii” jurnalının baş redaktoru, “İzvestiya AN, Seriya ximiçeskaya” və “Organometallics” (ABŞ) jurnallarının redkollegiyalarının üzvü akademik Mixail Petroviç Yeqorovun redaktorluğu ilə nəşr olunub.

Azərbaycan aliminin də həmmüəllifi olduğu bu kitab kimya elmimizin yeni uğuru olmaqla yanaşı, respublikamızda həyata keçirilən elmi işlərin dünya miqyasında tanınması istiqamətində atılan önəmli addımdır.

Kimyaçı alimlər tərəfindən maraqla qarşılanan monoqrafiyanın rəyçiləri REA Ural bölməsinin Üzvi Sintez İnstitutunun keçmiş direktoru, laboratoriya müdiri, Ural Dövlət Texniki Universitetinin Üzvi Kimya kafedrasının müdiri, akademik Oleq Nikolayeviç Çupaxin, k.e.d., professor N.K.Qusarova və k.e.d., professor S.V.Amosovadır.

Monoqrafiya haqqında AMEA-nın kimya elmləri bölməsinin akademik-katibi vəzifəsini icra edən, akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin dəyərli fikirlərindən ibarət məqaləsi də dərc olunub.

Professor İ.Əliyevin 50 il ərzində “Aromatik tiollar və onun törəmələri” sahəsində apardığı fundamental elmi-tədqiqat əsərlərinin bir hissəsi bu monoqrafiyada öz əksini tapıb. Ümumiyyətlə, kitabda 950-dən çox ədəbiyyatdan istifadə edilib ki, onun əksəriyyəti müəlliflərin elmi yaradıcılıqlarının məhsuludur.

Monoqrafiyanın əsas məziyyətlərindən biri də odur ki, yeddi fəslin hər birinə aid ədəbiyyat siyahısı verilib və kimyaçılara təqdim olunan yeni üzvi birləşmələrin sintezi üsulları göstərilib. Bu sahədə cədvəl və şəkillərin sayına görə sorğu kitabı vəzifəsini də icra edəcək monoqrafiya aromatik tiolların və onların yaxın törəmələrinin - sulfidlərin, sulfoksidlərin, sulfonların, o cümlədən müxtəlif funksional qruplu törəmələrinin - asil, tioasil, alkoksid, mürəkkəb efir, hidroksil, həmçinin halogenli birləşmələrinin kimya və fiziki-kimyasının aktual aspektlərinə həsr olunub. Kitabda müqayisə üçün oksigen və selen törəmələri də sintez edilib, əsas diqqət sintez üsullara - klassik, həmçinin yeni, keçid metalların katalizator kimi tətbiq edilməklə yeni birləşmələrin sintezinə və alınmış maddələrin reaksiyaya girmə qabiliyyətlərinin tədqiqinə yönəlib. Hər fəslin sonunda aromatik tiolların və onların törəmələrinin ən əhəmiyyətli nümayəndələrinin sintezi reaksiyalarının nümunələri göstərilir. Kitabın əhəmiyyətli hissəsini nəzəri suallar - müxtəlif valentli kükürd atomlarının qonşu aromatik fraqmentlərlə necə qoşulmasının müzakirəsi təşkil edir. Konformasiya və elektron effektlərinin öyrənilən birləşmələrin spektral (NMR, İQ, UB, NKR) və elektrokimyəvi xarakteristikalara təsirləri və onların kükürd atomuna birləşmiş aromatik fraqmentlər vasitəsilə əvəzləyicilərin təsir effektləri analiz edilir. Xüsusi fəsildə aromatik tiollar və onların törəmələrinin əsas praktik tətbiq üsullarına, o cümlədən dərman, yüksək texnoloji materiallar, üzvi sintezlərdə ilkin maddələr, analitik reagentlər, yağ və yanacaqlara aşqarlar və s. sahələrdə istifadə üsullarına baxılır.

Qeyd edək ki, professor İsmayıl Əliyev Azərbaycan kimya alimlərinin tövsiyəsi ilə Beynəlxalq Ekoenergetika Akademiyasının üzvü seçilib. Onun əməyi Bakı Dövlət Universitetinin rəhbərliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həmişə yüksək qiymətləndirilib. Alim Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib. Bu mükafat Azərbaycan elminə verilən yüksək dəyərin təcəssümüdür.

İnanırıq ki, kimyaçı-sintetiklər, fiziki kimyaçılar, polimer kimyası və farmakologiya sahəsində çalışan kimyaçılar, həmçinin mühəndis-texnoloqlar, kükürdün utilizasiyası ilə məşğul olanlar üçün nəzərdə tutulan monoqrafiya müəllim, doktorant, magistrantlar və tələbələr üçün də faydalı olacaqdır.

 


Fəqan ƏLİYEV,
professor.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024