“Azərbaycan İkinci dünya müharibəsi illərində” mövzusunda beynəlxalq virtual Elmi konfrans keçirilib

22/06/2020

İyunun 22-də Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş “Azərbaycan İkinci dünya müharibəsi illərində” mövzusunda beynəlxalq virtual Elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov müxtəlif ölkələrdən olan alimlərin iştirakı ilə onlayn keçirilən konfransın məqsəd və əhəmiyyətindən danışaraq bildirib ki, faşizm üzərində qazanılan tarixi Qələbə asan başa gəlməyib, cəbhəyə yola düşmüş həmvətənlərimizin rəşadəti və hünəri bahasına qazanılıb. Müharibədə iştirak edən yüz minlərlə oğul və qızlarımızdan 130-u Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, yüz mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif olunub. Qələbənin qazanılmasında azərbaycanlı çağırışçılardan və könüllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunələri göstəriblər. İkinci Dünya müharibəsində döyüşən ordunun yanacaqla təminatında və faşizm üzərində Qələbədə Bakı neftinin, Azərbaycan alimlərinin, xalqımızın xüsusi yeri və rolu vardır.

İ.Zeynalov əlavə edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra da İkinci dünya müharibəsinin iştirakçıları dövlət qayğısı ilə əhatə olunublar. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyəti dönəmindən başlayan bu ənənə, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfransın moderatoru, Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova statistik məlumatları təqdim edərək məruzəçilərə aktiv iştiraka görə təşəkkür edib. Qeyd edib ki, İkinci Dünya müharibəsində azərbaycanlı döyüşçülərin keçdiyi şərəfli döyüş yolu, göstərdikləri qəhrəmanlıq milli qürurumuz, müharibə veteranları xalqımızın fəxridir, gənc nəslə vətənpərvərlik nümunəsidir.

Daha sonra Nijni-Novqorod Dövlət Texniki Universitetinin professoru Yan Şvarç “İkinci dünya və Böyük Vətən müharibələrinin bilinməyən səhifələri və əsatirləri”, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev “Gürcüstan II dünya müharibəsi illərində”, L.Qumilyov adına Avrasiya Universitetinin professoru Svetlana Kovalskaya “Qazaxstanın sovet xalqının böyük qələbəsinə töhfəsi”, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Azad Rzayev “Bakı II dünya müharibəsi illərində”, Sankt-Peterburq Sikkə evinin ekonomik güvənliyinin başçısı Leonid Vaylava “Məğlubedilməz şəhər”, Azərbaycan Texniki Universitetinin Tarix kafedrasının müdiri, professor Şikar Qasımov “Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu”, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin müdiri Lalə Hüseynova “Azərbaycan və azərbaycanlılar II dünya müharibəsi illərində - tarixin az tədqiq edilmiş səhifələri”, Cənubi Koreyanın Xanquq Universitetinin professoru Rövşən İbrahimov “İkinci Dünya müharibəsi dövründə Azərbaycan neftinin geosiyasi faktor kimi rolu” mövzusunda məruzə ilə çıxış ediblər.

Çıxışlarda faşizm üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan, Qazaxstan və Gürcüstan əhalisinin rolu, faşizmə qarşı döyüşlərdə göstərdikləri misilsiz qəhramanlıqları, müharibənin siyasi, sosial, iqtisadi ağırlığı, itkilər, Azərbaycan xalqının fədakarlığı və ön cəbhədəki qəhrəmanlığı, bu dövlətlərin müharibədə fəal iştirakı və qələbə ilə başa çatması sahəsindəki fəaliyyəti haqqında ətraflı söhbət açılıb.

Videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev təşkilat komitəsinə təşəkkür edərək bildirib ki, İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş beynəlxalq Elmi konfransı iştirakçıların böyük marağına səbəb olub.

Qarşılıqlı diskussiya şəraitində davam edən Elmi konfrans sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024