Azərbaycan ədəbiyyatının ölməz simvollarından biri - Bəxtiyar Vahabzadə

16/08/2025

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olur.

Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində, milli ruhun oyanmasında mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. O azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.

Bəxtiyar Vahabzadənin bir alim kimi Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Bəxtiyar Vahabzadə 1942–1947-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində təhsil alıb. O, ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək, 1950-ci ildən ömrünün sonunadək BDU-nun professoru kimi Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanmasına töhfələr verib. 1951-ci ildə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda monoqrafiyasını müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsini alıb. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 2000-ci ildən isə AMEA-nın həqiqi üzvü olub.

Yetmişdən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan Bəxtiyar Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisistik kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib.

Haqsızlığa, ədalətsizliyə qarşı üsyan Bəxtiyar şeirinin əsas leytmotivlərindəndir. Görkəmli söz ustası hələ ötən əsrin 60-cı illərindən ölkəmizdə sovet imperiyasına qarşı milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirərək, imperiya pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.

Bəxtiyar Vahabzadə yaradıcılığında baş mövzulardan biri də ana dilidir. Onun qəti qənaətinə görə, dil xalqın varlığının nişanələrindən biri olub, onun ən qiymətli sərvətidir, üstəlik nəsillər silsiləsini birləşdirən, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir.

Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərləri gənc nəslin tərbiyəsində böyük rol oynayır. Müasir həyatdakı ziddiyyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı, yüksək, pak və ülvi hisslərin tərənnümü ədibin dramaturgiyasında təcəssümünü tapıb. Təsadüfi deyil ki, onun pyesləri Azərbaycan, eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə böyük şöhrət gətirib. Onun müasir mövzularda qələmə aldığı "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Hara gedir bu dünya?", "Fəryad", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" və "Özümüzü kəsən qılınc" kimi lirik-psixoloji pyesləri günün aktual problemlərindən, müasirlərimizin daxili dünyasından, daim təzələnən həyat və insan münasibətlərindən söz açmaqla gerçəkliyin ən müxtəlif tərəflərinə diqqəti cəlb edib, layiqli səhnə təcəssümü taparaq, yarım əsrədək bir müddətdə Azərbaycan səhnəsindən düşməyib. O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.

Bəxtiyar Vahabzadə Azərbaycan xalqının müstəqilik ideyalarının ilk carçılarından idi. Bu azadlığın çətin və şərəfli iş olduğunu duyaraq bir an belə seçdiyi yoldan nəinki dönmədi, əksinə daim mübarizənin ön cərgəsində oldu. Bəlkə də bu səbəbdəndir ki, 20 Yanvar faciəsi ilə bağlı qələmə aldığı "Şəhidlər" poeması ilə yeni bir tarix yazdı.

Bəxtiyar Vahabzadə bütün həyat və yaradıcılığı boyu xalqının sevgisinə və etimadına layiq olduğunu təsdiqləyib. Çətinliklər və ziddiyyətlərlə dolu ömür yolunda o, heç vaxt sarsılmayıb, milli məfkurəyə sədaqətini dönmədən qoruyub. Xalqımızın mənəvi yaddaşında əbədi iz qoyan Xalq şairi Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının ölməz simvollarından biridir.

Xəbərlər

Azərbaycan ədəbiyyatının ölməz simvollarından biri - Bəxtiyar Vahabzadə

Azərbaycan ədəbiyyatının ölməz simvollarından biri - Bəxtiyar Vahabzadə
16/08/2025

BDU-da Pakistan səfiri və NUST Universitetinin rəsmisi ilə görüş

BDU-da Pakistan səfiri və NUST Universitetinin rəsmisi ilə görüş
15/08/2025

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır
14/08/2025