Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki

18/03/2026

Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm.

Azərbaycan torpağında çox qədim köklərə malik Novruz bayramı ulu əcdadlarımızın indiki nəsillərə müqəddəs ərməğanıdır. Bu əziz bayram uzun əsrlərdən bəri milli təfəkkür tərzimizin ayrılmaz tərkib hissəsi olub, mədəni dəyərlərimizin təşəkkülünə xüsusi töhfə vermişdir. Novruz mərasimlərində xalqımızın nikbin dünyagörüşü, təbiətə sonsuz sevgisi, yüksək əxlaqi meyarları və gələcəklə bağlı ən işıqlı arzuları bütün zənginliyi ilə təcəssümünü tapır.

Novruz ənənələrini yad təsirlərdən qoruyaraq zamanın sınaqlarından uğurla çıxarması və dövrümüzədək yaşatması Azərbaycan xalqının öz şərəfli tarixi qarşısında xidmətlərindəndir. Ali bəşəri keyfiyyətlər və dərin mənəviyyat xəzinəsi olaraq dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alan Novruz bayramı bu gün də Vətənimizin hər bir guşəsində yüzillərin yaddaşında iz qoymuş adətlərə uyğun el şənlikləri ilə qarşılanır.

Əminəm ki, yaz fəslinin yeniləşdirici ab-havası gələcəyimizi arzularımıza uyğun qurmaq şövqümüzü daha da artıracaq və biz əzmimizlə azadlığına qovuşdurduğumuz əzəli yurd yerlərimizi aydın səma altında gözəlliklər məskəninə çevirəcəyik.

Qoy qarşıdan gələn Novruz bayramı qəlblərinizi nurla doldursun, hamınıza xoş bahar əhval-ruhiyyəsi bəxş etsin, evinizə, ocağınıza əmin-amanlıq, firavanlıq və bol ruzi-bərəkət gətirsin.

Bayramınız mübarək olsun!



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2026-cı il

Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026