Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti

20/03/2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırıblar.

Sonra dövlətimizin başçısı müraciət edib.

- Əziz bacılar və qardaşlar, mən sizin hamınızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm! Bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram!

Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik.

Noyabrın 8-də Şuşanın azad olunması ilə bağlı müjdəni Azərbaycan xalqına verərkən demişdim ki, Şuşa, sən azadsan! Bu gün azad Şuşada biz öz milli bayramımızı – Novruz bayramını qeyd edirik. Şuşa 28 il əsarətdə idi. 28 il mənfur düşmən tərəfindən dağıdılırdı, məhv edilirdi. Şuşanın tarixi siması dağıntılara məruz qalırdı. Düşmən Şuşanı erməniləşdirmək istəyirdi. Şuşada Azərbaycan xalqının irsini silmək istəyirdi. Ancaq buna nail ola bilmədi. Bəli, Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq. Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi. Biz də gəlməli idik və gəlmişik. Ancaq gəlmək üçün güc toplamalı idik, gəlmək üçün hazırlıq işləri aparılmalı idi. Bütün istiqamətlər üzrə hazırlıq işləri aparılmalı idi və aparılırdı. Biz ölkəmizin inkişafını təmin etməli idik. Xalqımızın birliyini təmin etməli idik. Vətəndaş müharibəsindən çıxmış ölkə üçün, xalq üçün bu, o qədər də asan məsələ deyildi. Vətəndaş müharibəsindən sonra bu günə qədər ölkədə gedən proseslər xalqımızı vahid ideya uğrunda, vahid amal uğrunda, torpaqlarımızın azad edilməsi amalı uğrunda birləşdirdi. Biz bu milli birliyi, milli həmrəyliyi təmin edə bildik. Bu, olmasa idi, bu Qələbə də olmayacaqdı.

Biz Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırmalı idik və çatdıra bildik. Beynəlxalq təşkilatlarda fəal işləyirdik və bizə sərf edən, həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən, ona əsaslanan vacib qərar-qətnamələri qəbul etdirə bildik. Bu, Qələbəmizin hüquqi əsası idi, haqq-ədalətin bərpasının hüquqi əsası idi. Biz iqtisadi güc toplamalı idik və topladıq. Son illər ərzində Azərbaycan qədər sürətlə inkişaf edən ölkə bəlkə də dünyada yoxdur. Biz hərbi güc toplamalı idik və bu istiqamət birinci dərəcəli vəzifə idi. Təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə hərbi xərclər hər zaman birinci yerdə idi və bunu mən deyirdim, bəyan edirdim ki, biz hərbi xərclərimizi bundan sonra da artırmalıyıq. Biz müharibəyə hazırlaşmalıyıq, hazırlaşırıq. Açıq deyirdim bütün dünyaya və deyirdim ki, əgər düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz düşməni qovacağıq. Belə də oldu.

Biz güclü ordu yaratmışıq. Peşəkar ordu yaratmışıq. Qəhrəman ordu yaratmışıq. Hərbçilərimiz ən yüksək qiymətə layiqdirlər. Biz müharibə dövründə şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah onların yaxınlarına səbir versin. Biz Şuşanı qan tökərək azad etmişik, Şuşa uğrunda ciddi döyüşlər gedirdi. Laçın dəhlizi boyunca işğalçıların qalıqları səpələnmişdi, yüzlərlə, bəlkə də minə qədər işğalçı Şuşa döyüşlərində məhv edildi. Hərbçilərimiz sıldırım qayalardan qalxaraq, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlardan keçərək yüngül silahlarla Şuşaya gəldilər. Yüngül silahlarla, tapançalarla, süngü-bıçaqla mübarizə apardıq. Amma bizə qarşı burada toplardan, tanklardan istifadə olundu. Amma düşmən bizim gücümüzü gördü, iradəmizi gördü, milli ruhumuzu gördü və məğlub oldu. Şuşanın azad edilməsi Vətən müharibəsində xüsusi yerə malik olan hadisədir. Şuşa bizim hədəfimiz idi və biz bu hədəfə doğru gedirdik. Şuşaya qədər azad edilmiş bütün torpaqlarda Azərbaycan Ordusunun yerləşməsi Şuşanın azad olunmasını da şərtləndirmişdi. Cəbrayıl rayonu, Suqovuşan, Hadrut, Xocavənd rayonunun böyük hissəsi, Zəngilan, Füzuli, Qubadlı rayonları, Laçın rayonunun cənub hissəsi, Kəlbəcər dağları, Murov dağı və ondan sonra Şuşa. Müharibə zamanı 300-dən çox kənd və şəhər azad edildi, düşmən məcbur oldu, diz çökdü, təslim oldu və noyabrın 10-da kapitulyasiya aktına imza atdı.

Müharibənin ilk günlərindən mən demişdim ki, düşmən bizə tarix versin, düşmənin rəhbəri tarix versin, nə vaxt bizim torpağımızdan rədd olur və biz müharibəni dayandırmağa hazırıq. Yenə də sözümdə durdum, bizə tarix verilən kimi, kapitulyasiya aktı imzalanan kimi müharibə dayandı və biz bir güllə atmadan, bir itki vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarına da qayıtmışıq. Beləliklə, ərazi bütövlüyümüzü bərpa etdik. Yenə də deyirəm, biz hazırlaşmalı idik, Şuşa bizi gözləyirdi. Amma biz elə gəlməli idik ki, bu məsələni birdəfəlik həll edək.

Son illər ərzində mən həm çıxışlarda, həm müsahibələrdə dəfələrlə demişəm ki, bizə məsələnin yarımçıq həlli lazım deyil. Bu, nə deməkdir, Azərbaycan xalqı yəqin ki, gözəl başa düşür. Mən demişdim ki, hər şeyi vaxtında etmək lazımdır. Nəyi, nə vaxt, necə etmək lazımdır, bilirəm. Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz.

Şuşa bizim qədim şəhərimizdir. Erməni təbliğatı, saxta alimlər, fırıldaqçı siyasətçilər, beynəlxalq dairələr nə qədər desələr də xeyri yoxdur, tarix var. Pənahəli xan Şuşanın təməlini qoydu, Şuşanı tikdi, qurdu. Biz isə Şuşanı əsarətdən çıxardıq və xalqımıza qaytardıq, dövlətimizə qaytardıq. Şuşa qədim Azərbaycan şəhəridir, həmişə belə olub. Son 28 il ərzində mənfur düşmən nə qədər çalışsa da, Şuşanın Azərbaycan ruhunu, Azərbaycan görkəmini dəyişdirə bilməyib. Bəli, evlər sökülüb, tarixi abidələr sökülüb, məscidlər sökülüb, bir neçə eybəcər bina tikilib. Faktiki olaraq burada heç bir tikinti aparılmamışdır. Ancaq sovet vaxtından qalan o “xruşşovkalarda” məskunlaşmış 2 minə yaxın erməni yaşayırdı, onların da böyük hissəsi hərbçilər idi, onların ailələri idi. Əgər bu, erməni şəhəri idisə, niyə ermənilər gəlib burada yaşamadılar? Çünki ermənilərin tarixi yoxdur burada. Əgər erməni şəhəridirsə, niyə belə bərbad günə qoyublar? Niyə talayıblar Şuşanı, niyə 28 il ərzində bərpa etməyiblər? Bəs, hanı bunların xeyriyyəçiləri? Deyirdilər ki, xeyriyyəçilər bunu etdilər, onu etdilər, ora pul verdilər, bura pul verdilər. Hər il marafonlar keçirirdilər, on milyonlarla dollar pul yığırdılar. İndi bilinir ki, o pullar keçmiş rəhbərliyin cibinə gedirdi. Mən azad edilmiş torpaqlara dəfələrlə gəlmişəm. Burada olan səfalət bəlkə də dünyanın heç bir yerində yoxdur. Bəs, nə ediblər onlar? Hamısı yalan idi, saxta idi, tarixi necə saxtalaşdırıblar, reallığı da elə saxtalaşdırıblar. Onların şəbəkələri dünyanın müxtəlif paytaxtlarında fəaliyyət göstərir, saxta məlumat ötürür və bu saxta məlumat ətrafında sonra müzakirələr gedir və olmayan şeyləri reallıq kimi qələmə verirdilər.

Biz Şuşanı bərpa edəcəyik, mütləq bərpa edəcəyik. Artıq bərpa işlərinə start verildi. Bu gün Şuşada olarkən artıq verdiyim tapşırıqların yerinə yetirilməsi ilə tanış oluram. Biz nəinki Şuşanı, azad edilmiş bütün torpaqları bərpa edəcəyik. Quruculuq işləri başlamışdır, infrastruktur layihələrinə start verilmişdir. Ziyanın hesablanması aparılır, şəhərlərin baş planları hazırlanır. Birinci növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə baş planı hazırlanır, onun ilkin versiyası mənə təqdim edildi. Mənim tapşırıqlarımı nəzərə almaq şərtilə indi bunun üzərində iş gedir və yaxın gələcəkdə baş plan təsdiq olunacaq. Ondan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq. Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır.

Şuşada olarkən insan Azərbaycan xalqının böyüklüyünü bir daha dərk edir. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq. Biz hətta o satqınlığı, o xəyanəti edən AXC-Müsavat cütlüyünün mənfur liderlərinə layiq olduqları cəzanı verməmişdik. Halbuki onlar istənilən cəzaya layiqdirlər. Biz bu vəziyyətlə barışmadıq və mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi.

Bizim müharibəmiz - İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik. Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”

https://president.az/articles

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024