Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliyin edilməsinə dair

09/06/2021

Məlum olduğu kimi, ötən ildən başlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən ali və orta ixtisas təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil edilmişdir. Cari tədris ilinin payız semestrinin imtahan sessiyası də onlayn şəkildə həyata keçirilmişdir. Hazırda xüsusi karantin rejimi davam etdiyinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2021-ci il tarixli 158 nömrəli qərarına uyğun olaraq ötən tədris ilində olduğu kimi cari tədris ilində də orta ixtisas təhsili pilləsində (bütün ixtisaslar üzrə) və ali təhsil pilləsinin bakalavriat səviyyəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə) tələbələrin yekun dövlət attestasiyası üzrə biliyinin qiymətləndirilməsinin təhsil müddətində əldə etdikləri nəticələr (ÜOMG) əsasında aparılması məqsədəmüvafiq hesab edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına lazımi dəyişikliklər edilmişdir.

Belə ki, qərara əsasən orta ixtisas təhsili pilləsində bütün ixtisaslar üzrə, bakalavriat səviyyəsində isə xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar. Bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları üzrə yekun dövlət attestasiya məcburidir. Magistratura səviyyəsində də bütün ixtisaslar üzrə yekun attestasiya məcburidir.

Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir.

Orta ixtisas təhsili pilləsində və ali təhsilin bakalavriat səviyyəsində təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbələr üçün dövlət attestasiya sınaqları təşkil ediləcəkdir.

Orta ixtisas təhsili müəssisələri və ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi qaydaları təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası (magistratura səviyyəsi üçün) tərəfindən müəyyən edilir.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024