Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

19/03/2026

Hörmətli həmvətənlər!

Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.

Mənəvi-əxlaqi kamilliyi və nəcib niyyətləri özündə təcəssüm etdirən, insanların ruhunu və təfəkkürünü saflaşdıran on bir ayın sultanı Ramazan artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda müsəlmanlar Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, yardımlaşma, şəfqət və mərhəmət kimi xeyirxah əməllərin sevincini yaşayırlar.

Azərbaycan yüzillərdir ki, ayrı-ayrı etiqad və inancların əmin-amanlıq şəraitində dinc yanaşı mövcud olduğu nadir məkanlardandır. Bəşəriyyəti daim sülhə, humanizmə və qardaşlığa dəvət edən İslam dini tarixən cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılmasında, qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühitinin və milli-mənəvi həmrəyliyin bərqərar olmasında müstəsna rol oynamışdır.

Əziz bacı və qardaşlarım!

Ramazan ayı hər il xalqımızın birlik və bərabərliyini daha da gücləndirir, xeyirxahlığın və savab əməllərin təntənəsinə çevrilir. Bu mübarək günlərdə dövlətimizin əmin-amanlığı, firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qoşulur, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm.

Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Allah orucunuzu və dualarınızı qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 mart 2026-cı il

Xəbərlər

BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb
30/04/2026

BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib

BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib
30/04/2026

BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir

BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir
30/04/2026