Azərbaycanı dünyaya tanıtdı

12/05/2015

Cəmiyyəti idarə etməyə qadir liderlər həmişə insanları ardınca aparmaq, xalqın milli bütövlüyünə nail olmaq xüsusiyyətləri ilə seçilmişlər. Belə xarizmatik şəxsiyyətlər həm də çətin situasiyalarda qarşıda duran vəzifələrin həlli yollarını düzgün müəyyənləşdirmək, insanları milli ideya ətrafında səfərbər etmək, irəli sürdükləri mütərəqqi ideyaları, məqsədləri əzmlə gerçəkləşdirmək qüdrətləri sayəsində ümummilli liderlik zirvəsinə yüksəlmişlər. Bu gerçəkliklər fonunda XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi böyük şəxsiyyət, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki yeri və rolu daha qabarıq görünür.  Dahi rəhbərin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası son illərdə müstəqil Azərbaycanın ictimai həyatın bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaratmış, onu regionun qüdrətli, sayılıb-seçilən dövlətinə çevirmişdir. Bu strategiya Azərbaycanda milli dövlətçiliyin siyasi, dini və etnik tolerantlığı imperativ kimi qəbul edən müasir modelini, dünyanın mövcud reallıqlarına nəzərən formalaşmış demokratik idarəetmə fəlsəfəsini, milli-mənəvi dəyərlərin qorunmasını, cəmiyyətin bütün potensialının milli maraqlar naminə səfərbər edilməsini, ictimai-siyasi sabitlik amilinə istinad edən yeni iqtisadi inkişaf modelini, bir sözlə, qanunun aliliyini və hakimiyyətlə xalq arasında möhkəm vəhdət yaradılmasının fundamental əsaslarını özündə təcəssüm etdirir. Respublikada demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazanılan böyük nailiyyətlər də məhz ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.  Artıq bütün sahələrdə dinamik inkişaf yolu keçmiş Azərbaycan iqtisadi sahədə modernləşmə mərhələsinə gəlib çıxmış, keyfiyyətcə cəmiyyətin normal inkişaf ahəngini təmin edən çoxşaxəli siyasi və hüquqi islahatları inamla gerçəkləşdirmişdir. Ən əsası, xalqın qanı bahasına əldə olunmuş dövlət müstəqilliyi qorunub saxlanılaraq möhkəmləndirilmiş, Azərbaycan xaos və anarxiyadan davamlı inkişafa doğru böyük yol qət etmişdir. Ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidməti isə ölkədə hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu prosesinin ictimai şüurda qaçılmaz proses və milli inkişafın strateji xətti kimi qəbul olunmasıdır.  "Biz Azərbaycanda demokratik respublika quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailliyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq" - deyən ümummilli lider Heydər Əliyev demokratik inkişafa insanların daxili azadlığını, mənəvi ucalığını, qanunçuluğa riayət etməsini şərtləndirən mühüm siyasi vasitə kimi yanaşmışdır. Azərbaycan xalqının vahidliyinə çalışan Heydər Əliyev özünün fitri idarəçilik istedadı sayəsində respublikada ümumbəşəri dəyərlərlə çulğaşan, milli xüsusiyyətləri, mental dəyərləri qoruyan ədalətli, sivil və demokratik cəmiyyətin möhkəm əsaslarını yaratmış, dövlət-vətəndaş münasibətlərində hər birinin mənafeyini prioritet kimi götürmüşdür. Müxtəlif tarixi dövrlərin siyasi təbəddülatları ümummilli problemlərin həllində cəmiyyətin Heydər Əliyev siyasi kursuna olan inamına qətiyyən təsir etməmiş, əksinə, bu inam gündən-günə möhkəmlənmişdir.  Ümummilli lider Heydər Əliyev  idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk növbədə, xalqın intellektual gələcəyini düşünmüşdür. Elmi-intellektual sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti, etibarlı təminatı hesab etmişdir, milli təhsil sisteminin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdir.  Ötən əsrin sonlarında istiqlaliyyətini bərpa edən Azərbaycan məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşmış zəngin iqtisadi və elmi potensiala istinad etmişdir.  1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən ulu öndər ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək xalqın milli özünüdərki üçün zəruri tədbirlər reallaşdırmağa başladı, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırdı, hər bir kəsdə milli heysiyyəti gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin mədəni irsini yaşatmaq naminə ciddi işlər gördü.  Mən özümü xoşbəxt insanlardan sayıram ki, Heydər Əliyevi tələbəlikdən tanıyır və gənclərə göstərdiyi qayğının şahidiyəm. Yadımdadır, 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyi keçirilirdi. O zaman universitetin kimya fakültəsinin üçüncü kurs tələbəsi idim. Mərasimə əlaçı tələbələr də dəvət edilmişdi. İndiki Şəhriyar klubunda keçirilən tədbirdə unudulmaz Heydər Əliyev Azərbaycan dilində çox dərin məzmunlu nitqlə çıxış etdi. Bu, bizi çox heyrətləndirdi. Çünki həmin vaxtlarda ən kiçik iclaslar belə rus dilində aparılırdı. Məhz Heydər Əliyevin o tədbirdəki çıxışı, deyərdik ki, tarixi bir məqam, tarixi bir nitq oldu. Biz ilk dəfə idi ki, ölkə rəhbərinin dilindən Bəhmənyar, Nəsirəddin Tusi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi klassiklərin adını eşidirdik. Heydər Əliyev onların hər biri haqqında maraqlı fikir söyləyirdi. Açığı, onun doğma dilimizə, klassiklərimizə bu cür ehtiramla yanaşması bizə çox təsir etdi. Bəlkə də bizdə milli hisslərin, vətəndaş təəssübkeşliyinin oyanıb inkişaf etməsində məhz həmin tarixi görüşün öz yeri var. İndinin özündə də ulu öndər haqqında düşünəndə gözlərim önündə məhz həmin görüş canlanır. Qadağaların hökm sürdüyü bir dövrdə Heydər Əliyevin bu cəsarətli addımı biz gənclərin düzgün istiqamətlənməsində böyük rol oynadı.  Ulu öndər milli kadrların yetişdirilməsi işinə xüsusi qayğı ilə yanaşmış, bu məqsədlə təhsilin səviyyəsinin yüksəldilməsini önə çəkmişdir. O dövrdə milli mütərəqqi fikrin və ictimai düşüncənin başlıca mərkəzi kimi çıxış etməklə flaqman ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi də daim Heydər Əliyevin nəzərində olmuşdur. Heydər Əliyev yaxşı bilirdi ki, universitet auditoriyalarında, kafedralarında işləyən, dərs deyən müəllimlər Azərbaycan xalqının mənliyinin, milli şüurunun, milli ruhunun inkişaf etdirilməsi prosesində müstəsna rol oynayırlar. O zaman azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərdə oxumağa göndərilməsi də məhz Heydər Əliyevin təşəbbüsü sayəsində baş tutdu. Bu qayğıdan bəhrələnənlərdən biri də mən oldum. Ulu öndərin köməyi ilə Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasına daxil oldum. Həmişə arzusunda olduğum, lakin reallaşmasına inana bilmədiyim bu hadisə həyatımda çox böyük rol oynadı. Yaxşı xatırlayıram ki, Moskvada təhsil aldığımız illərdə ulu öndər bir neçə dəfə bizimlə görüşdü, qayğılarımızla maraqlandı və hər dəfə də vətən üçün ləyaqətli kadrlar olmağı tövsiyə etdi. Heydər Əliyevin bizə göstərdiyi bu diqqət Rusiyada təhsil alan tələbələr üçün çox önəmli oldu. Biz hər bir addımımızda məhz ümummilli liderin məsləhətlərinə əməl etməyi, onun dediyi kimi öyrənməyi, oxumağı, vətənə yüksək ixtisaslı kadr kimi qayıtmağı qarşımıza məqsəd qoymuşduq. Həyat göstərdi ki, Heydər Əliyev necə uzaqgörən və müdrik şəxsiyyət idi. Məhz ulu öndərin təşəbbüsü sayəsində xarici ölkələrin ali məktəblərində təhsil alanlar sonralar Azərbaycana qayıdaraq xalqa, millətə ləyaqətlə xidmət etdilər. Bu xidmətin yüksək səviyyədə olması isə məhz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki böyük şəxsiyyət  hər birimizin həm əsl vətəndaş, həm də ixtisaslı kadr kimi formalaşmasında mühüm rol oynadı.  Ulu öndər Azərbaycan Dövlət Universitetinin 60 illik yubileyinin təşkilinin də əsas təşəbbüskarı olmuş, 1980-ci ildə keçirilmiş mərasimdə iştirak edərək təbrik nitqi söyləmişdir. Sovetlər birliyi dövründə universitetin beynəlxalq əlaqələrinin genişlənməsi də məhz Heydər Əliyevin respublikada rəhbərliyə gəlişindən sonra mümkün olmuşdur. Universitet bir sıra dövlətlərin analoji ali təhsil müəssisələri ilə əməkdaşlığa başlamış, beynəlxalq əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ümumiyyətlə, 1969-1982-ci illərdə Azərbaycanda humanitar və ictimai elm sahələrində böyük irəliləyişlər əldə edilmiş, dilimizin, tariximizin, folklorumuzun tədqiqi sahəsində uğurlu nəticələr qazanılmışdır. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, respublikada böyük iqtisadi, elmi və ədəbi-mədəni potensialın yaradılması da məhz bu uzaqgörən siyasətin nəticəsidir.  Ümummilli liderin dövlətçilik fəlsəfəsinə görə elmə, təhsilə göstərdiyi qayğı xalqın xoşbəxt gələcəyinə qoyulan təminatlı sərmayədir və bu istiqamət ulu öndərin fəaliyyətinin əsas qayəsini təşkil etmişdir.  Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev təhsil sistemində baş verən boşluqları, deformasiyaları düzəltmək üçün böyük qüvvə sərf etdi. Ölkənin problemlər içində çaxnaşmasına baxmayaraq məhz Heydər Əliyevin qayğısı sayəsində 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyinin yüksək səviyyədə keçirilməsi baş tutdu. Biz bu görüşə böyük ehtiram və ümidlə gəlmişdik. Həmişəki kimi Heydər Əliyev özünəməxsus müdrikliklə elmin və təhsilin qarşısında dayanan problemlər haqqında fikirlərini söylədi, çıxış yolunu göstərdi. Bir vaxt tələbəlik illərində ümummilli liderin Azərbaycan dilində necə rəvan, təmiz, səlis danışmasına təəccüblənmişdim. İndi də ulu öndərin fenomen yaddaşı, universiteti yaxından tanıması, orada çalışan professor-müəllim heyətinin potensialından xəbərdar olması məni bir daha heyrətləndirdi. Heydər Əliyevlə hər görüş bir universitet təhsilinə bərabər idi. Bu, mübaliğə deyil, həqiqətdir.  1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edən Heydər Əliyev bir çox məqamlara toxunaraq demişdi: "Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir. Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum". Ümummilli lider 1982-ci ildən sonra da milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq göstərmiş, yüksək siyasi iradə ortaya qoymuş, mərkəzin yeritdiyi siyasətin ayrı-ayrı çalarları ilə bağlı tənqidi fikirlərini, mülahizələrini söyləmişdir. Heydər Əliyev SSRİ rəhbərliyində yüksək vəzifə tutan zamanlar da vətənini, xalqını unutmamış, hər zaman Azərbaycanın mənafeyini müdafiə etmişdir.  Ulu rəhbərin dəfələrlə qeyd etdiyi kimi, universitetin başlıca məqsədi gələcəyin vətəndaşını, yüksək səviyyəli mütəxəssisini yetişdirməkdən ibarətdir. "Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam" - deyən ulu öndər Heydər Əliyev BDU-ya olan rəğbətini daim büruzə verməklə yanaşı, bu ali təhsil ocağının qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirmişdir. BDU daim dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır. Bir faktı xüsusi vurğulamaq lazımdır ki, universitetin 1999-cu ildə 80 illik yubiley mərasiminin keçirilməsi yenə də ümummilli liderin adı ilə bağlıdır. Ümumiyyətlə, BDU-nun indiyədək keçirilmiş beş yubiley mərasiminin dördü məhz Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Bu mənada Heydər Əliyevlə Bakı Dövlət Universitetini bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Ən azı o səbəbdən ki, universitet təhsildə də, elmin inkişafında da, maddi bazanın möhkəmləndirilməsi, yeni ixtisasların açılması sahəsində də ən möhtəşəm nailiyyətlərini məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qazanmışdır. Təsadüfi deyil ki, universitetin Böyük Elmi Şurası elmin və təhsilin inkişafında göstərdiyi qayğıya, bu təhsil ocağının şöhrətini yüksəkliklərə qaldırdığına görə, Bakı Dövlət Universitetinin 80 illik yubileyi ərəfəsində ulu öndər Heydər Əliyevə BDU-nun Fəxri Doktoru diplomunu təqdim etmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin Bakı Dövlət Universiteti ilə bağlı ən mühüm və unudulmaz addımlarından biri də 13 iyun 2000-ci ildə bu ali təhsil ocağına özünüidarəetmə - muxtariyyət statusunun verilməsidir.  Yadımdadır ki, universitetimizin 80 illik yubileyi ilə bağlı xarici ölkələrdən də qonaqlar gəlmişdi. 2000-ci ilin fevral ayında ümummilli lider həmin qonaqları və BDU-nun bir qrup ziyalısını qəbul etdi. Bir daha ulu öndərin elmə, təhsilə olan böyük marağı hətta qonaqlarımızın çalışdığı universitetlər haqqında ətraflı məlumatı beynəlxalq aləmdə, elm və təhsil inteqrasiyaları haqqındakı geniş təsəvvürləri hamını heyrətləndirdi. Doğrudan da, bu dahi insanla hər görüş bir elmi tapıntıya sahib olmaq qədər qiymətli idi. Tarix belə şəxsiyyətləri min ildən bir yaradır. Biz xoşbəxt nəsilik ki, taleyimizə Heydər Əliyevin adı yazılıb.  Tarixdən məlumdur ki, mütərəqqi ideyalar olmadan insanları konkret məram və məqsədlər ətrafında səfərbər etmək, birləşdirmək mümkün deyil. Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Ulu öndər azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş, dünya azərbaycanlılarının milli birliyi, diaspor və lobbi quruculuğu istiqamətində ardıcıl addımlar atmasına gətirib çıxarmışdır.  Dünya azərbaycanlılarının konkret milli ideya ətrafında sıx birləşdirilməsini irəli sürən ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə çalışmışdır. Ümummilli lider dünya azərbaycanlılarının milli birliyi ilə bağlı demişdir: "Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma Vətəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi Vətəni vardır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur. İnanıram ki, əsrlərdən bəri arzusunda olduğumuz və uğrunda mübarizə apardığımız müstəqil və azad Azərbaycan ideyalarının həyata keçirildiyi bu tarixi sınaq anlarında dünyanın hər bir guşəsində yaşayan həmvətənlərimiz bizim ümummilli məqsədlərimizin tam gerçəkləşməsi üçün daha böyük əzmlə çalışacaqlar."  Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin birgə müzakirəsi məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda tarixi bir toplantı - Dünya Azərbaycanlılarının I qurultayı keçirilmişdir. Qurultay Azərbaycan diasporunun keçdiyi inkişaf mərhələlərini geniş təhlil etmiş, Azərbaycan icmalarının tarixi Vətənlə əlaqələrinin qurulması və möhkəmləndirilməsi, xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, diaspor quruculuğu sahəsində qarşıda duran prioritet vəzifələri müəyyənləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin I qurultaydakı dərin məzmunlu nitqində böyük həyəcanla söylədiyi "Fəxr edirəm ki, mən azərbaycanlıyam!" sözləri sayı 50 milyonu ötmüş dünya azərbaycanlıları üçün milli qürur simvoluna çevrilmişdir.  Həmin tarixi qurultaydan sonra Azərbaycanda diaspor quruculuğu prosesi sürətlənmiş, 2002-ci ilin iyulunda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indi Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması bu sahədə dövlət siyasətinin sistemli və mütəşəkkil şəkildə həyata keçirilməsinə imkan yaratmışdır. Çoxsaylı tədbirlər dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın xalqımızın milli maraqlarının təmin olunmasında yaxından iştirakına imkan yaratmışdır. Bundan başqa, 2002-ci ilin dekabrında "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu diasporumuzun təşkilatlanması, dünya azərbaycanlılarının birliyinin yaranması və dövlətin bu sahədə apardığı məqsədli siyasətin uğurla həyata keçirilməsinə nail olmaq üçün geniş imkanlar açmışdır.  Ulu öndərin irəli sürdüyü azərbaycançılıq ideologiyası bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir.  Ulu öndərin siyasi kursunu böyük müdrikliklə davam etdirən Prezident İlham Əliyev onu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülmüş, iqtisadiyyatda həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik olan möhtərəm İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də, regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.  Möhtərəm Prezident İlham Əliyev 2009-cu il noyabrın 2-də Bakı Dövlət Universitetinin 90 illik yubileyindəki nitqində Azərbaycanın iqtisadi sahədə keçid dövrünü başa vurduğunu bəyan etmişdir. Bundan sonrakı dövrü isə daha çox bazar münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, modernləşmə strategiyasının reallaşdırılması mərhələsi kimi səciyyələndirmək olar. Cənab İlham Əliyev praqmatik siyasətçi kimi bu mərhələdə də qarşıda duran vəzifələri düzgün qiymətləndirir, xalqın mənafeyi baxımından bir sıra strateji məqsədləri önə çəkir. Bu xüsusda müasir dövrün milli ideyasının Azərbaycan üçün nədən ibarət olduğu da tamamilə aydındır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, məqsəd Azərbaycanı yaxın perspektivdə inkişaf etmiş dövlətlər sırasında görməkdir. Dövlət başçısı cəmiyyətdə müəyyən azlığın skeptik yanaşdığı bu məqsədin reallaşdırılması üçün son illərdə kompleks tədbirlər həyata keçirir.  Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, cəmiyyət həyatındakı fundamental dəyişikliklər milli təhsil konsepsiyasının müasirləşdirilməsini, inkişaf etmiş dövlətlərin mütərəqqi maarifçilik ənənələrinin, müasir informasiya və innovasiya texnologiyalarının mənimsənilməsini, mənəvi-intellektual yüksəlişə xidmət edən siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çıxarır. Dövlət başçısının rəhbərliyi altında Azərbaycanda həyata keçirilən təhsil islahatlarının başlıca qayəsi də məhz bu fundamental prinsiplərin sistemli surətdə reallaşdırılması, dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsidir. Cənab İlham Əliyev xüsusi bildirib ki, respublikamızda "qara qızıl"ı "insan qızılı"na, insan kapitalına çevirməyin vaxtı gəlib çatmışdır. Bu çağırışın əsasında Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtutumlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması ideyası dayanır.  Ölkədə elm və təhsilin inkişafında yaranmış keyfiyyətcə yeni mərhələnin reallıqları, həyata keçirilən islahatların istiqaməti Bakı Dövlət Universitetinin fəaliyyətində də ciddiliklə nəzərə alınır. Gələcək həyata məhz bu ali məktəbdən qədəm qoyan on minlərlə Azərbaycan gəncinin müasir biliklərə yiyələnməsi, elmi təşəbbüskarlığının artması, kompüter və informasiya texnologiyalarını dərindən mənimsəməsi üçün görülən işlər ardıcıl və sistemli səciyyə daşıyır. Bakı Dövlət Universiteti bu gün çağdaş dünyanın standartlarına uyğun intellektual, yüksək ixtisaslı kadrların hazırlanması işini uğurla həyata keçirməklə burada tətbiq edilən tədrisin keyfiyyətinə, universitetin müasir tələblərə cavab verən yüksək maddi-texniki bazasına, beynəlxalq əlaqələrinə, ölkə hüdudlarından kənardakı mövqeyinə görə MDB məkanının liderlərindən biridir.  Hər bir elm-təhsil müəssisəsinin qarşısında konkret məqsədlər var: BDU-nun da əsas məqsədi gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdır. Bunu yaxşı bilən universitetin professor-müəllim heyəti qarşıdakı məqsədə çatmaq üçün strateji istiqamətləri dəqiq müəyyənləşdirmişdir. Onlar gələcəyin yetkin gəncliyini formalaşdırmaq üçün əzmkarlıqla işləyir, xalqımızın sabahı naminə layiqli vətəndaşların, savadlı kadrların hazırlanması üçün tədris və təhsilin keyfiyyətini gündən-günə gücləndirməyə çalışırlar. Sivil dünyanın ən mütərəqqi yeniliklərinin BDU-ya gətirilməsi, bu yeniliklərin Azərbaycanın elm, təhsil sahəsində tətbiqi universitetin elmi şurasını düşündürən başlıca məsələlərdəndir.  BDU-nun professor-müəllim heyəti bu gün həm də milli ideologiyamızın formalaşması, genişləndirilib inkişaf etdirilməsi və təbliği sahəsində böyük fəallıq nümayiş etdirir. Təhsil müəssisəsində ulu öndər Heydər Əliyevin mənəvi irsinin, bu fövqəlbəşər şəxsiyyətin zəngin dövlətçilik təcrübəsinin, idarəetmə fəlsəfəsinin öyrənilməsi və gənc nəslə çatdırılması mühüm vəzifə kimi qiymətləndirilir.  Onu da qeyd etmək çox xoşdur ki, ölkəmizdə Birinci Avropa Oyunları ilə bağlı da böyük işlər görülüb. Hazırda möhtəşəm idman yarışının rəmzi sayılan məşəl Azərbaycanı gəzir. Belə mötəbər beynəlxalq tədbirin  keçirilməsi üçün Azərbaycanın seçilməsi qitə ölkələri içərisində inkişaf və sabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan respublikamıza qlobal səviyyədə inamın, etibarın təsdiqi və təntənəsidir. Bu inam və etibarın arxasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-24" telekanalına müsahibəsində bu məsələyə toxunaraq demişdir: "...Azərbaycan bu Oyunların keçirilməsinə yeganə namizəd idi. Əgər o zaman biz buna razılıq verməsəydik, yəqin ki, bu ideya elə ideya olaraq qalacaqdı". Bu amil tam olaraq təsdiq edir ki, dünyanı, Avropa ölkələrini çətin vəziyyətə salan maliyyə böhranı Azərbaycanın uğurlu inkişafına təsir etməmişdir. Əksinə, respublikamız Avropa Oyunlarının keçirilməsini öz üzərinə götürməklə dünyada artan nüfuzunu daha da yüksəltdi, etibarlı tərəfdaş olduğunu sübut etdi. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilk növbədə Azərbaycan üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir.  Bütün bunlar onu göstərir ki, Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi-intellektual, eyni zamanda  sağlam ruhlu idman potensialının gücləndirilməsi məqsədi də ön planda dayanır. Bu gün hamıda belə bir inam var ki, milli müstəqilliyə davamlı təminat yaratmış ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyev yaxın perspektivdə Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətləri səviyyəsinə qaldırıb bütün problemlərin həllinə nail olacaqdır.

Abel MƏHƏRRƏMOV,  Bakı Dövlət Universitetinin rektoru,

akademik,  Milli Məclisin deputatı

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024