Azərbaycanda Özbəkistan Elm və Mədəniyyət Günləri çərçivəsində BDU-nun elmi ictimaiyyəti ilə görüş

25/01/2024

Azərbaycanda Özbəkistan Elm və Mədəniyyət Günləri çərçivəsində bu ölkənin nümayəndə heyətinin Bakı Dövlət Universitetinin (BDU) elmi ictimaiyyəti ilə görüşü keçirilib.

Əvvəlcə Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndirilib.

Tədbirin açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev Azərbaycan və Özbəkistanın ortaq kökə, tarixə malik qardaş ölkələr olduğunu bildirib. Yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi sayəsində uğurlu və dinamik əməkdaşlıq modelinə çevrilib. Son illər Azərbaycan və Özbəkistan arasında iqtisadi, siyasi əməkdaşlıq nəzərəçarpacaq dərəcədə artıb. Enerji, nəqliyyat və infrastruktur sahələrində birgə layihələrin həyata keçirilməsi hər iki ölkə üçün prioritet məsələyə çevrilib. Yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsi, danışıqların aparılması və mühüm sazişlərin imzalanması hər iki ölkənin siyasi səviyyədə uğurlu əməkdaşlığını nümayiş etdirir. Diplomatik prosesin mühüm elementlərindən biri də mədəniyyət, təhsil və elm sahəsində təcrübə mübadiləsidir. Bu, xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə kömək edir.

Rektor qeyd edib ki, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq, informasiya mübadiləsi də müasir dünyanın çağırışları, təhdidləri fonunda hər iki ölkə üçün getdikcə əhəmiyyət kəsb edir və regionun təhlükəsizlik strategiyasının mühüm elementinə çevrilir. Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında yeni mərhələ təkcə iqtisadi və siyasi əməkdaşlığın möhkəmlənməsi deyil, həm də xalqlar arasında etimadın və qarşılıqlı anlaşmanın genişlənməsi ilə əlamətdardır. Azərbaycan və Özbəkistan arasında strateji əməkdaşlıq akademik mühitimizi zənginləşdirməklə yanaşı, həm də ölkələrimizdə təhsilin, elmin və mədəniyyətin inkişafı üçün əsas amildir: “Biz bunu birgə tədqiqat layihələrinin inkişafı, bilik və təcrübə mübadiləsi, hər iki ölkənin tələbələri və alimləri üçün yeni imkanlar yaratmaq baxımından münbit zəmin kimi görürük. Füzuli rayonunda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xeyir-duası ilə ərsəyə gələn Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı çox əhəmiyyətlidir. Bu məktəb təkcə təhsil məkanına deyil, həm də türk dünyasının ümid, dirçəliş, qardaşlıq rəmzinə çevrilib”.

Elçin Babayev diqqətə çatdırıb ki, son illər BDU Özbəkistanın universitetləri ilə əməkdaşlığı daha da gücləndirib. BDU Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti, Abdulla Qədiri adına Çizak Dövlət Pedaqoji Universiteti, Daşkənd Hüquq Universiteti və Özbəkistanın digər görkəmli təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri imzalayıb: “Əməkdaşlığımız təkcə təhsil sahəsi ilə məhdudlaşmır. BDU Buxara Dövlət Universiteti və Buxara Mühəndislik və Texnologiya İnstitutu ilə müqavilələr imzalayaraq, elm və mədəniyyət sahəsində tərəfdaşlığı fəal şəkildə inkişaf etdirir. Bu gün Özbəkistan Elmlər Akademiyasının Astronomiya İnstitutu ilə imzalanacaq əməkdaşlıq müqaviləsi də astronomiya və kosmik elmlər sahəsində tədqiqatlarımız üçün yeni perspektivlər açır. Əminəm ki, Özbəkistan universitetləri ilə bu tərəfdaşlıq bizə qarşılıqlı inkişaf üçün çoxlu imkanlar verəcək”.

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov bildirib ki, iki ölkə arasında çoxəsrlik dostluq, qardaşlıq əlaqələri var. Azərbaycan Özbəkistanın xarici siyasətində ən önəmli tərəfdaşlardan biridir. Son iki ildə isə bu münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib: “Özbəkistan Prezidentinin sərəncamı ilə Azərbaycanda Özbəkistanın Elm və Mədəniyyət Günlərini keçiririk. Bu qərar dövlətimizin başçısının və ümumən xalqımızın qardaş Azərbaycan xalqına göstərdiyi böyük hörmət və məhəbbətin əlamətidir. Ötən ilin noyabrında Bakıda keçirilən görüşdə dövlət başçılarımız 2024-cü ili Özbəkistan-Azərbaycan çoxşaxəli əlaqələrinin intensiv inkişafı ili elan ediblər”.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin önəmindən danışıb. Qeyd edib ki, iki qardaş xalq arasında ədəbi əlaqələr günü-gündən daha da inkişaf edir.

Nümayəndə heyətinin rəhbəri, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini, akademik, hüquq elmləri doktoru, professor Akmal Saidov Azərbaycanın suverenliyinin, tarixi ədalətin bərpasının özbək xalqının da sevincinə səbəb olduğunu deyib və bu münasibətlə xalqımızı təbrik edib. O, Azərbaycan və Özbəkistan arasında müəllim-tələbə mübadiləsinin genişləndirilməsinin önəmini vurğulayıb. Bildirib ki, bununla yanaşı, hər iki ölkənin ali təhsil ocaqları qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə tədqiqatlar aparmalı, elmi sferada əməkdaşlıq etməlidirlər.

Daha sonra “Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti”nin icraçı direktoru, Nizami adına Daşkənd Pedaqoji İnstitutunun professoru Erkin Nuriddinov, Özbəkistan Elmlər Akademiyasının Mirzə Uluqbəy adına Astronomiya İnstitutunun direktoru, akademik Şuhrat Ehgamberdiev, Nizami adına Daşkənd Pedaqoji Universitetinin rektoru, professor Abdulqafor Kirgizbayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müjdat Həsənov, BDU-nun Filologiya fakültəsinin "Türkoloji araşdırmalar" elmi-tədqiqat laboratoriyasının müdiri, filologiya elmləri doktoru Ramiz Əskərov, Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasının dosenti Sənubər İsmayılova çıxışlarında tədbirin Azərbaycan-Özbəkistan əlaqələrinə verəcəyi töhfələrdən danışıblar.

Sonra BDU ilə Özbəkistan Elmlər Akademiyasının Mirzə Uluqbəy adına Astronomiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Azərbaycan-Özbəkistan ali təhsil müəssisələri və elmi-tədqiqat institutları arasında əlaqələrin genişlənməsinə verdikləri töhfələrə görə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini, akademik, hüquq elmləri doktoru, professor Akmal Saidov, Özbəkistan Elmlər Akademiyasının Mirzə Uluqbəy adına Astronomiya İnstitutunun direktoru, akademik Şuhrat Ehgamberdiev, BDU-nun Filologiya fakültəsinin "Türkoloji araşdırmalar" elmi-tədqiqat laboratoriyasının müdiri, filologiya elmləri doktoru Ramiz Əskərov Fəxri Fərmanla təltif olunublar.

Tədbir BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin təqdimatında Azərbaycan və Özbəkistan xalqlarının mahnı və rəqslərindən ibarət bədii hissə ilə davam edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024